Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1398/2025 20.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdə İmişli rayonunda anadan olmuş, atası İlham İbişov 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş, həmçinin, onun özü də məcburi köçkün statusuna malikdir. 2016-ci il tarixində Tərtər rayon sakini X6 ilə qısa müddət birlikdə yaşamış, lakin rəsmi nikaha daxil olmamış, 2016-cı ilin oktyabr ayında isə X6 ilə münasibətləri bitmiş və yenidən atası ilə birlikdə yaşamağa başlamışdır. xx.xx.2017-ci il tarixdə doğulan övladını X5 atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə X4 uşağı olduğu məhkəmə qaydasında müəyyən edilmişdir. Yəni, onun həqiqətən, X6 ilə 2016-cı ilin oktyabr ayından heç bir münasibəti olmamışdır, onunla birgə təsərrüfat aparmamışdır. Ona əvvəllər vahid aylıq müavinət ödənilmişdir. Lakin 2023-cü ilin dekabr ayından məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinə müraciət edərək aylıq müavinətin ödənilməsinin bərpa edilməsini xahiş etmiş, Laçın Rayonu İcra Hakimiyyəti tərəfindən müraciətinə xx.xx.2024-cli il tarixdə cavab verilərək, guya nikaha daxil olduğu və birgə yaşadığını əsas gətirilərək, adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsindən imtina olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçının və cavabdehin nümayəndəsi gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Laçın rayonunda qeydiyyatda olduğundan (Ağcabədi rayonunda məskunlaşmış) iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuş və yaşayış yeri üzrə Laçın rayonu, Katos kəndində qeydiyyatdadır. İşdə olan AA seriyalı 239927 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. İşdə olan Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti başçısının aparatının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-64/3-xx-xx/2024 nömrəli məktubundan görünür ki, ona vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara):) bəndinin tələbinə əsasən şamil olunmur. Həmin məsələ ilə bağlı Sizə müvafiq izahat və düzgün istiqamət verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-36-3/2-3097/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məcburi köçkünlərə ayrılan aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən tənzimlənir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. İşdə olan Ağcabədi “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 05/09İS-094294-24 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1993cü ildə İmişli rayonunun Birmay qəsəbəsində doğulmuş, onun nikah bağlanmasına mane olan hallar mövcud deyil. İşdə olan Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-64/2-434/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Laçın rayonunun Katos kəndində daimi qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Ağcabədi rayonu, Taxta Körpü ərazisi, 552 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən vahid aylıq müavinət almır. Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunuz Laçın Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 5-64/2-287/2024 nömrəli məktubla(məktub əlavə edilir) X1 Sistemi vasitəsilə cavablandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-36-3/2-4685/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və məcburi köçkün statusu ləğv olunmayıb qüvvədədir. Əlavə olaraq bildiririk ki, Komitənin Regional idarəetmə və status şöbəsi tərəfindən 2019- cu ilədək verilmiş məcburi köçkün statusunu təsdiq edən vəsiqələrin verilməsinə əsas olmuş sənədlər Komitənin arxivində saxlanılmadığından İddiaçı xx.xx.2011-ci il tarixdə verilmiş məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə əsas olmuş sənədlərin surətini təqdim etmək imkan xaricindədir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: - Hamı qanun və məhkəmə qarşısında bərabərdir. - Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. - Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. - Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - “Məcburi köçkün” statusuna malik olub respublika ərazisində olan şəxslərə; - Ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; - Faktiki nikahdan doğulmuş, “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 5-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: - Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; - Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; - Həbsdə olan məcburi köçkünlərə; - “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; - “Məcburi köçkün” statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); - Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən “məcburi köçkün” statusu olan şəxslərə; - Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) pozulmuş hüquqlarının bərpa olunmasıdır. İddiaçının hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti başçısının aparatının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-64/3xx-xx/2024 nömrəli məktubundan görünür ki, ona vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara):) bəndinin tələbinə əsasən şamil olunmur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrıseçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. Belə ki, İddiaçı məcburi köçkün vəsiqəsi Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il qərarına əsasən verilmişdir. Lakin heç bir əsas olmadan onun adı məcburi köçkün kimi vahid aylıq müavinət (çörək pulu) alanların siyahısından çıxarılmış və ona vahid aylıq müavinət verilməsi 2023-cü ilin dekabr ayından dayandırılmışdır. Belə ki, iddiaçının məcburi köçkün olması, statusunun hal-hazırda qüvvədə olması və qeydiyyatının Laçın rayonu olmaqla Ağcabədi rayonu ərazisində məskunlaşması iş materiallarına əlavə edilən sübutlarla öz təsdiqini tapır. Həmçinin inzibati orqan imtinasında İddiaçı nikahının pozulmasını, yəni boşanmasını əsas gətirsə də, İddiaçı bugünə kimi rəsmi nikahda olması və nikahın pozulması ilə bağlı müvafiq sübutların olmadığı müəyyən edilir. Belə ki, qeydiyyat şöbəsi tərəfindən təqdim edilən arayışa əsasən müəyyən edilir ki, İddiaçı bugünə kimi nikaha girməmiş və hal-hazırda da subaydır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qeyd edilən hallara nisbətdə ödənişlərin dayandırılması iddiaçının konstitusion hüququnun (bərabərlik hüququnun) pozulması ilə nəticələnə bilər. Belə olan halda cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1084/2021 saylı, 2-1(102)-1645/2021 saylı, 2-1(102)-616/2023 saylı, 2-1(102)-863/2023 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə və ya qanunvericilikdə qeyd edilməyən hallara istinad etməklə iddiaçıya aylıq müavinətin verilməməsi iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov