Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1385/2025 15.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid olan hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid olan hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Mil-Muğan Regional Təhsil İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixində Saatlı rayonu Azadkənd kəndində anadan olmuş və hal-hazırda orada yaşayır. xx.xx.1993-cü il tarixindən Saatlı rayon Azadkənd kənd orta məktəbdə müəllimə işləyir, həmin vaxtdan ona əmək haqqı ödənilmiş və əmək haqqında məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlər tutulmuşdur. xx.xx.2024-cü il tarixdə müəllimlərin sertifikasiya imtahını keçirilmiş, həmin imtahanda iştirak etmiş və imtihan zamanı ona verilmiş 120 dəqiqə vaxtın bitməsinə 16 dəqiqə qalmış onun istifadə etdiyi kompyuterin ekranı qaralmış və bu barədə nəzarətçiyə məlumat verdikdən sonra nəzarətçi məlumat vermiş, 5 dəqiqə sonra ekran açıldıqdan sonra bütün yazdıqlarının silindiyini və sualları yenidən cavablamağa 16 dəqiqə vaxt verilmişdir. Bu barədə yenidən nəzarətçiyə öz etirazını bildirsə də o heçnə edə bilməyəcəsini bildirmişdir. 16 dəqiqəyə yenidən sualları cavablandırmaq mümkün olmamışdır. Saatlı rayon Azadkənd kənd orta məktəbin direktoru N.Səfərova təkrar sertifikasiya imtahından keçmədiyini əsas götürərək xx.xx.2024-cü il tarixində 118 nömrəli əmrlə əmək müqaviləsinə AR Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv etmişdir. xx.xx.2024-cü il tarixində keçilimiş imtahanının ona aid hissdə nəticələrinin etibarsız hesab edilməsini və təkrar imtihanın keçirilməsi ilə bağlı dəfələrlə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, onun strukturu olan Apellyasiya şurasına və digər müvafiq orqanlara müraciət olunsada, telefon nömrəsinə bir sms göndərərək texniki məsələ ilə bağlı müraciətinin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntülərinə baxılmış, proqram tarixçəsi və nəzarətçi qeydləri təhlil edilmiş, nəticədə imtahan zamanı qeyd etdityi texniki nasazlığın baş verməsi halı təsdiqini tapmaması bildirilmişdir. Kamera görüntülərini istəsə də həmin görüntülər ona verilməmişdir. Eyni problem bir çox müəllimlərdə də baş vermiş, onlarında müraciətlərinə düzgün baxılmamışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyin öz səhvini düzəltmək, yəni vəzifəsini icra etməkdən boyun qaçırmışdır. Qeyd etdiyi hallara məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2022-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Həmin Qaydaya əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. İddiaçı ərizəsində sertifikatlaşdırma prosesində əldə etdiyi nəticəni əsassız olaraq kompüterdə olan texniki nasazlıqlarla əlaqələndirmişdir ki, bu kimi hallar mövcud praktikada istisna olunur (zalda kifayət qədər nəzarətçilər və vəzifəli şəxslər olur). İnzibati Prosessual Məcəllənin 14.3-cü bəndinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məlumat üçün qeyd edirik ki, X2 tərəfindən Saatlı rayon Azadkənd kənd tam orta məktəbinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə iddia tələbinə dair Saatlı Rayon Məhkəməsinə müraciət edilsə də, iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və iddiasına dair hər hansı sübut təqdim etməmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-1102/2024 nömrəli iş üzrə 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixli, 116 nömrəli əmrlə Saatlı rayonu Azadkənd orta məktəbinə əmək hazırlığı və ibtidai sinif müəllimi təyin edilmiş, xx.xx.2024cü il tarixli, 118 nömrəli əmrlə Təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Saatlı rayonu Azadkənd orta məktəbinin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-69/2-1398/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Muğan Regional Təhsil İdarəsinə ünvanlanmış müraciətlərinə sonuncu tərəfindən baxılmış, o sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüter ekranının və kameranın qeydə alınmış videogörüntülərinə baxılması üçün İdarəyə dəvət edilmiş və onun tərəfindən həmin videogörüntülərin izlənilməsi təmin edilmişdir. Videogörüntülərdən görünür ki, onun sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüterdə hər hansı nasazlıq baş verməmiş, kompüterin ekranı qaralmamış, imtahan zamanı cavabları silinməmiş, imtahan nəticəsində 60 sualdan 13 sualı düzgün, 47 sualı isə yanlış cavablandırmışdır. Videogörüntülərdən həmçinin aydın olur ki, o, imtahanın sonunda uğur qazanmadığını bildirmiş və imtahanla bağlı hər hansı etirazı olmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, onun müxtəlif instansiyalara etdiyi müraciətlərdə və məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. İddiaçı imtahan vaxtı istifadəsində olan kompüterdəki fəaliyyətini müşahidə etməyə imkan verən kamera və ekran görüntüləri, onun müraciəti və müraciətə baxılmasının nəticəsi üzrə cavab məktubu məhkəməyə təqdim edilir. Əsaslandırma hissəsi: Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixli, 116 nömrəli əmrlə Saatlı rayonu Azadkənd orta məktəbinə əmək hazırlığı və ibtidai sinif müəllimi təyin edilmiş, xx.xx.2024-cü il tarixli, 118 nömrəli əmrlə Təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Saatlı rayonu Azadkənd orta məktəbinin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddiaçının tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1.0.6-1-ci maddəsinə görə sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə: Bənd 1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür (Bu bənd 20 may 2024-cü il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2024-cü il, “Xalq” qəzeti, 24 may 2024-cü il, № 108) ilə “Qayda”ya əlavə edilmişdir). Bənd 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Bənd 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. Bənd 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Bənd 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. Bənd 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Bənd 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İddiaçı iddia ərizəsində sertifikatlaşdırma imtahanının nəticələri ilə razılaşmamasını iki halla əlaqələndirir: 1) İmtahan zamanı komputerdə yaranmış texniki qüsur səbəbi sualları vaxtında və tam cavablandıra bilməməsi; 2) 60 yaşının tamam olması səbəbi ilə imtahanda könüllü iştirak etməli olmasına baxmayaraq, bu barədə razılığının alınmaması. İddiaçı onunla əsaslandırır ki, xx.xx.2024-cü il tarixdə müəllimlərin sertifikasiya imtahını keçirilmiş, həmin imtahanda iştirak etmiş və imtihan zamanı ona verilmiş 120 dəqiqə vaxtın bitməsinə 16 dəqiqə qalmış onun istifadə etdiyi kompyuterin ekranı qaralmış və bu barədə nəzarətçiyə məlumat verdikdən sonra nəzarətçi məlumat vermiş, 5 dəqiqə sonra ekran açıldıqdan sonra bütün yazdıqlarının silindiyini və sualları yenidən cavablamağa 16 dəqiqə vaxt verilmişdir. Bu barədə yenidən nəzarətçiyə öz etirazını bildirsə də o heçnə edə bilməyəcəsini bildirmişdir. 16 dəqiqəyə yenidən sualları cavablandırmaq mümkün olmamışdır. Saatlı rayon Azadkənd kənd orta məktəbin direktoru N.Səfərova təkrar sertifikasiya imtahından keçmədiyini əsas götürərək xx.xx.2024-cü il tarixində 118 nömrəli əmrlə əmək müqaviləsinə AR Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv etmişdir. xx.xx.2024-cü il tarixində keçilimiş imtahanının ona aid hissdə nəticələrinin etibarsız hesab edilməsini və təkrar imtihanın keçirilməsi ilə bağlı dəfələrlə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, onun strukturu olan Apellyasiya şurasına və digər müvafiq orqanlara müraciət olunsada, telefon nömrəsinə bir sms göndərərək texniki məsələ ilə bağlı müraciətinin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntülərinə baxılmış, proqram tarixçəsi və nəzarətçi qeydləri təhlil edilmiş, nəticədə imtahan zamanı qeyd etdityi texniki nasazlığın baş verməsi halı təsdiqini tapmaması bildirilmişdir. Kamera görüntülərini istəsə də həmin görüntülər ona verilməmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayır. Belə ki, məhkəmə tərəfindən həmin halların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə keçirilmiş test imtahanı mərhələsinin video-görüntülərini özündə əks etdirən CD-disk cavabdeh orqandan əldə edilərək qeyd edilən imtahan prosesinə baxış keçirmiş və müəyyən edilmişdir ki, iddiaçının sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüterdə hər hansı nasazlıq baş verməmiş, kompüterin ekranı qaralmamış, imtahan zamanı cavabları silinməmiş, imtahan nəticəsində 60 sualdan 13 sualı düzgün, 47 sualı isə yanlış cavablandırmışdır. Videogörüntülərdən həmçinin aydın olur ki, o, imtahanın sonunda uğur qazanmadığını bildirmiş, nəticə ilə razılaşmış və imtahanla bağlı hər hansı etirazı olmamışdır. İddiaçı suallardan 60 sualdan 13 sualı düzgün, 47 sualı isə yanlış cavablandırmışdır.Eləcə də, imtahan zamanı səssizlik olmuş və iddiaçıya maneələr yaradılmamışdır. Göründüyü kimi, iddiaçının sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüterdə hər hansı nasazlıq baş verməmişdir. Ona ayrılmış 120 dəqiqə vaxta təsir etməmiş, iddiaçı “imtahana başla” düyməsini sıxdıqdan sonra imtahana başlamış və ayrılmış həmin vaxt daxilində 60 sualı cavablandırmışdır. Yəni, iddiaçının əvvəlki əyləşdiyi masada komputerlə bağlı yaranmış hal onun uğursuz nəticəsinə təsir göstərməmiş, iddiaçı ayrılmış vaxtdan tam şəkildə istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə: Bənd 2.2. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra – Sertifikatlaşdırma Şurası) yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Bənd 2.5. Sertifikatlaşdırma Şurası: 2.5.6. sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir; 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, təkrar sertifikatlaşdırmanın test mərhələsi ilə bağlı imtahanın keçirilməsi zamanı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyinə görə iddia tələbi təmin edilməməlidir. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid olan hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1385/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1385/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver