Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1362/2021 06.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 (Kürdəmir rayonu, Xınıslı kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Saatlı rayonu, Əlisoltanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 16 iyun 2021-ci il tarixli, **********4 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işlədiyi müddətin sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1956-cı ildə anadan olmuş, sovet ordusunda xidmət etmiş, kolxozda işləmişdir. Lakin 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işlədiyi dövr əmək kitabçasında qeyd olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət etmiş, həmin filialın 16.06.2021-ci il tarixli cavab məktubu ilə ona 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Vətəndaşın müraciəti regional ərazi filialı tərəfindən 16.06.2021-ci il tarixli, **********4 nömrəli imtina məktubu ilə cavablandırılmışdır. Məktuba əsasən vətəndaşın 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işləməsi əmək kitabçasında yazılmadığı üçün qanunvericiliyin tələblərinə əsasən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasının mümkün hesab edilmədiyi müəyyən olunur. İddiaçı pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halını mübahisələndirmir. Yəni, iddiaçı birinci deyil, ikinci halın təsir dairəsinə düşdüyünü iddia edir. İkinci halın təsir dairəsinə düşmək üçün isə iddiaçı ən azı 25 illik sığorta stajına malik olduğunu təsdiqləyən subutları cavabdehə və məhkəməyə təqdim etməli idi. İddiaçı 25 illik sığorta stajına sahib olmasını təsdiqləyən tək subut kimi X5 filialının verdiyi 10.03.2021-ci il tarixli, 77 nömrəli arayışına istinad etməkdədir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçı 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 29.02.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Saatlı rayonu, Əlisoltanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 15.04.1980-cı il tarixli, BТ 036857 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildə Bakı Politexnikumunun gündüz şöbəsinə “Topoqrafiya” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan X5 filialının 10.03.2021-ci il tarixli, 77 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işləmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 17.03.2021-ci il tarixli, 723 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı 06.05.1974-cü il tarixdən 03.05.1977-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət keçmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 16.06.2021-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işləməsi barədə iş stajı arxiv arayışı əsasında təqdim etmiş və bu barədə müvafiq qeydlər aparılmış əmək kitabçası təqdim etməmişdir. Bu səbəbdən yaşa görə əmək pensiyasının təyin olunması “Əmək pensiyaları haqqında” Qanunun müvafiq tələblərinə uyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin məhkəməyə ünvanladığı 29.07.2021-ci il tarixli, 1818-58/12 nömrəli məktubuna əlavə edilmiş 28.07.2021-ci il tarixli, 470 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 27.08.1973-cü il 151-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasına daxil olmuşdur. 04.05.1974-cü il 91-c saylı əmrə əsasən hərbi xidmətə çağırılmışdır. 26.05.1977-ci il 146-c saylı əmrə əsasən hərbi xidmətdən qayıtmışdır. 14.04.1980-cı il 127-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasını bitirmiş Dövlət ixtisas komissiyasının qərarı ilə ona “texnik-topoqraf” ixtisas dərəcəsi və BТ 036857 nömrəli diplom verilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının “məlumatın təqdim olunması haqqında” 01.12.2021-ci il tarixli, **********3 nömrəli xidməti məktubun təqdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı 19.04.2021-ci il tarixdə ilkin olaraq filiala müraciət etmiş, onun yaşa görə əmək pensiyası hüququ 29.02.2021-ci il tarixdə yaranmışdır. İddiaçı X5 filialının 10.03.2021-ci il tarixli, 77 nömrəli arayışına əsasən 1980-1998-ci illərdə Saatlı rayon Sabir adına kolxozda işləmişdir. Həmin arayışa əsasən 18 il 8 ay 16 gün sosial sığorta stajı olan İddiaçı müvafiq illərdə əmək fəaliyyətində olmasına dair qeydiyyat aparmış əmək kitabçası təqdim etməmişdir. Bu səbəbdən iddiaçının 1980-1998-ci illərdə Saatlı rayon Sabir adına kolxozda işlədiyi illər mübahisələndirilən sosial sığorta stajı hesab olunur. İddiaçının SHXÇDX-nin 17.03.2021-ci il tarixli, 723 nömrəli arayışına əsasən 2 il 11 ay 27 gün sığorta stajı (06.05.1974-03.05.1977-ci illəri əhatə edən hərbi xidmət dövrü) mübahisələndirilməyən sosial stajı hesab olunur. İddiaçının BT 036857 nömrəli diploma və Bakı Texniki Kollecin 17.09.2021-ci il tarixli, 482 nömrəli arayışına əsasən 3 il 6 ay 25 gün sığorta stajı (27.08.1973-04.05.1974-cü, 26.05.1977-14.04.1980-ci illəri əhatə edən təhsil illəri) mübahisələndirilməyən sosial sığorta stajı hesab olunur. İddiaçının sosial sığorta stajı haqqında təqdim etdiyi sənədlərə əsasən ümimilikdə 25 il 3 ay 8 gün sığorta stajı mövcuddur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 10.03.2021-ci il tarixli, 77 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X5 filialının 10.03.2021-ci il tarixli, 77 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi, iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Eyni zamanda məhkəmə X5 filialının 10.03.2021-ci il tarixli, 77 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı aşağıdakı normaları qeyd edir: “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. X5 filialının 10.03.2021-ci il tarixli, 77 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozda minimum əmək iştirakı normasını tam yerinə yetirmişdir və belə olan halda həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri, hərbi xidmət müddəti və təhsil aldığı illər nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işlədiyi müddət sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1980-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozunda işlədiyi müddət sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1362/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1362/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver