Məhkəmə qərarları › İş №2-1(120)-1371/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1371/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1371/2021 16.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, iddiaçının nümayəndəsi və vəkili X11 (Lənkəran rayonu, Sutəmurdov kəndində qeydiyyatda olan), cavabdehin nümayəndəsi X6 (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi məhəllə 523, ev 18 A, mənzil 42-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialına qarşı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Masallı rayonu, Boradigah qəsəbəsi, M.P.Vaqif küçəsi ev 6-da yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 16 iyun 2021-ci il tarixli, **********3 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kəndtikinti” birliyinin X14 tikinti trestinin Masallı rayon təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində 03.07.1989-cu il tarixdən 26.09.1990-cı il tarixə kimi mühəndis vəzifəsində işlədiyi illərin, 26.09.1990-cı il tarixdən 06.09.1993-cü il tarixə kimi X14 tikinti trestində müvəqqəti olaraq Masallı rayon THİQS-nin rəisi vəzifəsində işlədiyi illərin, 06.09.1993-cü il tarixdən 24.02.1994-cü il tarixə kimi Masallı rayon THİQS-nin baş mühəndisi vəzifəsində işlədiyi illərin iş stajı kimi müəyyən edərək pensiyanın hesablanması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 20.09.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, 03.07.1989-24.02.1994-cü illərdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Masallı rayonunun Mollaoba kəndində anadan olub və hazırda da həmin ünvanda yaşayır. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1978-ci ildə həmin institutun adı dəyişdirildikdən sonra Azərbaycan Mühəndis-İnşaat İnstitutunun su təchizat və kanalizasiya ixtisası üzrə tam kursu bitirərək inşaat mühəndisi ixtisası almış və ona bu barədə 28.09.1978-ci il tarixdə Q-İ 037084 nömrəli diplom verilmişdir. İddiaçı 17 oktyabr 1978-ci ildə əmək fəaliyyətinə başlamış və həmin tarixdə, yəni 17 oktyabr 1978-ci il tarixli 2/k nömrəli əmrlə Rusiya Federasiyası Taqanroq kombayn zavodunda usta-çilingər kimi işə qəbul edilmiş, 03 yanvar 1979- cu il tarixdə köçürmə yolu ilə Rostov ixtisaslaşdırılmış quraşdırma idarəsinə usta vəzifəsinə köçürülmüş, 08 yanvar 1979-cu ildə 74 nömrəli əmr ilə usta vəzifəsinə təyin edilmişdir. 15 oktyabr 1979-cu il tarixdə 165 nömrəli əmr ilə iş icraçısı vəzifəsinə təyin edilmiş, 07 iyul 1980-cı il tarixdə öz ərizəsi ilə 79 nömrəli əmr ilə işdən azad edilmiş və 126 nömrəli əmr ilə Masallı Quraşdırma idarəsinə 5-ci dərəcəli çilingər kimi işə qəbul edilmiş, 05 may 1986-cı il tarixli 67-K/5 nömrəli əmr ilə Plan İstehsalat şöbəsinə mühəndis kimi işə götürülmüş həmin idarənin adı dəyişdirildikdən sonra 113-KB nömrəli əmr ilə X2 İdarəsi adlandırılmışdır. 03 iyul 1989-cu il tarixli 91 KB nömrəli əmr ilə X14 Tikinti Tərkibində yeni yaranmış X3 X10 işə keçirilmiş, həmin tarixdə 02 nömrəli əmr ilə X3 Hesablı Quraşdırma Sahəsinə mühəndis təyin edilmiş, 01 fevral 1990-cı il tarixdə 02 nömrəli əmrlə ərizəsinə əsasən ştat cədvəlinə uyğun olaraq aparıcı mühəndis vəzifəsinə təyin olunmuşdur. Daha sonra 26 sentyabr 1990-cı il tarixli 102-A nömrəli əmr ilə müvəqqəti olaraq həmin idarəyə rəis vəzifəsinə təyin edilmiş, 28 dekabr 1990-cı il tarixdə Trestin Strukturası və adının dəyişdirilməsi ilə əlaqədar olaraq idarənin adı «Kənd Tikinti» X1 Kənd tikinti İstehsalat Kombinatının Masallı rayonu 11 nömrəli İSMD-yəni səyyər Mexanikləşdirilmiş Dəstə adlandırılmışdır. 06 sentyabr 1993-cü il tarixli 56-K nömrəli əmr ilə həmin idarədə baş mühəndis vəzifəsinə təyin edilmiş, 01 mart 1994-cü il tarixli 10-K nömrəli əmr ilə öz ərizəsi ilə əlaqədar olaraq işdən azad edilmiş və müəyyən müddət ərzində təsərrüfat ilə məşğul olmuşdur. Daha sonra, yəni 23 yanvar 2000-ci il tarixdə Masallı rayonu Mollaoba bələdiyyəsinin sədri vəzifəsinə seçilmiş və bu barədə həmin tarixdə 01 nömrəli əmr verilmişdir. 28 yanvar 2005-ci il tarixdə səlahiyyət müddətim bitdiyi üçün bələdiyyə sədri vəzifəsindən azad olunmuş, 03 nömrəli əmr ilə bələdiyyədə kargüzar vəzifəsinə təyin olunmuş, 03 mart 2010-cu il tarixdə 55 nömrəli əmr ilə öz xahişi ilə işdən azad edilmişmişdir. Müəyyən müddət ərzində səhəti ilə əlaqədar olaraq işləməmiş və yalnız 2019-2020-ci il tarixlərdə vergi ödəyicisi olaraq VOEN əsasında sahibkarlıqla məşğul olmuşdur. Həmin illərdə əmək haqqı almış, göstərdiyi illər üzrə işə qəbul və azad edilməyi barədə əmrlərin hamısı əmək kitabçamda öz əksini tapmışdır. Ancaq sabiq “X9 Sahəsi'-nin (THQS) və ya "11 sayiı ixtisaslaşdırılmış X5'-nin (İSMD-11, CnMK-11) sənədləri, o cümlədən, THQS-nin və ya İSMD-11-ın əmr kitabları, əmək haqqı cədvəlləri, əmək kitabçaları və onların qeydiyyatı kitabları və s., Masallı Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən onun THQS-də və ya İSMD-11-də işləməyi və əmək haqqı almağı barədə məlumatın verilməsi imkan xaricində olmuş və bu barədə Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxiv tərəfindən 01 mart 2021-ci il tarixli 71/1 nömrəli arxiv arayışı təqdim edilmişdir. 2021-ci ilin fevral ayından başlayaraq hər ay 130 manat sosial pensiya alır. Hazırda əmək pensiyası təyin edilməsindən ötrü ilk olaraq Dövlət Sosial Müdafiə X17 Şəxsin 8 saylı Regional Ərazi filialına müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə X17 Şəxsin 8 saylı Regional Ərazi filiali ona 16 iyun 2021-ci il tarixdə **********3 nömrəli məktubla cavab ünvanlayaraq təqdim etdiyi sənədlərə əsasən 26 il 9 ay sığorta stajının olduğunu qeyd etsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə əsasən işçinin işə götürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti iş stajına daxil edildiyi əsas götürülərək mənə yaşa görə əmək pensiyası hüququ təyin edilməsindən imtina edilmişdir. məhkəmə qaydasında təsdiq olunduqdan sonra mənə həmin illərin pensiyasının hesablana biləcəyi göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının yaşa görə pensiya hüququ 65 yaşla, 01.02.2021-ci il tarixdən yaranır. İş materiallarında olan iddiaçını əmk kitabçası, əyani təhsil müddəti ilə birlikdə mübahisələndirilməyən sosial sığorta stajı 21 il 10 ay təşkil edir. İddiaçı mübahisələndirilən sosial sığorta stajı 03.07.1989-cu il tarixdən 24.02.1994-cü il tarixədək Masallı rayon 11 nömrəli X4 Dəstədə və 2005-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında Mollaoba bələdiyyəsində işlədiyini iddia etdiyi dövrlərdir ki, bu da ümumilikdə 4 il 11 ay təşkil edir. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 21 il 10 ay münasibətdə iddiaçı Z.F. Baxşəliyevin 19411.06 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. Göründüyü kimi iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 01.02.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının 03.07.1989-24.02.1994-cü illərdə işlədiyi müddət nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Masallı rayonu, Boradigah qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 6-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 28.09.1978-ci il tarixli, 037084 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda su təchizat və kanalizasiya ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 17.10.1978-ci il tarixdən 28.12.1990-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan iddiaçıya məxsus 06.09.1993-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06.09.1993-cü il tarixdən 03.03.2010-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Masallı rayon Dövlət Arxivinin 01.03.2021-ci il tarixli, A-71 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01.09.1980-cı il tarixli, 126/3 nömrəli əmrlə, sabiq “Quraşdırma İdarəsi”nə 5-ci dərəcəli çilingər santexnik qəbul edilmişdir. “Quraşdırma İdarəsi”nin 29.06.1989-cu ildən 02.01.1990-cı ilə kimi olan əmr kitabları arxivə verilmədiyindən, işdən çıxma və ya köçürülmə əmri tapılmadı, lakin 1989-cu ilin iyun ayında inzibati idarə işçiləri ilə son əmək haqqı almışdır. İşdə olan Masallı rayon Boradigah bələdiyyəsinin 20.04.2021-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, İddiaçı 23.01.2000-ci ildən 28.01.2005-ci il tarixədək 01 nömrəli əmrlə bələdiyyənin sədri vəzifəsində, 18.01.2005-ci il tarixədək isə 03 nömrəli əmrlə kargüzar vəzifəsində işləmiş, işlədiyi dövrdə əmək haqqı almışdır. İşdə olan "xxxx" ASC-nin 05.05.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı “Kəndtikinti” birliyinin "xxxx" Trestinin Masallı rayon Təsərrüfat hesablı İxtisasquraşdırma sahəsinə (THİQS) mühəndis vəzifəsinə təyin olunmuşdur. Sonradan "xxxx" Trestinin 102/a saylı 26.09.90-cı il tarixli əmri ilə İddiaçı müvəqqəti olaraq Masallı rayon THİQS-nin rəisi vəzifəsinə təyin olunmuşdur. 28.12.1990-cı ildən etibarən Masallı rayon THİQS-nin adı dəyişdirilərək 11 saylı Masallı rayon İSMD adlandırılmış və "xxxx" İstehsalat Kombinatının 06.09.1993-cü il 56/k saylı əmri ilə İddiaçı baş mühəndis vəzifəsinə təyin olunmuşdur. “İxtisaslaşdırmakəndtikintiistehsalat” Kombinatının 24.02.1994-cü il tarixli, 10/k saylı əmri ilə İddiaçı işdən azad edilmişdir. 11.04.1996-cı ildə 11 saylı İSMD-nin fəaliyyəti dayandırılmışdır. İdarənin sənədləri 06.09.1993-cü ildən rəis vəzifəsində işləmiş Kərimov Xanəli İ. Oğlu tərəfindən "xxxx" ASC-nin arxivinə təhvil verilmişdir. Amma, rəhbərlik 11 saylı İSMD-nin fəaliyyət göstərdiyi dövrlər üçün işçilərə verdiyi əmək haqqında, o cümlədən İddiaçı da, əmək haqları haqqında "xxxx" ASC-nin arxivinə əmək haqqı hesablaşma kitablarını təhvil verməmişdir. Ona görə də, "xxxx" ASC-nin arxivində İddiaçı aid əmək haqları haqqında hesablaşma sənədləri yoxdur. “Kəndtikinti” birliyinin "xxxx" tresti struktur dəyişikliyi aparıldıqdan sonra "xxxx" Kombinatı adlandırılmış və Azərbaycan Respublikası İİN-nin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin 28.03.2002-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən “İxtisaslaşdırılmışkəndtikintiistehsalat” Kombinatı "xxxx" ASC-yə çevrilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 16.06.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının əyani təhsil müddəti 4 il 9 ay təqdim etdiyi əmək kitabçasına əsasən işlədiyi müddət 21 il 1 ay (01.01.2006-cı il tarixədək 25 il 10 ay), fərdi uçot məlumatlarına əsasən 01.02.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək 11 ay sığorta stajı (fərdi hesabın sığorta hissəsində 1045 manat 80 qəpik pensiya kapitalı) olmaqla ümumilikdə 26 il 9 ay iş stajı müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti iş stajına daxil edildiyindən yaşa görə əmək pensiyası hüququndan imtina edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 10.08.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının əyani təhsil müddəti 4 il 9 ay təqdim etdiyi əmək kitabçasına əsasən işlədiyi müddət 21 il 1 ay (01.01.2006-cı il tarixədək 25 il 10 ay), fərdi uçot məlumatlarına əsasən 01.02.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək 11 ay sığorta stajı (fərdi hesabın sığorta hissəsində 1045 manat 80 qəpik pensiya kapitalı) olmaqla ümumilikdə 26 il 9 ay iş stajı müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə əsasən İddiaçı 03.07.1989-cu il tarixdən 24.02.1994-cü il tarixədək işlədiyi dövrləri və 2005-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları (cəmi mübahisəli dövr 4 il 11 ay) işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti iş stajına daxil edildiyindən yaşa görə əmək pensiyası hüququna imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçalarını) təqdim etmişdir. Мəhkəmə əmək kitabçalarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçalarında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 03.07.1989-24.02.1994-cü illərdə işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 03.07.1989-24.02.1994-cü illərdə işlədiyi iş illəri müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, 03.07.1989-24.02.1994-cü illərdə məcburi dövlət sosial sığorta haqları ödəməməsi, eyni zamanda iddiaçının iş illərinə dair əmək haqqı kitablarının tam şəkildə arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 03.07.1989-24.02.1994-cü illərdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan, yəni 01.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 03.07.1989-24.02.1994-cü illərdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan, yəni 01.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar