Məhkəmə qərarları › İş №2-1(120)-1376/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1376/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1376/2020 26.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “Cavabdeh1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Lənkəran şəhər-rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli çıxarış ilə onun mülkiyyətində olmaqla ünvan 5-da yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçının nümayəndəsi və vəkili X9 xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddiaçı olduğu kimi saxlanılmaqla, Lənkəran şəhər-rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin cavabdehlər sırasından çıxarılmasını, cavabdeh kimi Lənkəran şəhər-rayon Polis şöbəsinin qəbul edilməsini, iddia tələbinə isə Cavabdeh1 qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1376/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmiş, Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 5-da yerləşən fərdi yaşayış evi anasının adına olmuş, daha sonra digər ailə üzvlərinin notarial qaydada razılıqları əsasında həmin ev onun mülkiyyətinə keçirilmişdir. Mülkiyyətində olan və 0,0252 ha torpaq sahəsində yerləşən həmin ev bir mərtəbəli olmaqla ümumi sahəsi 263,6 kv metrdir. Həmin evə dair ona Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2019-cu il tarixdə çıxarış verilmişdir. Həmin evdə ondan başqa qardaşı X5 və onun oğlu Cavabdeh1 da qeydiyyatdadırlar. X11 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda isə qardaşının oğlu Cavabdeh1 mülkiyyətində olan evlə heç bir əlaqəsi olmadığı halda o, həmin evdə qeydiyyatda qalmışdır. Belə ki, Məhərrəm 20 ilə yaxındır ki, Bakı şəhərində yaşamaqla orada özlərinin evləri vardır. Cavabdeh1 son 20 ildə yalnız 2019-cu ildə atası vəfat edərkən həmin həyətə gəlib bir neçə saat atasının yas məclisində iştirak edərək yenidən yaşadığı Bakı şəhərinə qayıtmışdır. Ancaq hazırda evi və ailəsi ilə heç bir əlaqəsi olmayan Cavabdeh1 evində qeydiyyatda olmaqla onun hüquqlarını pozur və bu ona müəyyən problemlər yaradır. Odur ki, Cavabdeh1 mülkiyyətində olan evdən pasport qeydiyyatından çıxarılmasını xahiş edir. Hazırda Cavabdeh1 onun və ailə üzvləri ilə heç bir bağlılığı yoxdur. O, formal olaraq onun evində qeydiyyatdadır. Belə ki, həmin şəxsin onun mülkiyyətində olan evdə adının qeydiyyatda qalması ona böyük problemlər yaradır. Bu səbəbdən də o Cavabdeh1 həmin evdən pasport qeydiyyatından çıxarmaq istəyir. Ona görə də cavabdehin mülkiyyət hüququ üzrə ona məxsus olan evdən pasport qeydiyyatından çıxarılmasını xahiş edir. İddiaçı ilk olaraq Cavabdeh1 mülkiyyət hüququ üzrə ona məxsus olan evin pasport qeydiyyatından çıxarılması barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona xx xxxx 2020-ci il tarixli məktubla cavab verilərək qeydiyyatdan çıxarılmasından imtina edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı, cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə, üçüncü şəxs Cavabdeh1 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli X13 dairəsi üzrə nümayəndəliyinə və Lənkəran şəhər Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin məhkəməyə xx.xx.2020-ci il tarixdə ünvanladığı məktubda məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. Üçüncü şəxsə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məktubla bildiriş göndərilsə də, məktub «bu ünvanda yaşamır» qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********45-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 üvanda yerləşən 0,0252 ha torpaq sahəsində 263,6 kv/metr fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X7 xx xxxxxx 2020-ci il tarixli **********53 saylı məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarının araşdırılması nəticəsində müəyyən oldu ki, hazırki iş üzrə Cavabdeh1 yuxarıda qeyd olunan ünvana dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş materiallarında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 154-21120A-1220 saylı məktubdan görünür ki, iddiaçıya məxsus ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh1 həmin ünvandan qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İş materiallarında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli 154-29153-1220 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 ünvan 4 ünvanına qeydiyyata alınmasına əsas verən sənədlər saxlama müddətləri bitdiyindən məhv edilmişdir. İş materiallarında olan AZ-İİ 044932 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 331 saylı aktla qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X7 xx xxxxxxxx 2020-ci il tarixli **********87 saylı məktubu ilə məhkəməyə göndərdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə ölmüş X1 vərəsəsi qızı Abbasova X4 rayonu, Maqomayev küçəsi, ev 26 və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2019-cu il tarixli X2 verilmiş **********345-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında 0,0252 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 263,6 kv/m olan fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı Notariat Ofisinin Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətinin 10 saylı X8 göndərdiyi xx xxxxxxx 2019-cu il tarixli, 1874 nömrəli məktubdan görünür ki, X3 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və vərəsəsi qızı İddiaçı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 5-da yerləşən fərdi yaşayış evi X1 adına olmuş, daha sonra vərəsəlik qaydasında həmin ev iddiaçının mülkiyyətinə keçirilmişdir. Qeyd olunan evə dair İddiaçı adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2019-cu il tarixdə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Hazırda həmin evdə Cavabdeh1 qeydiyyatdadır. İddiaçı onun mülkiyyətində olan evdən Cavabdeh1 qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının müəyyən hüquqlarının həyata keçirilməsində problemlər yaradır. Eyni zamanda həmin şəxsin mənzildən istifadə etməməsi, orada yaşamaması, mülkiyyətçinin hüququnun həyata keçirilməsinə maneələr yaratması onun mənzildən qeydiyyatdan çıxarılmasına əsas verir. Buna görə də cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin Cavabdeh1 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın **********45-10301 reyestr nömrəli, xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan İddiaçı Lənkəran şəhəri, Müslüm Maqomayev küçəsi, 26 saylı evdən Cavabdeh1 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-79 və, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın **********45-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Müslüm Maqomayev küçəsi, 26 saylı evdən Cavabdeh1 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar