Məhkəmə qərarları › İş №2-1(120)-1404/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1404/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1404/2025 12.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, iddiaçının nümayəndəsi və üçüncü şəxs X5, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X8 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ( bundan sonra mətndə (DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı rayonu Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 168 nömrəli qərarı ilə KOD 80509028, JN-057A saylı Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması, koordinat döngə nöqtələrini göstərməklə, naturada yerlərinin, sərhədləri müəyyənləşdirilməklə, torpaq sahəsinin ona tanıtdırılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 168 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsi, fərdi yaşayış evi tikməkdən ötəri torpağın mülkiyyətə verilməsinə dair KOD 80509028, JN- 057A saylı şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsində göstərilən qonşu torpaq sahibləri şimal-qərb tərəfində JN-056A saylı şəhədətnamə ilə X2 və cənub-qərb tərəfində qonşusu olan JN 061A saylı Şəhadətnamə ilə X10 arasında göstrilən cizgi daxilində qeyd etdiyi Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 168 nömrəli qərarı ilə 0,06 a torpaq sahəsi, fərdi yaşayış evi tikməkdən ötəri, torpağın mülkiyyətə verilməsinə dair KOD:80509028, JN057A saylı şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. Şəhadətnamə onda olsa da, torpaq sahəsi ona verilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilməklə, sonuncuya iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Sonradan məhkəmənin 2- 1(120)-1404/2025-ci il tarixli xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Eyni zamanda məhkəmənin 2-1(120)-1404/2025 saylı,xx.xx.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair 3-21-3-44/2-1166/2025 saylı, xx.xx.2025-ci il tarixli etirazda göstərilmişdir ki, ləğv olunmuş DT və XK-nin təqdim etdiyi elektron məlumat bazası ilə torpaqların kadastr uçotu arasında və naturada uyğunsuzluq vardır. Masallı rayonu, Allahyarlı kəndi üzrə müəyyən vaxt ərzində elektron uçot işlərinin dürüstləşdirilməsi başa çatdıqdan sonra İddiaçı müraciətinə qanuamüvafiq qaydada baxılacaqdır. Hazırkı vəziyyətdə İddiaçı iddia etdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda üçüncü şəxs olan X8 iddia ərizəsini müdafiə edərək iddianın mümkün hesab olunaraq təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair” JN-057A, KOD 80509028 №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 168 №-li qərarı ilə İddiaçı mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsəsən verilmiş: DƏDKR publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-3074/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Masallı rayonu Allahyarlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən müəyyən olunur ki, İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad İdarəsinin 3-21-3-44/2-3417/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Qərardadda qoyulmuş suallar iddiaçının və mütəxəssisin iştirakı ilə yerində araşdırıldı. İddia tələbinə görə iddia edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Masallı rayonu Allahyarlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatından və ortofoto materiallarından istifadə edilərək baxılmışdır. Masallı rayon Allahyarlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 57A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha (iddia tələbinə görə naturadan plana alınmış 0,2711 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən) həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayon Allahyarlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 57A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha (iddia tələbinə görə naturadan plana alınmış 0,2711 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən) həyətyanı torpaq sahəsinin 1997-ci ildə hüququ statusu- xüsusi mülkiyyət, kateqoriyası- yaşayış məntəqələri torpaqları, uqodiyası- həyətyanı, növütorpaq sahəsi, məqsədli təyinatı-həyətyanı torpaq sahəsinin olduğu müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında İddiaçı faktiki istifadəsində olan 0,2711 ha torpaq sahəsinin hazırda hüququ statusu-xüsusi mülkiyyət, kateqoriyası- kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası- fərdi yaşayış, növü- fərdi yaşayış evləri, məqsədli təyinatı - həyətyanı torpaq sahəsinin olduğu müəyyən edildi Masallı rayon Allahyarlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı arasında uyğunsuzluğun olduğu müəyyən edildi. Masallı rayon Allahyarlı kəndinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 57A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında uyğunsuzluqun olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayon Allahyarlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 57A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş (naturadan plana alınmış 0,2711 ha torpaq sahəsinin hüdudları daxilində) 0,06 ha həyətyanı torpaq sahəsi onun faktiki istifadəsindədir və təyinatına uyğun istifadə edilir. Masallı rayon Allahyarlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 57A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə görə İddiaçı mülkiyyətinə verilmiş (İddia tələbinə görə naturadan plana alınmış 0,2711 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən) 0,06 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən 0,0114 hektaradək hissəsi **********77 reyestr (49) nömrəli Çıxarışla İddiaçı, 0,0150 hektaradək hissəsi **********74 reyestr (47) nömrəli X1 və digər ailə üzvlərinin, 0,0307 hektaradək hissəsi 46 nömrəli Dövlət Aktı ilə X6 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, 0,0028 hektaradək hissəsi isə şərq istiqamətdə qonşunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyənləşdirildi. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin: 3-21-3-44/2-6521/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Masallı rayon Allahyarlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə gorə 57A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə görə İddiaçı mülkiyyətinə verilmiş (İddia tələbinə görə naturadan plana alınmış 0,2711 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən) 0,06 ha həyətyanı torpaq sahəsinin 0,0028 hektaradək hissəsi şərq istiqamətdə “digər qonşu” X3 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 3-21-3-44/2-7552/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X3 adına Masallı rayonu, Allahyarlı kəndində yerləşən tam mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.2006-cı il tarixli, JN-061A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə və Masallı rayonu, Allahyarlı kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.1998-ci il tarixli, JN-0035 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələrinin plan və ölçüsü sənədlərini ( və ya ilkin hüquqüəyyənedici sənədləri) mübahisələndirmək hüququ vardır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, cavabdeh məhz etibarlı və hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd, İddiaçı (**********77 reyestr nömrəli), X5 (**********74 reyestr nömrəli) çıxarışla və Dövlət aktı ilə X6, X3 torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almışdır və iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab verərəkən qanunun tələbinə uyğun davranmışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X8 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar