Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1403/2021 13.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçı X5 (Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olan) cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi məhəllə 523, ev 18A, mənzil 42-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X5 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X7 xx.xx.1956-cı il tarixdə doğulmuş, Saatlı rayonu, Bəylik kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 30 iyun 2020-ci il tarixli, **********7 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı X7 ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.2006-cı ilədək işlədiyi illəri nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13.12.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına ərizə ilə müraciət etmiş, ona 30.06.2021-ci il tarixli, **********7 nömrəli məktubla cavab verilərək əmək kitabçasındakı qeydlərə əsasən 1990-2005-ci illərdə işləmiş olduğu Şirvan (Əli Bayramlı) şəhər Avtomotoservis və ticarət müəssisəsinin əmr və əmək haqqı kitablarının Şirvan şəhər Dövlət Arxivində saxlanılmaması səbəbindən həmin dövr üzrə iş stajının doğruluğunun yoxlanılması mümkün olmamışdır. Ona görə də yaşa görə əmək pensiyasının təyin edilməsi olunması mümkün deyildir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, A.Qəhrəmanovun ümumi sosial sığorta stajı 27 il 9 gün ay təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən 1990-2005-ci illərdə işləmiş olduğu Şirvan şəhər Avtomotoservis və ticarət müəssisəsinin əmr və əmək haqqı kitablarının Şirvan şəhər Dövlət Arxivində saxlanılmaması səbəbindən həmin dövr üzrə iş stajının yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən illərin mübahisələndirilən halı kimi qiymətləndirilir. İşin mübahisələndirilməyən halı iddiaçı A.Qəhrəmanovun hərbi xidmət dövrüdür. Belə ki, iş materiallarına əlavə edilən və iddiaçı A.Qəhrəmanova məxsus hərbi biletə müvafiq olaraq 1975-1977-ci illər ərzində hərbi xidmətdə olmuşdur. Sözügedən illər ərzində iddiaçının sosial sığorta stajı iki il təşkil edir. Hərbi xidmətdə olduğu illərlə Şirvan şəhər Dövlət Arxivinin03.05.2021-ci il tarixli, 173 nömrəli arayışında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illər üst-üstə düşür. Bu səbəbdəndə arxiv arayışının mötəbərliyi şübhə altına düşür. İddiaçı A.Qəhrəmanov “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq Yaşa görə əmək pensiyası hüququ yarandığı 65 yaşda, yəni 01.05.2021-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına malik olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İddiaçı X5 iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 01.05.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının 01.01.2006-cı ilədək əmək kitabçasındakı və arxiv arayışındakı iş illəri nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1956-cı il tarixdə anadan olmuş, Saatlı rayonu, Bəylik kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 21.04.1990-cı il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X7 1972-ci il tarixdən 25.10.2012-ci il tarixədək əmək fəaliyyətində olmuş, 23.04.1990-30.12.2005-ci illərdə Əli Bayramlı şəhər Avtomotoservis və ticarət müəssisəsində işləmişdir. İşdə olan X10 filialının 03.05.2021-ci il tarixli, 173 nömrəli arxiv arayışından görünür ki, X7 1972-1990-cı illərdə Saatlı rayonu “Moskva” kolxozunda işləmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu İmişli rayon şöbəsinin iddiaçıya ünvanladığı 30.06.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, X5 1990-2005-ci illərdə işləmiş olduğu Şirvan (Əli Bayramlı) şəhər Avtomotoservis və ticarət müəssisəsinin əmr və əmək haqqı kitablarının Şirvan şəhər Dövlət Arxivində saxlanılmaması səbəbindən həmin dövr üzrə iş stajının doğruluğunun yoxlanılması mümkün olmamışdır. Ona förə də yaşa görə əmək pensiyasının təyin edilməsi olunması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şirvan şəhər Statistika İdarəsinin məhkəməyə ünvanladığı 29.07.2021-ci il tarixli, 170 nömrəli məktubunda qeyd edilmişdir ki, “Avtomotoservis və Ticarət Müəssisəsi” adlı təşkilat vergi ödəyicisi olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və X9 Reyestrinə daxil edilmişdir. Bu müəssisə 2013-cü ilin 1-ci yarısının sonuna kimi fəaliyyət göstərmiş və onlara müvafiq statistik hesabatlar təqdim etmişdir. Sonradan müəssisə hüquqi şəxs kimi fəaliyyətini rəsmi olaraq dayandırmış və bu barədə rəsmi sənəd təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 03.08.2021-ci il tarixli, **********969500 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan (Əli Bayramlı) şəhər Avtomotoservis və ticarət müəssisəsi 20.02.1995-ci il tarixdə 36 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, 03.01.2005-ci il tarixdə isə “Avtomotoservis və ticarət müəssisəsi” adı ilə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. X1r. Hal-hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikası X10 filialının məhkəməyə ünvanladığı 13.12.2021-ci il tarixli, 632 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayon “Moskva” kolxozunun kolxozçuların əmək stajı və qazanc uçotu kitabında adları qeyd olunan kolxozçuların heç birində yerinə yetirilmiş minimum adam günləri qeyd olunmamışdır. Saatlı rayon “Moskva” kolxozunda 1972-1990-cı illərdə Saatlı rayon Dövlət Arxivinə verdikləri şifahi sorğuya əsasən minimum adam günü norması kişilər üçün 1987-ci ilə qədər 240 gün, 1988-ci ildən isə 200 gün olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 09.12.2021-ci il tarixli, 1133 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü X7 20.05.1975-ci il tarixdən 03.06.1977-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət keçmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialınin direktorunun xidməti məktubundan görünür ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranma tarixi 01.05.2021-ci il, iddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək 26 il 4 ay 19 gün və 01.01.2006-cı il tarixdən 7 ay 20 gün, ümumilikdə isə 27 il 9 gün sosial sığorta stajı mövcuddur. Sosial sığorta stajının mübahisələndirilən illərinə aiddir. İddiaçının 1972-1975 və 1977-1990-cı illərdə Saatlı rayon “Moskva” kolxozunda işləmiş olduğu dövr və 23.04.1990- 30.12.2005-ci illəri əhatə edən iş illəri mübahisələndirilən sosial sığorta stajı hesab olunur. Eyni zamanda 01.01.2006-cı il tarixdən sonrakı dövr üzrə işlədiyi illərdə vətəndaşın fərdi şəxsi hesabına məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi üçün həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün deyildir. Sosial sığorta stajının mübahisələndirilməyən illəri 29.05.1975-03.06.1977-ci illərdə hərbi xidmətdə olduğu dövr mübahisələndirilməyən sosial sığorta stajı hesab olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (əmək kitabçasını və arxiv arayını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X10 filialının 03.05.2021-ci il tarixli, 173 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə X10 filialının 03.05.2021-ci il tarixli, 173 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının 1972-1990-cı illərdə Saatlı rayonu “Moskva” kolxozunda işləməsinə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçının 1972-1975 və 1977-1990-cı illərdə (1976-cı ildə tam olaraq hərbi xidmətdə olmuşdur) işlədiyi müddət ona tam əmək stajı kimi hesablanmalıdır. Belə ki, 1972-1975 və 1977-1990-cı illərdə Saatlı rayonu “Moskva” kolxozunda müvafiq kolxoz sənədlərində (son hesablaşma kitablarında) digər kolxozçular kimi iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməmişdir. İşdə olan Azərbaycan Respublikası X10 filialının məhkəməyə ünvanladığı 13.12.2021-ci il tarixli, 632 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayon “Moskva” kolxozunun kolxozçuların əmək stajı və qazanc uçotu kitabında adları qeyd olunan kolxozçuların heç birində yerinə yetirilmiş minimum adam günləri qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin illərdə minmum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər subut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Başqa sözlə, müvafiq sənədlərdə (hesablaşma kitablarında) adam günü normasının yerinə yetirilməsi barədə qeydiyyatın aparılması iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, həmin illər iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 23.04.1990-30.12.2005-ci illərdə Əli Bayramlı şəhər Avtomotoservis və ticarət müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 01.01.2006-cı il tarixdək işlədiyi müddət (23.04.1990-30.12.2005-ci illər) hazırkı halda sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının 23.04.1990-30.12.2005-ci illərdə işlədiyi müddət üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi, eyni zamanda onun iş illərinə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, iddiaçı X5 1972-1975 və 1977-1990-cı illərdə Saatlı rayonu “Moskva” kolxozunda və 23.04.1990-30.12.2005-ci illərdə Əli Bayramlı şəhər Avtomotoservis və ticarət müəssisəsində işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X5 1972-1975 və 1977-1990-cı illərdə Saatlı rayonu “Moskva” kolxozunda və 23.04.1990-30.12.2005-ci illərdə Əli Bayramlı şəhər Avtomotoservis və ticarət müəssisəsində işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1403/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1403/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver