Məhkəmə qərarları › İş №2-1(120)-1354/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1354/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1354/2024 02.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün ödənilməyən məbləğın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1354/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1354/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün ödənilməyən məbləğın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə ünvan 1ində anadan olmuşdur. İlk əmək fəaliyyətinə isə 20 oktyabr 1979-cu ildən başlamışdır. Onun əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, onun hal- hazırda əmək stajı 21 il 15 gün müəyyən edilsə də, lakin ümumi əmək stajı 25 ildən yuxarıdır. Ona görə ki, o, həmçinin 15 fevral 1996-cı il tarixdən 10 noyabr 2007-ci il tarixədək "xxxx" ASC-də istehsalat sexində fəhlə kimi işləsə də, lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Buna baxmayaraq həmin işlədiyi illər onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü o Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin cavab olaraq ona bildirmişlər ki, sığorta stajı qanunla nəzərdə tutulandan 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilinəsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bunun üçün də məhkəməyə müraciət edilməlidir. Ona görə də onun 15 fevral 1996-cı il tarixdən 10 noyabr 2007-ci il tarixədək “Xırdalan Texservis" ASC-də işləməyinin onun əmək stajına daxil edilərək həmin illərin onun əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2- 1(120)-4093/2023 nömrəli inzibati iş vardır. İddia əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir və hesab edir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Belə ki, iddiaçının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Nəticədə İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.İddiaçı ümumi iş stajı (xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək övladı X6 qulluq etdiyi müddət nəzərə alınmaqla) 21 il 15 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrində qaralama var) həmin dövrün iddiaçınının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 220 manata çatdırılmışdır. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir:“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş 6 ay müəyyən edilmişdir.Həmin Qanunun 22-1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş,hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 198 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesanlanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti keçirilməyən şəxslərin (qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələruinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdiklərin gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödəlinən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alınaraq Konstitusiya Məhkəməsinin Plenumu ilə belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yendən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavənin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, İPM 1,2-ci və 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbinə dair inzibati iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Cəlilabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-E-134715/2023 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 ii azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərd: hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asıiı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixiııədək pensiya yaş həddi qadınlar üçün 60 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 22—1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək oları sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətinə əsasən sığorta stajı (xx.xx.1998-ci ii tarixindən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək övladı X6 qulluq etdiyi müddət nəzərə alınmaqla) 21 il 15 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ii tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021 -ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən isə 220 manata çatdırılmışdır. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan xx.xx.1984-cü il tarixli, ИТ-İ№0789963 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.2007-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -İşdə olan Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli T/945 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin sənədləri saxlanması və mühafizə edilməsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********978800 nömrəli məktubunda göstərilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixdə, D-2324 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşklinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış X13 qeydiyyat iş qovluğunda X1 Birliyinin xx.xx.1997-ci il tarixli 15f nömrəli əmri ilə X2 bazası əsasında yaradılması, xx.xx.1997-ci il tarixdə 5/21 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində dövlət qeydiyyatından keçməsi və uçot-baza məlumatlarında xx.xx.1997ci il tarixdə ********* saylı VÖEN-lə (hazırkı tarixədək inventarlaşmadan keçməyərək 10 rəqəmli VÖEN almamışdır) uçota alınması barədə məlumatlar mövcuddur. -İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-12-RA/1-479 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayon X4 "Cəlilabad çörək" zavodunun əmək haqqı cədvəllərinə tərəfimizdən baxıldı. İddiaçı iş stajı barədə heç bir məlumat aşkar edilmədi. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-8688/2024 nömrəli məktubunda göstərilmişdir ki, T.Eynullayevin ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində, həmçinin ərazi üzrə xidmət göstərən 15 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkarlanmadı.Vətəndaşın əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. X7 dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-291107/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün müəyyən edilən yaş həddinə xx.xx.2018-ci il tarixdə çatmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü, TSEK arayışına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixədək övladı X6 qulluq etdiyi dövr daxil olmaqla ümumilikdə xx.xx.2006-cı il tarixinədək 21 il 15 gün sığorta stajı müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixindən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin MEİS-in “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-291107/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qadınlar üçün pensiya yaş həddi xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 60 yaş 6 ay müəyyən edilmişdir. İddiaçı sözügedən maddələrin tələblərinə əsasən xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı dair inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASCdə fəhlə işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.2007-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrü, TSEK arayışına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixədək övladı X6 qulluq etdiyi dövr daxil olmaqla ümumilikdə xx.xx.2006-cı il tarixədək 21 il 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin MEİS-in “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də fəhlə işlədiyi dövr üzrə Lerik Rayon Dövlət Arxivinin arxiv arayışında vətəndaşın adına əmək haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün cavabdeh orqanının sığorta stajına daxil etməsi mümkün hesab edilməməsi barədə mövqeyi ilə razılaşır. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də fəhlə işləməsi halı müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh orqan tərəfindən TSEK arayışına əsasən, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək övladı X6 qulluq etdiyi dövr sığorta stajı olaraq müəyyən edilmişdir. İddiaçı eyni zamanda həmin dövrlərdə "xxxx" ASC-də fəhlə işlədiyi üçün övladı X6 qulluq etdiyi dövrlə xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üst-üstə düşür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə tərəfindən hesab edilir ki, üst-üstə düşməyən dövrlər, yəni iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci ilədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də fəhlə işlədiyi dövrlər sosial siğorta stajı olaraq qəbul edilərək yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun "xxxx" ASC-nin mövcudluğu barədə sorğular göndərilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********978800 nömrəli məktubunda göstərilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixdə, D-2324 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 920 saylı sərəncamı ilə təsis edilmiş "xxxx" ASC keçmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş "xxxx" Əlaqələndirmə Firmasının bazasında yaradılmış və onun hüquqi varisidir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin birlikdə işləməsi və əmək haqqı alması, o cümlədən ASC-də fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə "xxxx" ASC mövcud olmuş, iddiaçı "xxxx" ASC-də 2007-ci ilədək işləmiş və əmək haqqı almış, sadəcə olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-ə aid sənədləri tam qaydada arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi "xxxx" ASC-də işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə "xxxx" ASC-nin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin kəndli təsərrüfatı tərəfindən müəyyən dövr üçün ASC-yə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair "xxxx" ASC-də arxiv sənədlərinin arxivə tam təhvil verilməməsi və yaxud saxlanılmaması kəndli təsərrüfatında işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı 15.1962-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün müəyyən edilən yaş həddinə xx.xx.2018-ci il tarixdə çatmışdır. Həmçinin iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən təyin edilsin və müraciət tarixindən əvvəlki 3 il yəni, xx.xx.2023-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən təyin edilsin və müraciət tarixdən əvvəlki 3 il yəni, xx.xx.2023-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar