Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1368/2024 18.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “oğlu xx.xx.1995-ci il təvəllüdlü X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “oğlu xx.xx.1995-ci il təvəllüdlü X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X11 onun oğludur. X2 xx.xx.1995-ci il tarixdə dünyaya gəlmişdir. X1 Müharibəsində iştirak etmiş və Qazi olmuşdur. Məcburi köçkün kimi Biləsuvar rayonunda məskunlaşmışlar, oğlum 21 dekabr 1995-ci il təvəllüdlü X9 22 may 2022-ci il tarixdə yaşadığı Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı qəsəbənin 198 saylı evin həyətində olan yardımçı tikilidən iplə özünü asaraq intihar etmişdir. Oğlu özünü öldürməsi faktı ilə bağlı Cəbrayıl rayon prakurorluğunda araşdırma aparılmış və cinayət hadisəsi olmadığından cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi oğlu X9 22 may 2022-ci il tarixdə ölməsi faktı Cəbrayıl rayon prakurorluğunun 22 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Lakin Cəbrayıl rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi arayış təqdim olunmadığından ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən də oğlunun ölümü haqqında (forma 066) tibbi şəhadətnamə verməkdən də imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilmişdir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı olunmalı və onun üzərində qeydlərin nömrəsi ölümün qeydiyyat tarixi yazılmalıdır, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Oğlu 21 dekabr 1995-ci il təvəllüdlü X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli real yardımlar edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.1996-cı il tarixli, XİX-ЖГ 279797 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 891 nömrəli məktubunda qeyd edilmişdir ki, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən, rayonun Sarıcallı kənd sakini, Biləsuvar rayonu ərazisi, 1 saylı qəsəbə, ev-198 də yaşayan xx.xx.1995-ci il təvəllüdlü X6, ondan ötəri ki, O, xx.xx.2022- ci il tarixdə saat 19:00 radələrində özünü asmış onun meyidi təxminən 20:10 radələrində “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası”-nm həyətində olan morqa gətirilmişdir. Cəbrayıl Rayon Prokuroru Ramiz Əliyev və Prokurorluq əməkdaşlarının iştirakı ilə İmişli Rayon Mərkəzi X3 həkimi Şaiq tərəfindən meyidə baxış keçirilmiş ekspertiza aparılmışdır.Yuxardakıları əsas götürərək “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası mərhumun ölüm haqqında (forma 066) Tibbi Şəhadətnaməni verə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-31/3-7/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 21 dekabr 1995-ci il təvəllüdlü mərhum X7 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün yaşadığı qəsəbə üzrə ərazi nümayəndəlikdən mərhumun öldüyünə dair arayış alınmalı, Cəbrayıl rayon Prokurorluğu araşdırma aparması ilə bağlı sənədlər toplanılaraq Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsinə (Şirvan şəhəri, H. Z. Tağıyev küçəsi 10) müraciət edilməlidir. Sonda isə məhkəmənin çıxardığı qərar əsasında Cəbrayıl Rayon icra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 189 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon Qeydiyyat şöbəsinə ölüm haqqında tibbi arayış təqdim olunmadığına görə ölüm haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18-1-31/2-76/2023 nömrəli məktubundan görünür ki, 21 dekabr 1995-ci ildə anadan olmuş X9 22 may 2022-ci il tarixdə yaşadığı 1 saylı qəsəbə ev 198-də yardımçı binada özünü asaraq intihar etmişdir. Mərhumun meyiti müayinə olunması üçün “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin morquna gətirilmişdir. Həmin faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırılma aparılaraq müvafiq qərar qəbul edilmişdir. Məktubunuzda göstərdiklərimizdən əlavə məhkəməyə təqdim edəcəyi heç bir subut olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Cəbrayıl rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13 çıx-24 nömrəli məktubuna X4 yaşadığı evdə intihar etməsi əsasında Cəbrayıl rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə staj or X10 tərəfindən aparılmış araşdırma üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərarını əlavə etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı xx.xx.1995-ci il təvəllüdlü mərhum X2nun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin hazırki iddia tələbi üzrə cavabdeh qismində qeyd olunmuş Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq olunmuş “X8”nda inzibati orqan kimi göstərilməmişdir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hazırki tələb üzrə Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi iddiaçı tərəfindən irəli sürülən tələb üzrə cavabdeh olduğu üçün Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi inzibati orqan olmadığına görə iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - Həmin Məcəllənin 194-cü maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na görə - (8.1-ci bənd) Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; - (8.5-ci bənd) Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır.Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci bəndinə görə bu qayda «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. Həmin Qaydanın 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanatorkurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.4-cü bəndinə görə aşağıdakı hallarda tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: (4.4.1) hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; - (4.4.2) infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; - (4.4.3) tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; - (4.4.4) zorakı ölümə şübhə olduğu hallarda; - (4.4.5) ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; - (4.4.6) ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. - Həmin Qaydanın 4.5-ci bəndinə görə ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. - Həmin Qaydanın 5.3-cü bəndinə görə şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1-1.5-ci bəndlər) Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir.. Əlavə olaraq məhkəmə iclasında İddiaçı iddiasının mülki xarakterli olduğu və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət müraciət etmək hüququ izah olunmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “oğlu xx.xx.1995-ci il təvəllüdlü X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1368/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1368/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver