Məhkəmə qərarları › İş №2-1(120)-1366/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1366/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1366/2025 23.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Biləsuvar rayon Təhsil Şöbəsinə qarşı “İbişli Elsevər Nahid oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi təhsil müəssisəsinə aparıb-gətirmək üçün 2012-2021-ci illər üzrə müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdehlər Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Biləsuvar rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İbişli Elsevər Nahid oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi təhsil müəssisəsinə aparıb-gətirmək üçün 2012-2021-ci illər üzrə müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Biləsuvar rayon Təhsil Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Biləsuvar rayon Təhsil Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı İbişli Elsevər Nahid oğlu sağlamlıq imkanları məhdud uşaq kimi təhsil müəssisəsinə aparıb-gətirmək üçün 2012-2021-ci illər üzrə müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir və cavabdeh qismində Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yönəlmişdir. Belə ki, İbişli Elsevər Nahid oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi təhsil müəssisəsinə aparıb-gətirmək üçün 2012-2021-ci illər üzrə müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbi Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yönələ bilməz. Başqa sözlə hazırki iş üzrə cavabdeh tələbə cavab verən inzibati orqan deyildir. Məhkəmə iddiaçıya izah edərək bildirir ki, iddiaçının həmin tələbinə cavab verməli orqan Biləsuvar rayon Təhsil Şöbəsi olmalıdır. Odur ki, iddiaçı iddia hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq əsl cavabdeh inzibati orqan – Biləsuvar rayon Təhsil Şöbəsinə müraciət etməli və cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə iddiaçı yeni iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət etməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli 2-1(120)- 4151/2024 saylı məktubla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Biləsuvar rayon Təhsil Şöbəsinə qarşı “İbişli Elsevər Nahid oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi təhsil müəssisəsinə aparıb-gətirmək üçün 2012-2021-ci illər üzrə müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Dövlət Sosial X2 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Biləsuvar rayon Təhsil Şöbəsinə qarşı “İbişli Elsevər Nahid oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi təhsil müəssisəsinə aparıb-gətirmək üçün 2012-2021-ci illər üzrə müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar