Məhkəmə qərarları › İş №2-1(120)-138/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-138/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-138/2025 18.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,İddiaçı5 cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə qarşı “xx.xx.2007-ci il tarixli 06 saylı qərarının qismən ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,İddiaçı5 cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə qarşı “xx.xx.2007-ci il tarixli 06 saylı qərarının qismən ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 08 may 2023-cü il tarixli, 2-1(120)-1085/2023 saylı qərardadı ilə "xxxx" MMC, 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-1085/2023 saylı qərardadı ilə X30 və 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-350/2024 saylı qərardad ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC İmişli rayon məhkəməsində onlara və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli rayon məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(036)-133/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı1, X16, X17, X5, İddiaçı3, X9 , İddiaçı2, İddiaçı4, İddiaçı5, X6, X11, X12 X8 məxsus icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olan İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılmaqları, tikililərinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi ilə bağlı onlara məlum olmuşdur ki, Cavabdeh xx.xx.2007-ci il tarixli 06 saylı qərarı əsasında bələdiyyə ilə X30 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 153 hektar, o cümlədən onların yerləşdikləri torpaq sahəsi qeyriqanuni olaraq X2. Bu barədə əvvəllər məlumatları olmamışdır. Nəzərə çatdırır ki, həmin müqavilə qanunsuzdur. Belə ki, onlar keçmiş kolxoz vaxtı həmin ərazidə yerləşən fermaya gedib orada işləmiş və yaşamışlar. Kolxoz dağılandan sonra qalıb həmin ferma tikintisində ailə üzvləri ilə yaşamışlar və uşaqları orada doğulmuşdur. Onlar məhkəmədə bilmişlər ki, yaşadıqları ərazi reyestrdən çıxarışla tanımadıqları, onların ərazisində yaşamayan X10 adlı şəxsə verilmiş, o, da həmin torpaq sahəsini icarə müqaviləsi ilə "xxxx" MMC-nin istifadəsinə vermişdir. Nazəyə də torpaq sahəsini yuxarıda qeyd etdikləri X30 vermişdir. Onlara cavabdeh təşkilat tərəfindən heç bir sənəd verilməyib, torpaq sahəsinə baxış keçirilməyib. İmişli rayon məhkəməsinin qətnaməsindən məlum olur ki, DƏDRX Reyestrində xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydə alınmış **********56 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisindən 153 hektar torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. X10 da həmin torpaq sahəsini 16 dekabr 2019cu il tarixli icarə müqaviləsi ilə 3 il müddətinə Kraun Ko-R MMC-nin istifadəsinə vermişdir. Onlar həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin istəyir ki, yaşadıqları ərazinin kənar şəxsə və təşkilata verilməsi barədə hüquqmüəyyənedici sənədlər də ləğv və etibarsız sayılsın. Onlar bu barədə cavabdeh təşkilata məktub göndərmişlər, lakin cavab verilməyib. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iclasa gəlməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Ali Məhkəmənin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarından müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarışın və A № 004151 saylı, 18 iyun 2007-ci il tarixli plan və ölçü sənədinin surətlərindən müəyyən olunur ki, X19 xüsusi mülkiyyətinə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində 153.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Və həmin torpaq sahəsi vətəndaşa İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin 16 may 2007-ci il tarixli qərarı əsasında verilmişdir. Sonradan həmin torpaq sahəsini X30 xx.xx.2012-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, 01 dekabr 2016-cı il tarixdə X7 xüsusi mülkiyyətinə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində 153.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin çıxarışın verilməsinə əsas xx.xx.2016-cı il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə olmuşdur ki, həmin şəhadətnamə ilə X3 vərəsəsi kimi X10 tanınmış və o, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən miras qoyana məxsus olmuş 153.0 ha torpaq sahəsindən tam hissədə miras pay almışdır. 16 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur kii, X10 həmin 153.0 ha torpaq sahəsini 3 il müddətinə "xxxx" MMC-yə icarəyə vermişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-133/2021 saylı Qətnaməsi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər X25, İddiaçı1, X13, İddiaçı3, X18, İddiaçı2, İddiaçı4, İddiaçı5, X14, X22, X23, X24 və X20 qarşı "cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması tələbi barədə” iddia tələbi təmin edilmiş, mübahisə predmeti olan torpaq Cavabdehlər X25, İddiaçı1, X13, İddiaçı3, X18, İddiaçı2, İddiaçı4, İddiaçı5, X14, X22, X23, X24 və X26, onların ailə üzvləri, onlarla birlikdə işləyən digər şəxslər bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar və sair daşınar əşyaları) ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış **********56 reyestr nömrəli, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli çıxarışa əsasən X8 məxsus, 16 dekabr 2019-cu il tarixli icarə müqaviləsi əsasında "Kraun KO-R” MMC-nin istifadəsində olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması, qeyd olunan torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikili, yarım tikili və torpağa bitişik qurğular onların öz hesabına çəkilən xərclərin əvəzi ödənilmədən sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə bərpa edilməsi qərara alınmışdır. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 16 sentyabr 2021- ci il tarixli, 10/3216 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin ərazisindən cavabdehlər X24 və X25 8.20 ha, X13 1.18 ha, X18 1.90 ha, X23 1.10 ha, X22 1.13 ha, İddiaçı3 0.75 ha, İddiaçı2 0.25 ha, İddiaçı4 0.60 ha, İddiaçı5 və X14 1.95 ha, İddiaçı1 və X26 3.70 ha hissəsində istifadə olunur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1043/2022 saylı Qərardadı ilə İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,İddiaçı5 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “çıxarışın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. İmişli RİHB-in Bəhrəmtəpə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məhkəməyə ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,İddiaçı5 mübahisələndirilən yerdə(kökəltmə deyilən ərazidə) uzun illərdir ki, yaşayırlar. Nümayəndəlikdə onların orada yaşaması barədə mövcud heç bir sənəd yoxdur. Məhkəmənin qənaətinə görə, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (qərar) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Başqa sözlə desək, iddiaçılar İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə qarşı xx.xx.2007-ci il tarixli 06 saylı qərarının qismən ləğv edilməsini istəyir. Lakin qeyd edilən qərarın iddiaçıların qanunla birbaşa qorunan subyektiv hüququnu pozması ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilmirlər.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 2002-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Müvafiq müraciətin forması qannvericilikdə aydın şəkildə ifadə olunmuşdur. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçılar torpaq sahəsinin və tikililərin onların 50 ildir ki, istifadələrində olduğunu qeyd etsə də, lakin nə mübahisəli torpağa dair, nə də ki, evə dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçılar həmin torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etsələr də, bələdiyyənin mövcud qərarını mübahisələndirmək hüququna malik deyillər. Həmçinin iddianın xüsusi mümkünlük şərti kimi müddət məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıların mübahisələndirlən torpaq sahəsi üzərində heç bir mülkiyyət hüquqlarının yoxdur və iddiaçıların mübahisələndirdiyi qərardan uzun müddətdir ki, məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar mübahisə üzrə prosessual müddət ötürüldükdən kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdıqlarından və həmçinin subyektiv hüquqları olmadığından iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 14 oktyabr 2022-ci il, 05 dekabr 2022-ci il, 02 mart 2023-cü, 29 iyul 2024-cü, 13 fevral 2024-cü il və 25 noyabr 2024-cü il tarixli hüquqi yardım məktubları ünvanlanaraq, subyektiv hüququnun mövcudluğu, həmçinin iddia müddətinin ötürülüb-ötürülməməsi, ötürülmüşdürsə müddətin bərpasına dair ərizənin və mümkünlük şərtlərinə dair sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçılar ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim edərək bildirmişlər ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun sədrliyi ilə keçirilmiş inzibati işə baxarkən hakimin sorğusu əsasında bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı təqdim edilmiş və məhkəmə prosesində həmin mübahisəli qərardan məlumatlı olmuşlar və bundan sonra məkəmədə həmin qərarın ləğvi ilə bağlı iddia qaldırmışlar. Məhkəmə ərizəyə münasibət bildirərək qeyd edir ki, 2007-ci il tarixli bələdiyyə qərarından iddiaçıların xəbərsiz olması ağlabatan hesab edilə bilməz və bununla bağlı möəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, ərizə təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən faktiki və hüquqi halları nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı3,İddiaçı4,İddiaçı5 cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə qarşı “xx.xx.2007-ci il tarixli 06 saylı qərarının qismən ləğv edilməsi” tələbi üzrə “buraxılmış prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar