Məhkəmə qərarları › İş №2-1(120)-1387/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1387/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1387/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, Üçüncü şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Mil-Muğan Regional Təhsil İdarəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1387/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-29-41/2-244/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı iddiası ilə əlaqədar Şirvan İnzibati Məhkəməsinin sertifikatlaşdırma imtahanının təkrar təşkil edilməsi ilə bağlı 16 yanvar 2025-ci il tarixli Qərardadı tərəfimizdən nəzərdən keçirilmişdir. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də sertifikasiya prosesini tənzimləyən müvafiq normativ-hüquqi aktlara əsasən, sertifikasiya imtahanı vahid qaydalar əsasında həyata keçirilir. Cari qaydalara əsasən sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olurlar. Təkrar sertifikatlaşdırmada uğursuz olan şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikasiya imtahanı fərdi şəkildə keçirilmir. Bu imtahan yalnız iştirakı nəzərdə tutulmuş şəxslər üçün, Elm və Təhsil nazirinin əmrinə əsasən təşkil edilir. Qanunvericiliyə uyğun olaraq, sertifikasiya imtahanının nəticələri qəti hesab edilir və imtahanın təkrar fərdi olaraq keçirilməsi mümkün deyildir. Bu səbəbdən, 2-1(120)- 1387/2025 nömrəli iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli təmin edilməsi mümkün deyildir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə Saatlı rayonu Azadkənd kəndində yaşayır. O, xx.xx.2004-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Saatlı rayon Azadkənd kənd orta məktəbində müəllimə işləmişdir. İddia ərizəsi vasitəsilə xx.xx.2024-cü il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi barədə müraciət etmək istəyir. İmtahanın keçirildiyi gün bir neçə ciddi problem və ədalətsizliklər müşahidə olunmuşdur. İmtahanın keçirildiyi otaqda texniki avadanlıqlarla bağlı problemlər yaşanmışdır. İmtahan zamanı kompüterlərdəki proqram təminatı tez-tez donurmuş və bəzi hallarda cavablar qeydə alınmırdı. Bundan başqa imtahan vaxtı istifadə etdiyi komyüterin ekranı imtahanın bitməyinə 20 dəqiqə qalmış qaralmışdır. Bu barədə nəzarətçiyə məlumat verdikdən sonra o, kimlə isə danışdıqdan 5 dəqiqə sonra ekran açıldıqda görmüşdür ki, bütün yazdıqları silinib və suallar yenidən cavablamağa 20 dəqiqə vaxt verilib. Bu barədə yenidən nəzarətçiyə öz etirazını bildirsə də o heçnə edə bilməyəcəyini bildirmişdir. Bu, onun imtahan nəticələrinə ciddi şəkildə təsir etmişdir. Nəticədə Saatlı rayon Azadkənd kənd orta məktəbin direktoru N.Səfərova təkrar sertifikasiya imtahından keçmədiyini əsas götürərək xx.xx.2024-cü il tarixində 118 nömrəli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv etmişdir. Yuxarıda qeyd olunan səbəblərdən dolayı, o artıq cavabdeh orqana müraciət etmiş və təəssüf ki, müsbət nəticə əldə edilməmişdir. Ona cavab olaraq telefon nömrəsinə bir sms göndərərək texniki məsələ ilə bağlı müraciətinin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntülərinə baxılmış, proqram tarixçəsi və nəzarətçi qeydləri təhlil edilmiş, nəticədə imtahan zamanı qeyd edilmiş texniki nasazlığın baş verməsi halı təsdiqini tapmaması bildirilmişdir. Cavabdehin etirazından məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı "təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə bağlı Şirvan İnzibati Məhkəməsinin qərardadı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2022-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Həmin Qaydaya əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. İddiaçı ərizəsində sertifikatlaşdırma prosesində əldə etdiyi nəticəni əsassız olaraq kompüterdə olan texniki nasazlıqlarla əlaqələndirmişdir ki, bu kimi hallar mövcud praktikada istisna olunur (zalda kifayət qədər nəzarətçilər və vəzifəli şəxslər olur). İnzibati Prosessual Məcəllənin 14.3-cü bəndinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən Saatlı rayon Azadkənd kənd tam orta məktəbinə qarşı "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə iddia tələbinə dair Saatlı Rayon Məhkəməsinə müraciət edilsə də, iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və iddiasına dair hər hansı sübut təqdim etməmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-1100/2024 nömrəli iş üzrə 14 oktyabr 2024-cü il tarixli Qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil Üzrə X5-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edəərək bildirmişdir ki, Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının nə yaşı, nə səhhəti sertifikasiya imtahanından kənarlaşdırılması üçün əsas verən hal deyildir. İddiaçının sertifikatlaşdırma prosesinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq aparılır. İddiaçının imtahan keçirilən ərəfədə ona maneəçilik etməsi ilə bağlı iddiasına münasibətdə bildirir ki, imtahan zamanı əgər kompyuterdə texniki nasazlıq baş verərsə, imtahan dərhal həmin şəxsə münasibətdə dayandırılır, bu hal aradan qaldırılır, indiyə kimi isə bu hal baş verməmişdir. İmtahan verən şəxslərə heç kim yaxınlaşa bilməz, yalnız nəzarətçilər imtahan verən şəxs su istədikdə yaxınlaşıb suyunu verə və ya kağızqələm istədikdə və kağız və qələm verə bilər, mausa toxunmağa icazə yoxdur, çünki gələcəkdə məhkəmə proseslərində izah etmək çətin olur. Bu imtihanın keçirilməsinin məqsədi ilə vətəndaşların vəzifəyə uyğun olub-olmadığını müəyyən etməkdən ibarətdir, təhsilalanlara qarşı məsuliyyətli olmaqdan ibarətdir. Video-disk məhkəməyə təqdim edilmişdir, orada da iddiaçıya nəzarətçilər yaxınlaşmır, hər hansı maneə yaradan müşahidə edilmir. Hazırda tələbat kompyuter vasitəsindən istifadə edərək verilmiş suallara doğru cavab verməklə sertifikasiya imtahanın keçirilməsindən ibarətdir, vətəndaşın yaşı və ya kompyuterdən istifadə bacarığının olub-olmaması bu halın istisna olmasına əsas vermir. Bu yaxınlarda yenə sertifikasiya imtahanları həyata keçirildi, yenidən imtahandan keçə bilməyən şəxslər tərəfindən eyni şikayətlər daxil oldu. Hazırki iddia tələbi üzrə də iddiaçıya qarşı onlar tərəfindən hər hansı bir qərəz olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. -İddiaçının AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, Saatlı rayonu, Azadkənd kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-69/2-1399/2024 nömrəli məktubunda göstərilmişdir ki, “İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş sertifikasiya imtahanının ona münasibətdə etibarsız edilməsi və yenidən imtahan keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” işə baxılması ilə əlaqədar müvafiq məlumatın və sənədlərin təqdim edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-1(120)-4200/2024 nömrəli məktubunuza Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən baxılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsinə ünvanlanmış müraciətlərinə sonuncu tərəfindən baxılmış və o sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüter ekranının və kameranın qeydə alınmış videogörüntülərinə baxılması üçün İdarəyə dəvət edilmiş, lakin o həmin görüntüləri izləməkdən imtina etmişdir. Videogörüntülərdən görünür ki, onun sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüterdə hər hansı nasazlıq baş verməmiş, kompüterin ekranı qaralmamış, imtahan zamanı cavabları silinməmiş, imtahan nəticəsində 60 sualdan 17 sualı düzgün, 43 sualı isə yanlış cavablandırmışdır. Videogörüntülərdən həmçinin aydın olur ki, o, imtahanın sonunda uğur qazanmadığını bilmiş və imtahanla bağlı hər hansı etirazı olmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, onun müxtəlif instansiyalara etdiyi müraciətlərdə və məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. İddiaçı imtahan vaxtı istifadəsində olan kompüterdəki fəaliyyətini müşahidə etməyə imkan verən kamera və ekran görüntüləri, onun müraciəti və müraciətə baxılmasının nəticəsi üzrə cavab məktubu məhkəməyə təqdim edilir. İşdə olan Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-2-K-1901-4/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasfna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2,-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığını nəzərə alınaraq bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 10 iyun 2024-cü il tarixli 3-29/3-2- 388F/2024 nömrəli əmrinə əsasən təkrar sertifikatlaşdırmada uğur qazanmayan təhsilverənlərin sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmaları məqsədi ilə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayonlar üzrə təhsil sektorlarında komissiyalar yaradılmışdır. 30 iyul 2024-cü il tarixədək fəaliyyət göstərən müvafiq komissiyalara müraciət etmək tövsiyə olunur. İşdə olan xx.xx.2004-cü il tarixli, 002711 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Saatlı rayon Azadkənd kənd orta məktəbində müəllimə işləmişdir. İşdə olan ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 66 nömrəli təqdimatda göstərilmişdir ki, məktəbin sabiq ibtidai sinif müəllimi İddiaçı xx.xx.1997-ci il tarixdə Azadkənd kənd tam orta məktəbinə ibtidai sinif müəllimi kimi işə qəbul olunmuşdur və işdən çıxdığı - xx.xx.2024-cü il tarixədək müəllim kimi fəaliyyət göstərmişdir. 2023 və 2024-cü illərdə keçirilən, hər iki sertifikasiya imtahanında keçid balını (60 baldan 30-u) toplaya bilmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab olunaraq Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 -cü il tarixli,3-29-69/3-2-13 F/2024 əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Saatlı rayonu Azadkənd kənd tam orta məktəbi üzrə 27 iyun 2024 tarixli əmr N2 118-dən xx.xx.2024-ci il tarixli çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edlmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” nın 5.4 - cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ c ” bəndini rəhbər tutaraq əmr etmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində ) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilsin. Əsas: 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respulikası Elm və Təhsil nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmri. Əsaslandırma hissəsi: Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Saatlı rayonu Azadkənd orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir, xx.xx.2024-cü il tarixli, 118 nömrəli əmrlə Təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Saatlı rayonu Azadkənd orta məktəbinin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddiaçının tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1.0.6-1-ci maddəsinə görə sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə: Bənd 1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür (Bu bənd 20 may 2024-cü il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2024-cü il, “Xalq” qəzeti, 24 may 2024-cü il, № 108) ilə “Qayda”ya əlavə edilmişdir). Bənd 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Bənd 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. Bənd 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Bənd 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. Bənd 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Bənd 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İddiaçı iddia ərizəsində sertifikatlaşdırma imtahanının nəticələri ilə razılaşmamasını iki halla əlaqələndirir: 1) İmtahan zamanı komputerdə yaranmış texniki qüsur səbəbi sualları vaxtında və tam cavablandıra bilməməsi; 2) 60 yaşının tamam olması səbəbi ilə imtahanda könüllü iştirak etməli olmasına baxmayaraq, bu barədə razılığının alınmaması. İddiaçı onunla əsaslandırır ki, xx.xx.2024-cü il tarixdə müəllimlərin sertifikasiya imtahını keçirilmiş, həmin imtahanda iştirak etmiş və imtihan zamanı ona verilmiş 120 dəqiqə vaxtın bitməsinə 20 dəqiqə qalmış onun istifadə etdiyi kompyuterin ekranı qaralmış və bu barədə nəzarətçiyə məlumat verdikdən sonra nəzarətçi məlumat vermiş, 5 dəqiqə sonra ekran açıldıqdan sonra bütün yazdıqlarının silindiyini və sualları yenidən cavablamağa 20 dəqiqə vaxt verilmişdir. Bu barədə yenidən nəzarətçiyə öz etirazını bildirsə də o heçnə edə bilməyəcəsini bildirmişdir. Bu, onun imtahan nəticələrinə ciddi şəkildə təsir etmişdir. Nəticədə Saatlı rayon Azadkənd kənd orta məktəbin direktoru N.Səfərova təkrar sertifikasiya imtahından keçmədiyini əsas götürərək xx.xx.2024-cü il tarixində 118 nömrəli əmrlə əmək müqaviləsinə AR Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv etmişdir. xx.xx.2024-cü il tarixində keçilimiş imtahanının ona aid hissdə nəticələrinin etibarsız hesab edilməsini və təkrar imtahanın keçirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müvafiq orqanlara müraciət olunsa da, telefon nömrəsinə bir sms göndərərək texniki məsələ ilə bağlı müraciətinin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntülərinə baxılmış, proqram tarixçəsi və nəzarətçi qeydləri təhlil edilmiş, nəticədə imtahan zamanı qeyd etdiyi texniki nasazlığın baş verməsi halı təsdiqini tapmaması bildirilmişdir. Kamera görüntülərini istəsə də həmin görüntülər ona verilməmişdir. Məhkəmə tərəfindən iddiaçının həmin dəlilləri əsassız hesab edilir. Belə ki, məhkəmə tərəfindən həmin halların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə keçirilmiş test imtahanı mərhələsinin video-görüntülərini özündə əks etdirən CDdisk cavabdeh orqandan əldə edilmişdir və qeyd edilən imtahan prosesinə baxış keçirilərək müəyyən edilmişdir ki, iddiaçının sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüterdə hər hansı nasazlıq baş verməmiş, kompüterin ekranı qaralmamış, imtahan zamanı cavabları silinməmiş, imtahan nəticəsində 60 sualdan 17 sualı düzgün, 43 sualı isə yanlış cavablandırmışdır. Videogörüntülərdən həmçinin aydın olur ki, o, imtahanın sonunda uğur qazanmadığını bildirmiş, nəticə ilə razılaşmış və imtahanla bağlı hər hansı etirazı olmamışdır. İddiaçı suallardan 60 sualdan 17 sualı düzgün, 43 sualı isə yanlış cavablandırmışdır. Eləcə də, imtahan zamanı səssizlik olmuş və iddiaçıya maneələr yaradılmamışdır. Göründüyü kimi, iddiaçının sertifikatlaşdırma imtahanında istifadəsində olan kompüterdə hər hansı nasazlıq baş verməmişdir. Ona ayrılmış 120 dəqiqə vaxta təsir etməmiş, iddiaçı “imtahana başla” düyməsini sıxdıqdan sonra imtahana başlamış və ayrılmış həmin vaxt daxilində 60 sualı cavablandırmışdır. Yəni, iddiaçının əvvəlki əyləşdiyi masada komputerlə bağlı yaranmış hal onun uğursuz nəticəsinə təsir göstərməmiş, iddiaçı ayrılmış vaxtdan tam şəkildə istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə: Bənd 2.2. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra – Sertifikatlaşdırma Şurası) yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Bənd 2.5. Sertifikatlaşdırma Şurası: 2.5.6. sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir; 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, təkrar sertifikatlaşdırmanın test mərhələsi ilə bağlı imtahanın keçirilməsi zamanı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyinə görə iddia tələbi təmin edilməməlidir. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanının nəticələrinin ona aid hissədə etibarsız hesab edilməsi və təkrar sertifikasiya imtahanının keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar