Məhkəmə qərarları › İş №2-1(120)-1364/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1364/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1364/2021 10.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdusi oğlu İddiaçı cavabdeh Laçın rayon Təhsil Şöbəsinə qarşı “1975-1985-ci illərdə Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil almağı və qeyd edilən məktəbi bitirməyi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Laçın rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1975-1985-ci illərdə Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil almağı və qeyd edilən məktəbi bitirməyi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 16 iyul 2021-ci il tarixli 2-1(120)-1364/2021 saylı hüquqi yardım məktubu ilə iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuş və hüquqi yardım məktubuna yazılı münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmişdir. Məhkəmənin məktubu iddiaçı tərəfindən rəsmi şəkildə əldə edilməsinə baxmayaraq iddiaçı öz yazılı münasibətini müəyyən edilmiş vaxt ərzində məhkəməyə təqdim etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddiaçının iddia tələbindən görünür ki, o, 1975-1985-ci illərdə Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil alması və qeyd edilən məktəbi bitirməyi barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Laçın rayon Təhsil Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Laçın rayon Təhsil Şöbəsinin 04.06.2021-ci il tarixli, 14 nömrəli məktubundan görünür ki, iddiaçının Laçın rayonu Qarıkaha kənd orta məktəbini bitirməsini təsdiq edən sənədlər məlum hadisələrlə əlaqədar olaraq işğal zonasında qalmışdır. Ona görə də, iddiaçıya Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil alıbalmaması haqqında arayışın verilməsi mümkün deyildir. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının tələb etdiyi dövrlərdə - 1975-1985-ci illərdə Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil alması və qeyd edilən məktəbi bitirməsinə dair müvafiq məlumat və sənədlər cavabdeh inzibati orqanda mövcud deyildir. İddiaçının tələb etdiyi dövrlərə aid məlumat və sənədlərin inzibati orqanda və ya ümumiyyətlə olmadığı təqdirdə inzibati orqandan yəni cavabdehdən həmin dövrlərə aid məlumatı əks etdirən sənədin verilməsinin tələb edilməsi düzgün deyildir. Yəni göründüyü kimi inzibati orqan yəni cavabdeh iddiaçının hüququnu və qanunla qorunan maraqlarını pozmamışdır. Məhkəmə iddiaçının gələcəkdə çətinliklərlə rastlaşmaması üçün izah edir ki, 1975- 1985-ci illərdə Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil alması və qeyd edilən məktəbi bitirməsinə dair müvafiq sənədlərin əldə edilməsi və bərpası mümkün olmadıqı təqdirdə, həmin faktın təsdiq edilməsi ilə bağlı ümumi rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi iddiaçı hüquqi marağına uyğun ərizədə göstərilən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsindən ötrü məhkəməyə müraciət edə bilər ki, həmin işə inzibati icraat qaydasında deyil, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXXİ fəslinə əsasən xüsusi icraat qaydasında ümumi (rayon və ya şəhər) məhkəmələrdə baxılır. Bunun üçün iddiaçı xüsusi icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Laçın rayon Təhsil Şöbəsinə qarşı “1975-1985-ci illərdə Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil alması və qeyd edilən məktəbi bitirməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Laçın rayon Təhsil Şöbəsinə qarşı “1975-1985-ci illərdə Laçın rayon Qarıkaha kənd orta məktəbində təhsil alması və qeyd edilən məktəbi bitirməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsiilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar