Məhkəmə qərarları › İş №2-1(120)-1402/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1402/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1402/2025 20.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Yusifova Aysel Söhrab qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ( bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyası ilə təmin olunmağı ilə bağlı məcburetmə qərarının cavabdehin -yəni Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur. O, əmək pensiyasının hesablanması ilə bağlı müəyyən çətinliklərlə qarşı qarşıya qalmışdır. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin ona rəsmi cavab verilməmişdir. Bununla yanaşı vergi ödəyicisi kimi sistemdə görünmədiyi bildirilərək ondan vergi ödəyicisi olduğunu göstərməyi tələb olunmuşdur. 2006-cı il tarixdən etibarən vergi ödəyicisidir. Bu nəzərə alınmaqla ona əmək pensiyası təyin edilməlidir. Lakin pensiya təyin edilməyərək ondan vergi ödəyicisi olmağının özü göstərməli olduğu tələb olunmuşdur. Təqdim etdiyi əmək kitabçasına nəzər yetirildikdə xx.xx.1976-cı il tarixdən başlayaraq xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasına və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə nəzər yetirilərək əmək fəaliyyəti ilə məşğul olduğu illər üzrə ona əmək pensiyası təyin olunmalıydı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın 3-171/2-195825/2024 saylı, xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023cü il tarixdə pensiyasının yenidən hesablanması ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1-B-169318\2023 nömrəli qərar qəbul edilmiş, iddiaçıya ünvanlanan məktubda avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən 11 il 5 ay sığorta stajına uyğun olaraq 13 312,38 manat pensiya sığorta kapitalının tam şəkildə nəzərə alındığı və aylıq pensiyanın məbləğinin dəyişmədiyi qeyd olunmuşdur.Daha sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə pensiyanın yenidən hesablanması ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” 11 yanvar 2024-cü il tarixli 3-17-1/1-B-2006/2024 nömrəli qərar qəbul edilmiş, yenidən hesablama zamanı pensiyanın məbləği dəyişməmişdir. İddiaçı H.X7 müraciəti zamanı 2006-cı ildən etibarən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı hər hansı sənəd (ödəniş qəbzi və s) təqdim etməmişdir. Eyni zamanda göründüyü kimi iddia ərizəsinə də bu barədə təsdiqedici sənəd əlavə olunmamışdır. Bundan başqa X1 Sisteminin “Sığorta” alt sistemindən əldə olunan məlumata əsasən İddiaçı (sığortaedən) tərəfindən 2009-cu ilin yanvar ayından məcburi dövlət sosial sığorta haqqının ödənilməsi həyata keçirilmişdir. İddiaçının cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmayan sığorta stajı olmadığından iddiaçının tələbi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən aparılan yenidən hesablama qanunauyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında təqdim olunmuş yazılı etirazı müdafiə edərək, iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyası ilə təmin olunması öhdəliyinin cavabdehə həvalə olunması tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "öhdəliyin icrası haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd edilməlidir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, iddiaçının iddia tələbi ona əmək pensiyasının təyin olunması olsa da hüquqi marağı yenidən hesablanmanın aparılmasıdır. Lakin iddiaçı cavabdeh inzibati orqan tərəfindən yenidən hesablama aparılması üçün hansı dövrü nəzərə almalı olmasını əsaslandırmamışdır. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, işin araşdırılan hallarından-məhkəmənin müvafiq sorğusu əsasında verilmiş: DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 3- 17-1/2-191700/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim edilmiş İddiaçı məxsus 668008 №li pensiya işinə əlavə olunmuş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17- 1/1-B-2006/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə (AVT) 280,00 manat məbləğində pensiya təyin edilmişdir. Qərarın 10-cu bəndində yenidən hesablanmış əmək pensiyasının məbləği 280,00 manat; 11-ci bənddə fərdi hesabı üzrə PSK-nın məbləği 13 436, 72 manat; 12-ci bənd- yenidən hesablamanın ödəniş tarixi xx.xx.2024-cü il tarixdən müddətsiz təyinat aparılmışdır. Qeyd: Pensiya yenidən hesablanan zaman məbləğ dəyişmədi. DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17-1/2- 240504/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda Nazirliyin elektron informasiya ehtiyatlarında 2006-2008-ci illər üzrə İddiaçı dair hesabat və ödəniş məlumatlarının aşkar edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2023cü il tarixinədək fərdi şəxsi hesabı ilə bağlı məlumatları ( məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Məktuba əlavə olunmuş sığortaolunanın hesabından müəyyən olunur ki, İddiaçı 2009 Yanvar-2023 iyun üzrə cəmi hesablanmış 6767,68 manat, cəmi ödənilmiş məbləğ 9885,07 manat qeyd olunmuşdur. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 3-21-2-13/2- 18416/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda elektrik-məişət mallarının pərakəndə satışıdır.İddiaçı tərəfindən vergi orqanında qeydiyyata alındığı xx.xx.20007-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 14 920,90 manat vergi, 228,20 manat icbari tibbi sığorta, 2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 315,92 manat məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişləri olmuşdur.Cəmiyyətin 2019-cu ildən əvvəlki dövrlər üzrə DSMF ödənişləri barədə məlumatları əldə etmək üçün aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması tövsiyyə edilmişdir. X6 Filialının 3-48-DA-7F/1-295/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Lənkəran rayon ”Raypo İstehlak Cəmiyyəti”nin (RAYPO) sənədləri X6 filialına təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd olunan X3 əmək haqqı cədvəllərindən İddiaçı əmək haqqı cədvəllərindən İddiaçı aid hissəsinin təsdiq olunmuş surətinin göndərilməsi mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti 3-21-3/2-20137/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Lənkəran rayon İstehlak Cəmiyyəti barədə Əmlak Məsələləri dövlət Xidmətində hər hansı məlumat yoxdur. DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/2- 152106/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaşın yaşa görə əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2009-cu il tarixindən xx.xx.2023-cü tarixinədək qeydə alınmış 12 436,72 manat pensiya kapitalı əsasında hesablanmışdır. İddiaçının faktiki sığorta stajı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 19 il 4 ay 5 gün təşkil edir. DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17-1/2- 199719/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Məktuba əlavə olunmuş İddiaçı (SSN**********731) 2009 Yanvar -2025 İyun dövrü üzrə cəmi gəliri 33 639,50 manat, cəmi hesablanmış 8489,68 manat, cəmi ödənilmiş məbləğ 11 607,07 manat qeyd olunmuşdur. Məhkəmə xidməti vəzifəsini yerinə yetirərək iddiaçının hüquqi marağı üzrə kifayət qədər araşdırmalar aparmışdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesindigər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış-iddiaçının iştirakı ilə keçirilmiş məhkəmə iclaslarında izah olunmuş və eyni zamanda xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli 2-1(120)-1402/2025 saylı hüquqi yardım məktubları ilə iddiaçıya İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən iddia tələbini dəqiqləşdirərək cavabdeh inzibati orqan tərəfindən hansı illərin ( işlədiyi müəssisə göstərilməklə) nəzərə alınmadığı, hansı illər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunması formasında dəqiqləşdirilməsi ( dəyişdirilməsi) təklif olunmuşdur.Lakin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə ərizə təqdim olunmamışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırkı qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar