Məhkəmə qərarları › İş №2-1(120)-1397/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1397/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1397/2025 03.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, əmrin ona aid olan hissədə ləğv edilməsi və işə bərpa olunması” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmasına dair Müdafiə Nazirliyinin iyul 2022-ci il tarixli müvafiq əmrinin ləğv olunması və hərbi xidmətə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, əmrin ona aid olan hissədə ləğv edilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-2022-ci illər ərzində Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, 27 sentyabr-10 noyabr 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsinin iştirakçısı və veteranıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı X1 müfaviq Sərəncamlarına əsasən “Fizulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” medalları ilə və Baş Nazirin Qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. 2021-ci ildə Türkiyə Respublikasında “Komando” kursunu bitirmiş, 2022-cü ilin yanvar ayında ailə vəziyyəti ilə əlaqədar olaraq dəfələrlə raport yazaraq 7 (yeddi) günlük qısa məzuniyyət istəmiş, buna səbəb evin tək övladı, valideynlərinin hər ikisi xəstə olması, həmçinin yeni doğulmuş iki övladının olmasıdır. Raportlarına heç bir əhəmiyyət verilməmişdir. Məcburiyyət qarşısında qalaraq bölük komandirinin tərbiyə işləri üzrə müavininə ailə vəziyyətini məruzə edərək evə baş çəkməyə getmişdir. Təxirəsalınmaz ailə problemlərini həll etdikdən sonra hərbi hissəyə qayıtmış, hərbi hissədə bununla bağlı ondan izahat alınmışdır. Həmin zaman həyat yoldaşının kor bağırsaqdan əməliyyat olunması üçün İmişli rayon xəstəxanasına aparmağına və müayinə olunmasına, o cümlədən onkoloji xəstə olan anasının təcili olaraq Bakıya xəstəxanaya aparıb gətirməyinə dair müvafiq sənədləri də təqdim etmişdir. Bu məsələ korpus komandiri generalleytenant M.Barxudarova məruzə olunmuş və onun göstərişinə əsasən xidmətini davam etdirmiş, lakin, buna baxmayaraq 2022-ci ilin iyul ayında “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair müvafiq əmr imzalanmışdır. Həmin əmri ona təqdim edilməmişdir, dərsdə olduğu vaxt “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağına dair ona şifahi məlumat verilmişdir. Bundan sonra aidiyyəti dövlət qurumlarına yazılı müraciətlər etmiş, qəbullarda olaraq ailə vəziyəti ilə əlaqədar evə-gedib qayıtmağına dair sübutları təqdim etməyinə baxmayaraq Müdafiə Nazirliyi xidmətə bərpa etməmişdir. Bu hadisədən 6 (altı) ay sonra Füzuli Hərbi Məhkəməsinə təqdim edilmiş material əsasında məhkəmə baxışı keçirilmiş, məhkəmə işin bütün hallarını araşdıraraq məcburiyyət qarşında hərbi hissəni tərk etməyi qeyd edərək ona 200 manat cərimə təyin edilmişdir. Barəsində bu cür əmrin imzalanması ilə razı deyil, ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq İddiaçı müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraılmışdır. İş materiallarında olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-97-139-2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edil, Hökmün icrası İddiaçı, qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayonu İcra və Probasiya şöbəsinə həvalə edilmiş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən vətən müharibəsi iştirakçısı kimi 80 manat Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cəbrayıl rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 305918/2022-60-1 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə təqsirli bilinərək Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-97-139-2022 saylı hökmü ilə 200 (iki yuz) manat miqdarında cərimə cəzasını ödəmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, əmrin ona aid olan hissədə ləğv edilməsi və işə bərpa olunmasını xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2024-cü ilin iyul ayında (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 2 ildən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışlar. Əsgər İddiaçı 218-ci əməliyyat (komando) briqadasının (N nömrəli hərbi hissə) 2-ci əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının əməliyyat qrupunun kəşfiyyatçısı-tuşlayıcı qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı 13 may 2022-ci il tarixli əmrdən ən geci 04 oktyabr 2022-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən, eləcə də İddiaçı ilə inzibati orqanların yazışmalarından, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-97-139-2021 saylı hökmündən və digər sübutlardan iddiaçının uzun müddətdir ki, qeyd edilən əmrdən məlumatlı olduğu müəyyən edilir. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, əmrin ona aid olan hissədə ləğv edilməsi və işə bərpa olunması barədə ərizə ilə 2024-cü ilin iyul ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Digər oxşar iş kimi isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını da əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Məhkəmə hesab edir ki, İddiaçı 2022-ci ilin may ayından sonra əmək haqqı və digər pul vəsaitləridə almamışdır ki, həmin müddət ərzində artıq onunla bağlı müvafiq yekun əmrin olduğunu müəyyən edə bilərdi. Qeyd edilir ki, sonuncunun işə bərpa edəcəklərini gözləməsi, ümid etməsi və ya hər hansı bir şəxs tərəfindən verilən vədlərə inanması halları məhkəmədə qanunvericiliyin müddətlərlə bağlı tələblərinə əməl edərək müraciət etməməsi üçün əsas ola bilməz, həmçinin müddətin bərpası üçündə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 15 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4213/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, 2-1(120)-1397/2025 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, əmrin ona aid olan hissədə ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar