Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1383/2020 30.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Qayıdış-4 qəsəbəsi, ev 96-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına qarşı «sosial sığorta stajı müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxxx 1958-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuşdur. Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Qayıdış-4 qəsəbəsi, ev 96-da yaşayır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək kitabçasını cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına təqdim edərək, müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli **********5 saylı məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1976-cı ildən xx xxxxxxxx 1993-cü il tarixədək Füzuli rayonu «Araz» sovxozunda fəhlə və xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək Biləsuvar rayonu ərazisində təşkil olunmuş Füzuli rayonu Kürdmahmudlu kənd orta məktəbində xidmətçi işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin üzərinə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1958-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur. xx xxxxxx 1976-cı ildən xx xxxxxxxx 1993-cü il tarixədək Füzuli rayon «Araz» sovxozunda fəhlə, xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək Biləsuvar rayonu ərazisində təşkil olunmuş Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd orta məktəbində xidmətçi işləmişdir. İşə daxil olmağı barədə və işdən azad olmağı barədə əmək kitabçasında qeydiyyatlar aparılmışdır. Hazırda o, pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə müraciət etmişdir, xx xxxxxx 1976-cı ildən xx xxxxxxxx 1993-cü il tarixədək Füzuli rayon «Araz» sovxozunda fəhlə, xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək Biləsuvar rayonu ərazisində təşkil olunmuş Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd orta məktəbində xidmətçi işlədiyini təsdiq edən sənədləri kifayət qədər olmadığından ona pensiya verilməsindən imtina edilmiş, ona rəsmi olaraq cavab verilmişdir ki, 2019-cu ilin yanvar 1-dək «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən təsdiq edilmiş sosial müavinətlərin bu qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyasına keçirilməsinə yol verilmədiyi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O, Füzuli rayon «Araz» sovxozunda işə qəbul olunmağı və işdən çıxma əmrlərini başqa qaydada əldə edə bilmir. xx xxxxxx 1976-cı ildən xx xxxxxxxx 1993-cü il tarixədək Füzuli rayon «Araz» sovxozunda fəhlə, xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək Biləsuvar rayonu ərazisində təşkil olunmuş Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd orta məktəbində xidmətçi işlədiyinə dair sosial sığorta stajının müəyyən edilməsini istəyir. O, Füzuli rayon Dövlət Arxivinə müraciət etmişdir. Oradan ona işlədiyi Füzuli rayon «Araz» sovxozunun arxiv sənədlərinin xx xxxxxxx 1993-cü ildə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilməsi barədə arxiv arayışı verilmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 22-1.2 və 22.1.5-ci bəndinə əsaslanaraq ona xx xxxxxx 2020-ci il tarixli **********5 saylı imtina məktubu göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə, fövqəladə hallar və sair) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Onun xx xxxxxx 1976-cı ildən xx xxxxxxxx 1993-cü il tarixədək Füzuli rayon «Araz» sovxozunda fəhlə, xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 2003-cü il tarixədək Biləsuvar rayonu ərazisində təşkil olunmuş Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd orta məktəbində xidmətçi işlədiyinə dair əmək stajı onun əmək kitabçasında öz əksini tapıb. O, əmək kitabçasını pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə təqdim etmişdir, onun əmək kitabçası Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi tərəfindən qəbul edilməmiş və ona imtina məktubu verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin imtinası ilə onun pensiya almaq hüququ pozulmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli **********9 saylı münasibət məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə 130.00 manat sosial müavinət təyin olunmuşdur. Bununla razılaşmayaraq sığorta stajının təsdiq olunması üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının təsdiq olunmuş surətlərini, Füzuli Rayon İHB-nin Qayıdış-4 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Azərbaycan Respublikası Dövlət X8 və Füzuli Rayon Təhsil Şöbəsinin məktublarını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına X4 və X3 şəxsiyyət vəsiqələrinin və əmək kitabçalarının təsdiq olunmuş surətləri əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X9 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1958-ci il tarixdə doğulmuşdur. xx xxxxx 2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. İddiaçının xx.xx.1976xx.xx.1993-cü illərdə Füzuli rayonu «Araz» sovxozunda və xx.xx.1993-xx.xx.2003-cü illərdə Aşağı Kürdmahmudlu kənd orta məktəbində işləməsi ona məxsus xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdr. Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2020-ci il tarixli 13 nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon Kürdmahmudlu kənd «Araz» adına sovxozunun 1976-1986-cı illərə aid sənədləri tamamilə xx xxxxxxx 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. Həmin sovxozun 1987-1993-cü illərə aid sənədləri arxivə təhvil verilməyib. Həmçinin Füzuli Rayon Təhsil Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 371 nömrəli məktubunda qeyd olunmuşdur ki, Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd sakini İddiaçı 1993-cü ildən 2003-cü il tarixə qədər məcburi köçkünlüklə əlaqədar olaraq Füzuli rayonunun Biləsuvar rayonu ərazisində təşkil olunmuş 21 saylı orta məktəbində xidmətçi vəzifəsində işləmişdir. Lakin onun əmək haqqı almasına aid mühasibatlıq sənədləri məcburi köçkünlüklə əlaqədar olaraq RTŞ-nin inzibati binasının müxtəlif dövrlərdə yerdəyişmə edərək başqa binalarda fəaliyyət göstərdiyi üçün mühasibatlıq sənədləri yararsız hala düşmüş, oxunaqlı olmadığı üçün əhəmiyyətini itirmişdir. Bununla yanaşı məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1948-ci il təvəllüdlü X2 rayonu «Araz» sovxozunda işləməsi barədə qeydlər olan əmək kitabçasının təsdiq olunmuş surətini məhkəməyə təqdim edərək ifadəsində bildirdi ki, o, 1966-1988-ci illərdə Füzuli rayonu «Araz» sovxozunda fəhlə, sahə aqronomu və briqadir vəzifələrində işləmişdir. İddiaçı da o, işlədiyi dövrdə Füzuli rayonu «Araz» sovxozunda fəhlə işləmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1942-ci il təvəllüdlü X1 rayonu «Araz» sovxozunda işləməsi barədə qeydlər olan əmək kitabçasının təsdiq olunmuş surətini məhkəməyə təqdim edərək ifadəsində bildirdi ki, o, 1961-1992-ci illərdə Füzuli rayonu «Araz» sovxozunda sürücü, anbar müdiri, briqadir, baş aqronom və xəzinədar vəzifələrində işləmişdir. İddiaçı da o, işlədiyi dövrdə Füzuli rayonu «Araz» sovxozunda fəhlə işləmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının xx.xx.1976-xx.xx.1993-cü illərdə Füzuli rayonu «Araz» sovxozunda və xx.xx.1993-xx.xx.2003-cü illərdə Aşağı Kürdmahmudlu kənd orta məktəbində işləməsi sosial sığorta stajı kimi qəbul edilməyərək, mübahisələndirilmişdir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1976-xx.xx.1993-cü illərdə Füzuli rayonu «Araz» sovxozunda və xx.xx.1993xx.xx.2003-cü illərdə Aşağı Kürdmahmudlu kənd orta məktəbində işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1976-xx.xx.1993-cü illərdə Füzuli rayonu «Araz» sovxozunda və xx.xx.1993-xx.xx.2003-cü illərdə Aşağı Kürdmahmudlu kənd orta məktəbində işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1976xx.xx.1993-cü illərdə Füzuli rayonu «Araz» sovxozunda və xx.xx.1993-xx.xx.2003-cü illərdə Aşağı Kürdmahmudlu kənd orta məktəbində işləməsi barədə xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı xx.xx.1976-xx.xx.1993-cü illərdə Füzuli rayonu «Araz» sovxozunda və xx.xx.1993-xx.xx.2003-cü illərdə Aşağı Kürdmahmudlu kənd orta məktəbində işləməsi barədə xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Füzuli rayon filialının üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov