Məhkəmə qərarları › İş №2-1(120)-1407/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1407/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1407/2025 24.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Üçüncü şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əvvəlki iş yerinə-İmişli şəhər 2 saylı uşaq baxçasının müdiri vəzifəsinə bərpa olunmağı və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əvvəlki iş yerinə-İmişli şəhər 2 saylı uşaq baxçasının müdiri vəzifəsinə bərpa olunmağı və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Mil-Muğan Regional Təhsil İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ali təhsilli müəllimdir. Əmək fəaliyyətinə 1979cu ildə İmişli şəhər 4 saylı orta məktəbdə müəllim kimi başlamış, burada 10 il işləmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, xx.xx.1989-cu ildə İmişli şəhər 2 saylı uşaq bağçasına müdir təyin edilmişdir. İşlədiyi müddətdə əmək və icra intizamına ciddi riayət etmiş, əmək fəaliyyəti dövründə ona “Qızıl Qələm” media mükafatı laureatı, “Xan qızı Natəvan” mükafatı fəxri diplomu, “Abdulla Şaiq” mükafatı fəxri diplomu, “Zirvə" fəxri diplomu verilmişdir. “Qarabağ Azərbaycandır” layihəsinə görə “Xarı Bülbül" medalına layiq görülmüş, dəfələrlə “İlin ən yaxşı bağça müdiri” fəxri diplomunu almış, 15-dən artıq fəxri diplom, fəxri fərman və sertifikatları vardır. Üç kitab müəllifi, dəfələrlə mətbuatda elmi-publisistik yazıları dərc edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin imzaladığı 22 may 2023-cü il tarixli 3-29/3-1-626 K/2023 saylı əmrə əsasən mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilibdir. Onun işdən azad edilməyi barədə əmr yuxarıda sadalananlara və aşağıdakı normativ hüquqi-aktlara əsasən tamamilə qanunsuz və əsassızdır. Əmək Məcələsinin 10-1.2-ci maddəsi ilə müəyyən edilmiş tələblər çərçivəsində və Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-346 nömrəli əmrinə müvafiq olaraq, ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər: "Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. “Mil-Muğan Regional Təhsil İdarəsi” əmri onunla əsaslandırmışdır ki, 05 aprel 2023-cü il tarxində İmişli şəhər 2 saylı uşaq bağçasında monitorinq aparılmışdır. Monitorinqin nəticəsi olaraq “Mil-Muğan Regional Təhsil İdarəsi”-nin 13 aprel 2023-cü il tarixli 3-29-41/3-1-161K/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən töhmət verilmişdir. Bu töhmətin verilməsindən onun xəbəri olmamış, töhmət gizli şəkildə verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər.Belə hallarda işəgötürən kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, işçini aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, yaxud əmək müqaviləsini Əmək məclləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək hüququna da malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-ci maddəsinə əsasən İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İntizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq da edilə bilər. Lakin xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.4ci maddəsinə əsasən İşə götürənin özünün intizam məsuliyyətinə cəlb edilməsi isə onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi verilərkən Məcəllənin 189-cu maddəsində göstərilmiş şərtlər gözlənilməlidir: İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. “Dövlət rüsumu haqqında” Qanuna əsasən əmək mübahisələrinə dair tələblərlə məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödənilmir. Onun əvvəlki iş yerinə-İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunmağı və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-29-41/2-25/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair 2-1(120)-4225/2024 nömrəli iş üzrə Şirvan İnzibati Məhkəməsinin Qərardadı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən qəbul edilmişdir. İş üzrə İddiaçı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o İmişli şəhər 2 nömrəli uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən çalışmanın yaş həddinə çatdığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 22 may 2023-cü il tarixdən xitam verilmişdir. Qanunvericiliyə uyğun olaraq ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş və 22 avqust 2023-cü il tarixli məktubla ona müraciət olunaraq əmək kitabçasını təhvil alması xahiş olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22 may 2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, iş materiallarından görünür ki, iddiaçı müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 377.1ci maddəsinə görə, “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. Mülkü Məcəllənin 375.2-ci maddəsinə əsasən, "Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarıması üçün əsasdır”. “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdaki kimi müəyyəndirilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1. O hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; 2. İddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; 3. İddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Lakin, iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq xeyli müddət sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirik ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərinlənlərə əsasən iddiaçının işə bərpa tələbinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə ərizə rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iş üzrə İddiaçı Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı dövlət qulluqçusu deyil və o, işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuşdur. Təhsil müəssisələrində əmək fəaliyyəti ilə məşğul olan müllimlərlə əmək müqavilısinin bağlanılması və ya ləğv edilməsi nazirliyin funksiyasına aid deyildir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi işəgötürən tərəfindən həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti mülki (əmək) münasibətlərindən yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir, inzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir, inzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülkihüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. İddiaçı isə hazırkı iddianı irəli sürməklə məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə, əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə ehtiyac olarsa cərimə tətbiq etmək kimi səlahiyyətə malikdir. Lakin məhkəmə bir dəfə baxılan işə qəbul edilən qərarın icra edilməməsi ilə bağlı yenidən baxmaq səlahiyyətinə malik deyil. Əks yanaşma isə məhkəmə qərarlarının formal sənəd hesab edilməsi, eyni məsələ ilə bağlı çıxarılmış məhkəmə qərarı icra edilmədiyinə görə yeni məhkəmə qərarlarının qəbul edilməsi və icrasız qalması kimi məntiqə uyğun olmayan nəticəyə səbəb olacaqdır ki, göstərilənlər nəzərə alınmaqla iddiaçıya qərarın icrasının təmini üçün sadə formada ərizə verilməsi hüquqi izah edilmiş, ayrıca iddianın qaldırılmalı olmaması diqqətinə çatdırılmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçıların diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əvvəlki iş yerinə-İmişli şəhər 2 saylı uşaq baxçasının müdiri vəzifəsinə bərpa olunmağı və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əvvəlki iş yerinə-İmişli şəhər 2 saylı uşaq baxçasının müdiri vəzifəsinə bərpa olunmağı və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar