Məhkəmə qərarları › İş №2-1(120)-135/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-135/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-135/2020 20.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (təqaüdçü, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan) və Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X1 (ali təhsilli, Dövlət Sosial X2 rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, ünvan 3 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «sosial sığorta stajı müəyyən edilərək təyin edilmiş əmək pensiyasının 01.07.2011-ci il tarixdən 01.10.2015-cil tarixədək yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 01 iyul 1943-cü il tarixdə Cəlilabad rayonu, Ləkin kəndində doğulmuşdur. Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatdadır. O, 05.05.1969-15.06.1971-ci illərdə Əli- Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işləmişdir. İddiaçıya 29.09.2002-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 05.05.1969-15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş əmək pensiyasının 2011-ci il tarixdən yenidən hesablanıb ödənilməsi üçün cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh 12.09.2019-cu tarixli **********0 saylı məktubunda əmək stajı hesablanan zaman hesablanmamış əmək stajının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1.1-ci maddəsinə görə müraciət etdiyi 03.10.2018-ci il tarixdən 3 (üç) il geriyə hesablanaraq ödənildiyini qeyd edərək, iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 05.05.1969-cu il tarixdən 15.06.1971-ci il tarixədək Əli-Bayramlı şəhər xəstəxanasında tibb işçisi işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə ona yaşa görə təyin edilmiş əmək pensiyasının 2011-ci ildən 2015-ci ilədək yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. 20.02.2020-ci il tarixdə məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia ərizəsində dəqiqləşdirmə apararaq, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Dövlət Sosial X2 rayon şöbəsinin qəbul edilməsini, iddia tələbinə onun 05.05.1969-cu ildən 15.06.1971ci il tarixədək Əli-Bayramlı şəhər xəstəxanasında tibb işçisi işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə təyin edilmiş əmək pensiyasının 01.07.2011-ci il tarixdən 01.10.2015-ci ilədək olan dövrlər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2-1(120)-135/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında izahat verərək, bildirdi ki, o, 05.05.1969- 15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işləmişdir. 05.05.1969- 15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, təyin edilmiş əmək pensiyasının 2011-ci il tarixdən 2015ci il tarixədək hesablanıb ödənilməsi üçün Dövlət Sosial X2 rayon şöbəsinə ərizə ilə müraciət etsə də, ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı 29.09.2002-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunub. 03 oktyabr 2018-ci il tarixdə vətəndaş 05.05.1969-cu il tarixdən 15.06.1971-ci il tarixədək Əli-Bayramlı şəhər xəstəxanasında olan iş stajı əvvəllər əmək kitabçasında yazılmadığı üçün və həmin müəssisə hal-hazırda fəaliyyət göstərməsi ilə əlaqədar iş stajını əmək kitabçasına qeyd etdirib, şöbəyə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1.1-ci maddəsinə görə vətəndaşın müraciət etdiyi tarixdən üç il geriyə, yəni 01.10.2015-ci il tarixdən hesablanaraq ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan şəhər filialının arxiv arayışını, cavabdehin imtina məktubu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı 01 iyul 1943-cü il tarixdə doğulmuşdur. İddiaçıya 29.09.2002-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçının 05.05.1969-15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş əmək pensiyası 03.10.2018-ci il tarixdən 3 (üç) il geriyə hesablanaraq ödənilmişdir. İddiaçı isə 05.05.1969- 15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işlədiyi illər sosial sığorta stajı kimi müəyyən edilərək təyin olunmuş əmək pensiyasının 01.07.2011-ci il tarixdən 01.10.2015-ci il tarixədək yenidən hesablanıb ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 05.05.1969-15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işləməsi mübahisələndirilməmiş, yalnız təyin olunmuş əmək pensiyasının 01.10.2015-ci il tarixdən 01.07.2011-ci il tarixədək hesablanıb ödənilməsi mübahisələndirilmişdir. İddiaçının 05.05.1969-15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işləməsi ona məxsus 01.03.2010-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası və Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan şəhər filialının 03.10.2018-ci il tarixli 302 saylı arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-3-cü maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Göründüyü kimi 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda əmək pensiyalarının 01 iyul 2011-ci il tarixdən yenidən hesablanıb ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya da 01.07.2017-ci il tarixədək əmək pensiyası təyin edildiyindən hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 05.05.1969- 15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin olunmuş əmək pensiyasının 01.07.2011-ci il tarixdən 01.10.2015-ci il tarixədək yenidən hesablanıb yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı 05.05.1969-15.06.1971-ci illərdə Əli-Bayramlı şəhər Mərkəzi Xəstəxanasında işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin olunmuş əmək pensiyasının 01.07.2011-ci il tarixdən 01.10.2015-ci il tarixədək yenidən hesablanıb yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar