Məhkəmə qərarları › İş №2-1(120)-1374/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1374/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1374/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsinə qarşı “2011-2021-ci il müddətində əmək haqqına əlavə olunmalı olan 20-25 faiz əmək haqqının ödənilməsi və əsassız olaraq iddiaçıdan tutulmuş verginin 14 faizinin geri qaytarılması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsinə qarşı “2011-2021-ci il müddətində əmək haqqına əlavə olunmalı olan 20-25 faiz əmək haqqının ödənilməsi və əsassız olaraq iddiaçıdan tutulmuş verginin 14 faizinin geri qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh əsl cavabdeh Qarabağ Regional Təhsil İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayon Dilağarda Qışlaq tam orta məktəbində 2000-ci ildən Dil-ədəbiyyat müəllimi işləmişdir. 2022-ci tədris ilindən isə Kürmahmudlu kənd tam orta məktəbində müəllim işləyir. Özüdə 2-ci qrup əlil kimi 2021-ci ilə qədər pensiya almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 184 №li qərarına əsasən 1-ci və 2-ci qrup əlil kimi işləyənlərin əmək haqqına onun aldığı əmək haqqının müvafiq olaraq 20-20% qədər pul əlavə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.4-ci maddəsinin tələbinə əsasən Əlil olub işləyən şəxsin əmək haqqının 1-ci 400 manatadək olan hissəsindən vergi tutulmasına güzəşt edilir, yəni ki, 1-ci 400 manatdan 14% vergi tutulmur. Bu isə o deməkdir ki, Qarabağ Reginal Təhsil İdarəsi qanunsuz və əsassız olaraq 2011-ci ildən 2021-ci ilədək ondan tutduğu vergini geri qaytarmalı və həmin müddət üçün onun əmək haqqına müvafiq olaraq əmək haqqının 25%-inə qədər əlavə haqq ödənilməlidir. Deməli, onun əmək haqqı-mülkiyyəti hesab olunan pulun həmin müddət ərzində cavabdehdə qaldığı üçün özünə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayon üzrə Təhsil sektoruna qarşı, iddia etdiyi 10 il müddətində əmək haqqına əlavə olunmalı olan 20-25% əmək haqqının ödənilməsi qanunsuz və əsassız olaraq həmin müddətdə ondan tutulmuş verginin 14%-nin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “əmək haqqından 2-ci qrup əlilliyə görə tutulmalı olmayan məbləğin tutulmasına görə həmin əsassiz tutulan pulun və əsassız tutulmuş verginin geri qaytarılması” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində göstərib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 184 nömrəli qərarına əsasən 1-ci və 2-ci qrup əlil kimi işləyənlərin əmək haqqına onun aldığı əmək haqqının müvafiq olaraq 20%-25% qədər pul əlavə olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinin tələbinə əsasən “Əlil olub işləyən şəxsin əmək haqqının 400 manatadək olan hissəsindən vergi tutulmasına güzəşt edilir, yəni ki, 400 manatdan 14% vergi tutulmur. Qarabağ Regional Təhsil İdarəsinin Füzuli Təhsil Sektoru qanunsuz və əsassız olaraq 2011-ci ildən 2021-ci ilədək ondan tutduğu vergini geri qaytarmaq və həmin müddət üçün onun əmək haqqına müvafiq olaraq əmək haqqının 25% qədər əlavə haqqının ona ödənilməsini xahiş etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2.1. Azərbaycan Respublikasının Milli X1; 102.2.1-1. Azərbaycanın Milli Qəhrəmanlarının; 102.2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının; 102.2.3. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin; 102.2.4. İ və İİ qrup müharibə əlillərinin ilə əlaqədar əlilliyi olan şəxslərin; 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının; 102.2.6. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin; 102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin; 102.2.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin. Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsin 102.2.4-cü maddəsinə dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən "İ və İİ qrup" sözləri çıxarılmışdır. Həmin məcəllənin 102.2.4-cü maddəsində 1 və 2-ci qrup müharibə əlilləri ilə əlaqədar əlilliyi olan şəxslər nəzərdə tutulub. İddiaçı İİ qrup əlildir, müharibə əlili olmadığına görə həmin qanun norması ona şamil edilmir. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində anadan olmuşdur. xx.xx.2015-ci il tarixli, AA seriyalı 346081 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən, müəyyən olunur ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron arayışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2021-ci il tarixinə olmuşdur. İddiaçıya məxsus xx.xx.1998-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı Füzuli rayon xx.xx.2001-ci ildən xx.xx.2022-ci ilədək Dilağarda Qışlaq orta məktəbində Azərbaycan Dili və ədəbiyyat müəllimi işləmişdir. Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsinin Füzuli rayon Təhsil şöbəsinə, ATİAHİ Füzuli rayon Komitəsinə və Füzuli rayonu Dilağarda qışlaq tam orta məktəbinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X4 Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsinə müraciət edərək həyat yoldaşı İddiaçı İİ qrup əlilliyə görə əmək haqqının cəminə 25% əlavə olmalı olduğu halda, yalnız bir akladın 25% əlavəsini aldığını bildirərək köməklik edilməsini xahiş etmişdir. Bildiririk ki, bundan əvvəl aparılmış şifahi danışıqlar nəticəsində eyni hal kimi Nümayəndə əmək haqqının cəminə 25% əlavənin edilməsi təmin edilmişdir. Nümayəndə Əfqanıstan müharibəsi veteranı, Qarabağ qazisi, prezident təqaüdçüsü olduğunu, onun və həyat yoldaşının səhhətləri ilə əlaqədar hər il müalicə olunduqlarını nəzərə alaraq İddiaçı da əmək haqqının cəminə 25% əlavənin təmin edilməsini xahiş edirik. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2011-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2012-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci ilədək) üçüncü dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin üçüncü dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonuncu dəfə İddiaçı ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sonuncu dəfə vətəndaşa xx.xx.2016-cı il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2021ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra "Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X6 Regional Təhsil İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əməkhaqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq əmrində göstərilmiş 20-25% artımın əməkhaqqınıza şamil edilməsi ilə əlaqədar olaraq Azərbaycan Təhsil işçiləri X7 Respublika komitəsi tərəfindən Füzuli rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığına 07 iyun 2021 -ci il tarixli, 165 saylı məktub təqdim edilmişdir. Məktuba əsasən 07 iyun 2021-cü il tarixindən əməkhaqqınıza 25 faiz əlavənin ödənilməsi təmin olunmuşdur. Lakin xx.xx.2021-cü il tarixindən əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti bitdiyi üçün əməkhaqqınıza əlilliyə görə edilən əlavə dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq əmrində göstərilmiş 20-25 faiz artımın əməkhaqqınıza şamil edilməsi məqsədilə tələb olunan sənədləri 2021-ci ilin iyun ayınadək mühasibatlığa təqdim etmədiyiniz üçün əməkhaqqınıza müvafiq əlavə edilməmişdir. Odur ki, müraciətinizdə göstərdiyiniz 2011 -2021 -ci illər üzrə 20-25 faiz artımın Sizin əməkhaqqınıza əlavə olaraq ödənilməsi mümkün deyildir. Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2011-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2012-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) üçüncü dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin üçüncü dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə İddiaçı ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Daha sonra şəxsin əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2021 -ci il tarixindən sonra "Əlillik" altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. Nümayəndə əlillik vəziyyəti isə xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2004-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən, Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarının 2-ci bəndinə əsasən müəyyən edilir ki, Əlilliyi olan şəxslərin sosial müdafiəsinin təşkili işində onların işə düzəldilməsi və əməyindən istifadə üçün müvafiq şərait yaradılması əsas istiqamətlərdən biri olmalıdır. Həmin Qərarın 5.4-ci bəndində qeyd olunur ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndində istisna halları nəzərdə tutulmamışdır. Yəni bu maddə əlilliyi olan işləyən bütün kateqoriyadan olan işçilərə şamil olunmalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci ilədək ümumi xəstəlik səbəbindən bir il müddətinə üçüncü dərəcə ilkin əlillik, növbəti dəfə xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci ilədək ümumi xəstəlik səbəbindən bir il müddətinə üçüncü dərəcə təkrar əlillik, növbəti dəfə üçüncü dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Daha sonra İddiaçı ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonuncu dəfə vətəndaşa xx.xx.2016-cı il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Həmçinin iş materiallarından da müəyyən edilir ki, 07 iyun 2021 -ci il tarixdən 20-25% artım iddiaçının əməkhaqqına əlavə edilmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-ci il tarixə kimi iddiaçı ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlil, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək isə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlil olmuşdur. Və iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş ikinci dərəcə əlilliyə uyğun olaraq xx.xx.2016- xx.xx.2021-ci illər üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndi ona tətbiq edilməlidir. Əlilliyin müəyyən olunması meyarları

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İddiaçının tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin müəyyən hissədə azaldılması mövcud qanunvericilik normalarına əsasən, iddiaçıya şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2000-ci ildə qüvvədə olan redaksiyasına əsasən, 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri aylıq gəlirin vergi tutulmayan məbləğinin 20 misli miqdarında azaldılır: 102.2.4. İ və İİ qrup müharibə əlillərinin. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasına əsasən, 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: 102.2.4. İ və İİ qrup müharibə əlillərinin ilə əlaqədar əlilliyi olan şəxslərin. Həmin maddənin tələbindən də göründüyü kimi azalmanın yalnız İ və İİ qrup müharibə əlillərinə, Məcəlləyə dəyişiklik edildikdən sonra isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulmuşdur.Və iş materiallarından daa müəyyən olunur ki, iddiaçının müxtəlif dövrlərdə əlilliyi müharibə ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbi ilə təyin edilmişdir.Belə olan halda həmin maddə iddiaçıya tətbiq edilə bilməz və cavabdehin imtinası bu hissədə qanuni olmuşdur. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqına əlavə olunmalı olan 20-25 faiz artımın ödənilməsindən əsassız olaraq imtina edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016- xx.xx.2021-ci il müddətində iddiaçının əmək haqqına əlavə olunmalı olan 20-25 faiz artım cavabdeh inzibati orqan Qarabağ Regional Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməli deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia qismən təmin edilsin. xx.xx.2016- xx.xx.2021-ci il müddətində əmək haqqına əlavə olunmalı olan 20-25 faiz artım cavabdeh inzibati orqan Qarabağ Regional Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar