Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1361/2020 10.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara rayon filialına qarşı «sosial sığorta stajı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Astara rayonu, Kakalos kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək stajına dair sənədləri cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə təqdim edərək, müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********3 saylı məktubunda iddiaçının təqdim etdiyi əmək kitabçasında sovxozda işlədiyi müddətlər qeyd olunmadığından arxiv arayışı təqdim etdiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun arxiv arayışında göstərilən 1969-cu ilin yanvar ayından 1975-ci ilin oktyabr ayınadək Astara rayonu sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına sovxozunda iş stajının hesablanıb nəzərə alınması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, İddiaçı kimi və Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin isə cavabdeh kimi qəbul edilməsini, iddia tələbinə isə xx.xx.1970-ci il tarixdən 1975-ci ilin avqust ayınadək Astara rayon Partiyanın XXİİ qurultayı adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1361/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə Astara rayon Kakalos kəndində anadan olmuşdur. 1969-cu ilin yanvar ayından 1975-ci ilin oktyabr ayınadək Astara rayonu sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına sovxozunda fəhlə işləmişdir. Hazırda təqaüd almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə iş stajı barədə Astara rayon Dövlət Arxivinin arayışı ilə müraciət etmişdir. Ona əmək kitabçası yazılmamışdır. Hazırda iş stajı barədə təqdim etdiyi arxiv arayışının nəzərə alınmasını xahiş edir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara rayon filialının xx.xx.2020-ci il tarixli **********5 saylı münasibət məktubunda qeyd edilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara rayon filialına xx.xx.2020-ci il tarixdə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü sənədlərini təqdim etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən iddiaçıya həmin illər əmək kitabçasında qeyd edilmədiyinə görə imtina qərarı verilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğundur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 31.2-1-ci maddəsinə əsasən "Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir." Qanunun 31.2-1ci maddəsindən də aydın olur ki, “əmək kitabçası” əmək pensiyalarının təyin edilməsində, xüsusən 2006-cı ilin 1 yanvar tarixinədək sosial sığorta stajının müəyyənləşdirilməsində vacib sənəd sayılır. Arxiv arayışının təqdim edilməsi yalnız əmək kitabçası olduğu halda və yaxud qaydaların 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən əsas sənəd hesab edilə bilər. Aydın şəkildə görünür ki, bu halların heç biri mövcud olmadığına görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməmiş və tam qanuni imtina qərarı verilmişdir. İddia tələbi əsassız olduğundan işə xitam verilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və diplomun təsdiq olunmuş surətlərini, əmək kitabçasının və hərbi biletinin surətlərini, Astara rayon Dövlət Arxivinin arxiv arayışını, Astara Rayon İHB-nin Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Astara rayonunda yerləşdiyindən, iddiaçıdoğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı müddət və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının isə xx.xx.1970-ci il tarixdən 1975-ci ilin avqust ayınadək Astara rayon «Partiyanın XXİİ qurultayı» adına sovxozda işləməsi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 119 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Həmçinin məhkəmə iddiaçının texnikumda təhsil aldığı illərin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, 1992-ci il tarixdə qəbul edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda orta ixtisas məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının Astara rayon «Partiyanın XXİİ qurultayı» adına sovxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 119 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1970-ci il tarixdən 1975-ci ilin avqust ayınadək Astara rayon «Partiyanın XXİİ qurultayı» adına sovxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1970-ci il tarixdən 1975-ci ilin avqust ayınadək Astara rayon «Partiyanın XXİİ qurultayı» adına sovxozda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1970-ci il tarixdən 1975-ci ilin avqust ayınadək Astara rayon «Partiyanın XXİİ qurultayı» adına sovxozda işləməsi barədə Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 119 nömrəli arxiv arayışında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona xx.xx.2020ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı xx.xx.1970-ci il tarixdən 1975-ci ilin avqust ayınadək Astara rayon «Partiyanın XXİİ qurultayı» adına sovxozda işləməsi barədə Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 119 nömrəli arxiv arayışında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara rayon filialının üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov