Məhkəmə qərarları › İş №2-1(120)-1373/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1373/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1373/2021 02.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 7 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı “Astara rayon Dövlət Arxivinin 02 iyun 2021-ci il tarixli, 174/2 nömrəli arxiv arayışında qeyd olunmuş, 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləyib əmək haqqı aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınaraq 01.12.2020-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1963-cü il tarixdə anadan olmuşdur, 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləmişdir. O, 01.12.2020-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Cavabdeh 23 iyun 2021-ci il tarixli, **********0 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(120)-1373/2021 saylı qərardadı ilə iddia tələbinə “Astara rayon Dövlət Arxivinin 02 iyun 2021-ci il tarixli, 174/2 nömrəli arxiv arayışında qeyd olunmuş, 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləyib əmək haqqı aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınaraq 01.12.2020-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, 01.12.2020-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışını, əmək kitabçasının təsdiq olunmuş surətini, Astara rayon Təhsil şöbəsinin 31.03.2021-ci il tarixli, 01 nömrəli arayışını, arxiv arayışlarını, Astara rayon İcra Hakimiyyətinin Kijəbə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.12.2021-ci il tarixli, 2885 nömrəli arayışını, ödəniş qəbzini, nikah və doğum haqqında şəhadətnamələrini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 21 sentyabr 2021-ci il tarixli, **********7 saylı etirazın və 01 dekabr 2021-ci il tarixli, **********7 nömrəli etiraza əlavənin, Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının 26 avqust 2021-ci il tarixli, **********1 nömrəli məktubunun, Astara rayon Təhsil şöbəsinin 03.09.2021-ci il tarixli, 35(01)-01-128/12 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, X7 rayon filialı tərəfindən göndərilmiş arxiv arayışının, arxiv kitabından çıxarışların və ona əlavə olunmuş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, 05 dekabr 2019-cu ildə 56 yaşı tamam olduğu vaxt onun çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququnun yaranmasına baxmayaraq sosial sığorta stajı və pensiya kapitalı toplanmamışdır. 01 dekabr 2020-ci il tarixdə pensiya kapitalı kifayət etdiyindən həmin tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 6 uşağının olması və həmin uşaqları 8 yaşına kimi təbiyə etməsi iş materiallarında olan doğum haqında şəhadətnamələrin təsdiq edilmiş surəti ilə, o cümlədən Astara rayon İcra Hakimiyyətinin Kijəbə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.12.2021-ci il tarixli, 2885 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçının 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləyib əmək haqqı alması Astara rayon Dövlət Arxivinin 02 iyun 2021-ci il tarixli, 174/2 nömrəli arxiv arayışı və X7 rayon filialı tərəfindən göndərilmiş arxiv kitabından çıxarışlar və ona əlavə olunmuş sənədlər ilə təsdiq olunur. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən 01 dekabr 2021-ci il tarixli, **********7 saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd edilir: “...Astara rayon Ovala kənd sakini İddiaçı mübahisəsiz sosial sığorta stajı 01.09.2004-cü ildən 31.12.2005-ci ilədək 1 il 4 ay və 01.01.2006-cı ildən sonra fərdi hesabında 13 il 7 ay sosial sığorta stajı (cəmi 14 il 11 ay) vardır (01.12.2020-ci ilədək). İddiaçı mübahisəli sığorta stajı 01.06.1981-ci ildən 23.01.1996-cı ilədək olan müddətdir. Belə ki 01.06.1981-ci ildən 23.01.1996-cı ilədək olan əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmamışdır. Astara rayon Dövlət arxivinin 15.05.2019-cı il 100/1 saylı arayışına əsasən iddiaçının 1981-1996-cı illərdə aldığı əmək haqqlarında aylıq üzrə ardıcıllıq yoxdur (1987-ci ildə 6 ay , 1988-ci ildə 10 ay 1989-cu ildə əmək haqqı yoxdur, 1990-ci ildə 10 ay, 1991-ci ildə 8 ay, 1992-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1995-ci ildə 2 ay əmək haqqı yoxdur. Əmək haqqı aldığı dövr cəmi 10 il 4 aydır. Yuxarıda sadalananları nəzərə alaraq, Sizdən İddiaçı “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm. Göründüyü kimi, iddiaçı altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə və qulluq etdiyindən onun pensiya yaşı (61 yaş) 6 il azaldılmaqla 56 yaşına çatdığı 05 dekabr 2019-cu ildən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin həmin tarixdən yaşa görə əmək pensiyası hüququnun yaranmasına baxmayaraq, 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı 01.12.2020-ci il tarixdə toplandığından həmin tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ tam yaranmışdır. 01.12.2020-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləyib əmək haqqı almasına dair X7 filialının 02 iyun 2021ci il tarixli, 174/2 nömrəli arxiv arayışını və 15.05.2019-cu il tarixli 100/1 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X7 filialının 02 iyun 2021-ci il tarixli, 174/2 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı Astara rayon Dövlət Arxivinin 02 iyun 2021-ci il tarixli, 174/2 nömrəli arxiv arayışında qeyd olunmuş, 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləyib əmək haqqı aldığı sosial sığorta stajı kimi nəzərə alınaraq 01.12.2020-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Astara rayon Dövlət Arxivinin 02 iyun 2021-ci il tarixli, 174/2 nömrəli arxiv arayışında qeyd olunmuş, 1981-1996-cı illərdə Astara rayon “V.İ.Lenin” və “N.Nərimanov” adına subtropik sovxozunda işləyib əmək haqqı aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınaraq 01.12.2020-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar