Məhkəmə qərarları › İş №2-1(120)-1358/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1358/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1358/2023 25.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “Ələsgərov” soyadının “Həsənzadə” soyadına, “Əsgər” adının “Ruslan” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “Ələsgərov” soyadının “Həsənzadə” soyadına, “Əsgər” adının “Ruslan” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Masallı rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi əsasında ad və soyadını “Həsənzadə Ruslan”dan “İddiaçı”ə dəyişdirilmişdir. “Ələsgərov” soyadının “Həsənzadə” soyadına, “Əsgər” adının “Ruslan” adına dəyişdirilməsi üçün qeydiyyat yeri üzrə Masallı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla müraciətindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Masallı rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə məhkəmədə iddia qaldırmaq üçün şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, doğum haqqında şəhadətnaməsinin, Masallı rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına məhkəmənin sorğusu əsasında göndərilmiş Masallı rayon Qeydiyyat şöbəsinin, “Masallı rayon Mərkəzi Xəstəxanası” X4, Masallı rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Astara rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iddiaçının ilkin adı və soyadı “Həsənzadə Ruslan” olmuşdur. Sonradan soyadını “Ələsgərov” soyadına, adını “Əsgər” adına dəyişdirmişdir. Hazırda o, növbəti dəfə soyadının dəyişdirilməsi öhdəliyinin cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İşdə olan Masallı rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ad və soyadını “Həsənzadə Ruslan”dan “İddiaçı”ə dəyişdirilmişdir. İşdə olan xx.xx.1978-ci il tarixli, Vİ-JQ 256595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1978-ci il tarixdə anadan olması qeyd edilmişdir. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 05Q067-09 nömrəli imtina məktubundan görünür ki, onun soyadının və adının növbəti dəfə dəyişdirilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmçinin qeyd olunmalıdır ki, həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həımin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin “iddiaçının adının və soyadının dəyişdirilməsi”ndən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, ad və soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasbətdə müəyyən edilmir. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası xx.xx.2019-cu il tarixli 2-1(102)-2535/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “Ələsgərov” soyadının “Həsənzadə” soyadına, “Əsgər” adının “Ruslan” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “Ələsgərov” soyadının “Həsənzadə” soyadına, “Əsgər” adının “Ruslan” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar