Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1356/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı “satıcı Babayev Yusif Babaş oğlu vəfat etdiyini nəzərə alaraq bölgü planının təsdiq edilməsi mümkün olmadığından ona alqı-satqı müqaviləsi ilə aldığı hissəyə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı “satıcı Babayev Yusif Babaş oğlu vəfat etdiyini nəzərə alaraq bölgü planının təsdiq edilməsi mümkün olmadığından ona alqı-satqı müqaviləsi ilə aldığı hissəyə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi AN-İ nömrə ******* Satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 8268 saylı arayışına əsasən Babayev Yusif Babaş oğluna məxsus olan Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 7-də 0.06 ha torpaq sahəsində yerləşən 1967-ci ildə tikilmiş bir mərtəbəli 285.0 m2 ümumi 106,1 kv.m. yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı yaşayış evinin 0.06 ha faktiki həyətyanı torpaq sahəsinin 0.0045 ha-dan ibarət olan hissəsini alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyətinə verilmişdir. Göstərilən fərdi yaşayış evi və qalan 0.0555 ha həyətyanı torpaq sahəsi satılmamış və həmin evlə habelə qalan torpaq hissəsi bu alqı-satqı müqaviləsinin predmeti deyildir. Satılan evin 0.06 ha həyətyanı torpaq sahəsinin 0.0045 ha-dan ibarət olan hissəsi çıxılmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli RX- 0050287 saylı daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 79 saylı vərəqində qeydə alınmış ********** saylı dövlət reyestrindən çıxarış əsasında satıcıya məxsusdur. Müqavilə əsasında evin həyətyanı torpaq sahəsinin hissəsinin Alıcıya təhvil verilməsinin akt tərtib etməklə rəsimləşdirilməsi mümkünlüyü tərəflərə izah olunmuşdur. Amma tərəflərindən həmin müqavilədən sonra bölgü planı təsdiq edilmədiyindən reyestr çıxarışı alınmamışdır. Hazırda həmin bölgü planı hazırlansada satıcı Babayev Yusif Babaş oğlu vəfat etdiyindən aldığı hissəyə dövlət reyestrindən çıxarış ala bilməmişdir. Bu barədə DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, daha sonra cavab verilmədiyindən tərəfindən teleqram da vurulmuş, bugünə qədər müraciətə cavab verilməmişdir. Qeyd olunlara əsasən satıcı Babayev Yusif Babaş oğlu vəfat etdiyini nəzərə alaraq bölgü palanını təsdiq edilməsi mümkün olmadığından ona alqı-satqı müqaviləsi ilə aldığı hissəyə dövlət reyestrindən reyestr çıxarış verilməsi öhdəliyi cavabdeh DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, Babayev Yusif Babaş oğluna məxsus olan Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 7-də 0.06 ha torpaq sahəsində yerləşən 1967-ci ildə tikilmiş bir mərtəbəli 285.0 m2 ümumi 106,1 kv.m. yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı yaşayış evinin 0.06 ha faktiki həyətyanı torpaq sahəsinin 0.0045 ha-dan ibarət olan hissəsini İddiaçı satılmış, fərdi yaşayış evi və qalan 0.0555 ha həyətyanı torpaq sahəsi satılmamış və həmin evdə habelə qalan torpaq sahəsi bu alqı-satqı müqaviləsinin predmeti deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X5 küçəsi, ev 7 ünvanı Babayev Yusif Babaş oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X7 Xidmət Mərkəzində Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1550 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum Babayev Yusif Babaş oğlu öldükdən sonra onun adına X7 Xidmət Mərkəzində notariat ofisində heç bir vərəsəlik işi rəsmiləşdirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/7-13-850/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 15 №-li əlavəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamələrin saxlanma müddəti 1 (bir) il, ölən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin daxili işlər orqanlarının və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına təhvil verilməsi barədə siyahıların saxlanma müddəti 3 (üç) il müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı satıcı Babayev Yusif Babaş oğlu vəfat etdiyini nəzərə alaraq bölgü planının təsdiq edilməsi mümkün olmadığından ona alqı-satqı müqaviləsi ilə aldığı hissəyə dövlət reyestrindən çıxarışın verilməsini mübahisələndirir. Lakin nəzərə alınmalıdır ki, mübahisə obyekti olan əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı müvafiq müqavilə ilə aparılmışdır. Eləcə də, qeydiyyat üzrə müvafiq çıxarış verilmişdir ki, çıxarışa nəzər yetirilən zaman əmlak üzrə paylar qeyd edilsə də, naturada əmlakın müəyyən edilməsi hissəsində tərəflər arasında mübahisənin olması, razılıq saxzişinin olmaması və bölgü aktının notarial təsdiq edilməməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin naturada müəyyən edilməsi kimi bu qəbildən olan mübahisə publik xarakterli olmadığından, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlarla bağlı iddiaçıya 10 dekabr 2024-cü il tarixli 2-1(120)-4129/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, ümumi məhkəməyə (rayon və ya şəhər) müraciət etməsi bildirilmişdir. Eləcə də, məhkəmə iclasında tərəflərlə müzakirələr aparılmış, qanunvericiliyin tələbləri izah edilmiş, iddiaçı qeyd edilən alqı-satqı müqaviləsi ilə razı olmadığını bildirmişdir. İddiaçının hüquqi marağı qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi, naturada ayrılması və ayrıca çıxarışın verilməsidir. Hazırkı halda isə, paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlməsinə dair heç bir mötəbər sübut yoxdur. Həmçinin, iddiaçının ümumi mülkiyyətdəki payının MM-in 220-ci maddəsində nəzərdə tutulmuş başqa qaydada da naturada ayrılması sübuta yetirilmir. Odur ki, iddiaçı yalnız MM-nin 220-ci maddəsində qeyd edilən qaydada ümumi mülkiyyətdəki payının naturada ayrılmasına nail olduqdan sonra ona ayrıca çıxarış verilməsi barədə cavabdehə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçıların adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçı məhkəmə prosesində qeyd edilənlərə əsasən ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, aidiyyət qaydalarına uyğun olaraq müvafiq alqı-satqı müqaviləsini və ya müqavilədən doğan öhdəliklər üzrə ehtimal etdiyi hüquqlarının müdafiəsini iddia ilə ümumi (rayon, şəhər) məhkəmədə mübahisələndirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı “satıcı Babayev Yusif Babaş oğlu vəfat etdiyini nəzərə alaraq bölgü planının təsdiq edilməsi mümkün olmadığından ona alqı-satqı müqaviləsi ilə aldığı hissəyə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1356/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1356/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver