Məhkəmə qərarları › İş №2-1(120)-1372/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1372/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1372/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərinin, Güdəcühür kəndində anadan olmuşdur. Hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. Onun xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixə kimi işləməklə ümumi 26 il 04 ay 05 gün əmək stajı vardır. xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə qulluq etmişdir. Həmin əmək stajlarının hamısında “elektrik və qaz qaynaqçısı” peşələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, hesab edir ki, ona xx.xx.2019cu il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. Bildirir ki, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXXİİİ ÜMUMİ PEŞƏLƏR“ əl ilə qaynaq aparan elektrik-qaynaqçıları (23200000—19906)” koduna əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdeh ƏƏSMN-nin yanında DSMF-nun XŞT üzrə MF-na xx.xx.2022-ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışı əlavə edilməklə müraciət edərək, xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən isə ona fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən pensiyanın təyin edilməsinin mümkünsüz olduğu bildirilməklə imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, Azərbaycan Respublikası DSMF tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasımn Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmasına baxmayaraq, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasına əsasən onun əmək stajının güzəştli və ümumi iş stajının yetərli olması barədə heç bir münasibət bildirmədiyindən, hesab edir ki, bu hallara dair hər hansı bir mübahisə yoxdur. Hesab edir ki, cavabdeh onun güzəştli iş stajının olmasını qəbul edir. Lakin cavabdehin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasına əsasən pensiya təminatına imkan vermədiyini bildirməsi hesab edir ki, əsassızdır. Çünki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsində cavabdehin qeyd etdiyi hallar öz əksin tapsa da, lakin həmin Qanunun 9.8-ci bəndinə əsasən güzəştli pensiyanın təyin edilməsi üçün yalnız yaşa və staja əsasən müəyyən edilir. Belə çıxır ki, Qanunun da bu maddəsində bir bəndəki müddəalar digər bəndəki müddəalarla güzəştli pensiya təminatının tətbiqi baxımından bir-birinə ziddiyət təşkil edir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi onun və onu kimi digər zərərli və ağır işlərdə çalışmış şəxslərin sosial təminat hüququnu məhdudlaşdırır. Bu da konstitusion baxımından iddiaçının pensiya təminatından istifadə etmək və ondan yararlanması baxımından hüququnu pozur. Hesab edir ki, konstitusiya ali yüksək normativ akt olduğundan, digər normativ aktlardan qanunvericiliyin vətəndaşların vəziyyətinin ağırlaşdırılmasına xidmət etməməli, əksinə hər bir halda vəziyyətinin yaxşılaşdırılmasına qulluq etməli olduğunu tələb edir. Ona görə də qeyd edilən dəyişikliklər ona münasibətdə tətbiq edilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasınm təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarınm təsdiq edilməsi barədə Qərarın tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələblərinə əsasən qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırki müibahisəyə onun 57 yaşının tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, hesab edir ki, xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə işlədiyinə, eləcə də xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci bəndinə əsasən ona həmin tarixdən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməklə pensiya təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarıxədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmçinin, qeyd edir ki, onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfındən «İnzibati icraat haqqında» Azərbaycan Respubükası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fıziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci maddələri). Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Həmçinin, imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafıə vasitələri, bu hüquqi müdafıə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl 57 yaş), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsirıdə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48962,60 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 21461,94 manatdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabının sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı mənbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, İT № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixli, 80/k nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən “Azərneft” X1 kontoruna 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 133/a nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən həmin sahədə ona 4-cü dərəcə verilmiş, keçmiş Sovet ordusu sıralarına getməsi ilə əlaqədar xx.xx.1981-ci il tarixli, 29/k nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 63/k saylı əmrlə Tamponaj kontoruna 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 100/a nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin sahədə ona 5ci dərəcə verilmiş, xx.xx.1988-ci il tarixli 139a/b nömrəli əmrlə “Azərneft” X1 kontorunun adı “Azərneft” X1 İdarəsi adlandırılmış, xx.xx.1988-ci il tarxili, 79/k saylı əmrlə köçürmə yolu ilə X2, ticarət və xidmət müəssisəsinə keçməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1988-ci il tarxili, 71/k saylı əmrlə X2, ticarət və xidmət müəssisəsinə 2-ci dərəcəli qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 24/n nömrəli əmrlə həmin sahədə ona 4-cü dərəcə verilmiş, xx.xx.2005-ci il tarixli, 10/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2006-cı il tarixli 8/k-a tarixli əmrlə "xxxx" BMMM-də 5-ci dərəcəli qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixli, 17/k-a saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci bəndinə əsasən (sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər) əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan əmək kitabçasına əsasən İddiaçı xx.xx.2006-cı il tarixinə 24 il 02 ay 25 gün iş stajı olmuşdur ki, bunun da 17 il 01 ay 24 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu (12 il 6 ay) yaradan iş stajına aiddir. İş materiallarında olan НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 07 may 1981-ci il tarixdən 28 may 1983-cü il tarixədək (2 il 21 gün) keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. Beləliklə, əmək kitabçasında qeyd olunan iş illəri (24 il 02 ay 25 gün) və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi iş stajının 26 il 03 ay 16 gün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan iş stajının isı 17 il 01 ay 24 gün təşkil etdiyi müəyyən olunur. İş materiallarında olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 18 fevral 2022-ci il tarixli **********2 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan, habelə məhkəməyə təqdim olunmuş iddiaya etirazından görünür ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan ümumi və xüsusi stajını mübahisələndirməmiş, yalnız “əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalжnın aşağı həddinin qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48962,60 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 21461,94 manat təşkil etdiyi əsas gətirilərək ona güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Məhkəmə cavabdeh təşkilatın bu dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh təşkilatın həm imtina məktubundan, həm də iddiaya etirazından görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinin hüquqi əsası kimi, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildə edilmiş dəyişikliklərdən sonrakı redaksiyada verilmiş 9.1-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 57 yaşı tamam olmalı, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Cavabdeh də iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğunu qəbul etməklə mübahisələndirmir. Cavabdehin yeganə mübahisələndirdiyi məsələ hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48962,60 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21461,94 manat təşkil edir. xx.xx.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt - qanunla müəyyən edilmiş yaş həddinə çatması; ümumi və xüsusi iş stajının olması; fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi mövcud olmalıdır. İddiaçıya münasibətdə isə bu şərtlər tam ödənilmir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşı tamam olan vaxt güzəştli pensiya hüququ yaranmışdır. Belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığı barədə cavabdehin imtinası əsaslı sayıla bilməz Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar