Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1411/2022 21.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 21 oktyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından ötrü müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.1988-xx.xx.1993-cü illəri iş stajı kimi qəbul etməyərək imtina vermişdir. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq olunan siyahısı iizrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”-nin 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hiiququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarınm təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasındakı iş, hərbi xidmət və təhsil aldığı dövrlər nəzərə alınarsa xx.xx.2016-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır (cəmi 20 il 11 ay 15 gün); 1974-1978 (4 il); xx.xx.1978-xx.xx.1980 (1 il 11 ay 20 gün); xx.xx.1980- xx.xx.1988 (7 il 6 ay 5 gün); xx.xx.2000-xx.xx.2002 (1 il 9 ay 21 gün); xx.xx.2005-xx.xx.2011 (3 il 2 ay 15gün); xx.xx.2011-xx.xx.2014 (2 il 5 ay 14 gün). Bundan başqa, iddiaçının güzəştli iş stajı da tələb edilən 12 il 6 aydan azdır (cəmi 4 il 1 ay 14 gün): xx.xx.2005-xx.xx.2009 və xx.xx.2011-xx.xx.2011). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ–İ № ******* nömrəli, 28 noyabr 1980-ci il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixli, 113 nömrəli əmrə əsasən 2 saylı trestin 24-İS-də qəbul olunana qədər əmək stjına malik olmayıb 2 saylı trestin 24-İS-ə 6-cı dərəcəli bənna briqadiri qismində qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 10 nömrəli əmrə əsasən maddi məsuliyyətin qoyulması ilə usta vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarxili, 57/k nömrəli əmrə əsasən 2 saylı iş icraçısı təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 11/k nömrəli əmrə əsasən 2 saylı baş iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixli, 6-k nömrəli əmrə əsasən İdarənin dislokasiyası ilə bağlı iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixli, 74-k nömrəli əmrə əsasən Azərbaycan SSR ƏhQM-nin 38-ci maddəsinin 1-ci bəndi ilə işdən azad edilmiş, xx.xx.1986-cı il tarixli, 74-k nömrəli əmrə əsasən 6 saylı qeyd etibarsız hesab edilmiş, 2 saylı trestin SMD-168 saylı sərancamına keçirilmiş, xx.xx.1987ci il tarixli, 1-k nömrəli əmrə əsasən 2 saylı trestin SMD-168, 2 saylı trestin 24-Tİ-dən köçürmə yolu ilə iş içraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 133-k nömrəli əmrə əsasən ştat cədvəlinin qısaldılması ilə usta qismində köçürülmüş, xx.xx.1988-ci il tarixli, 29-k nömrəli əmrə əsasən 141 saylı Sabirabad mexaniki təsərrüfat səyyar dəstəsinə köçürülmə ilə işdən azad olunmuş, xx.xx.1988-ci il tarixli, 50 nömrəli əmrə əsasən 141 saylı Sabirabad RSMD SMD-168-ə köçürülməsi ilə baş usta qismində qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 131 nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixli, 03 nömrəli əmrə əsasən Aqropromstroy tr. 8 RSMD 145-ə keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 04 nömrəli əmrə əsasən 8 saylı tr. Sabirabad RSMD 145-ə tr. 8 RSMD 145-dən köçürülmə ilə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 91 nömrəli əmrə əsasən RSMD 83/141-ə köçürülməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 86 nömrəli əmrə əsasən 141 saylı Sabirabad RSMD RSMD 145-dən köçürülməsi ilə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 22 nömrəli əmrə əsasən TİŞ-ə köçürülməsi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli, 7 nömrəli əmrə əsasən Sabirabad rayon 87 nömrəli səyyar mexanikləşdirilmiş dəstəyə iş icraçısı qəbul edilmiş, xx.xx.1993-cü il tarixli, 12 nömrəli əmrə əsasən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2000-ci il tarixli, 8 nömrəli əmrə əsasən Hacıqabul rayon Telekommunikasiya qovşağına Bakı kassası rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2000ci il tarixli, 16 nömrəli əmrə əsasən ixtisasla əlaqədar olaraq xəzinədar vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixli, 5 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Ə/M-nin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 51 nömrəli arayışından görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan 141 və 145 saylı MPMK-nın sənədləri araşdırıldı, lakin İddiaçı adı aşkar edilmədi. 87 saylı SMDnin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 302 nömrəli arayışından görünür ki, 2 saylı trestin nəzdində olan 24 saylı SUM-n arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. İş materiallarında olan “SOCAR”ın xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdü X1 həqiqətən X3 İşləri İdarəsində və X5 İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış, X3 İşləri İdarəsi və X5 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestinin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi xx.xx.2012-ci il tarixdən X4 İdarəsinin tərkibinə verilmişdi. SOCARın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, Qazmaservis və Logistika idarəsi ləğv edilmiş Logistika bölümü kimi fəaliyyət göstərir. SOCAR-nin xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X4 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında”xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz”, “Abşeron İstehsalat bölümləri hal- hazırda “Abşeron” İstehsalat bölümü kimi, keçmiş “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə barədə xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən 10.1 b) iş icraçısı, 10.1 a) qülləquraşdıran peşələrinin güzəştli iş stajı 04 il, 01 ay, 14 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” tresti “Sahil” Qazma İşləri İdarəsinin xx.xx.2011-ci il tarixli, 100-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli, 510 nömrəli müqaviləyə əsasən xx.xx.2011-ci il tarixdən “Sahil” Qazma İşləri İdarəsinə anbar təsərrüfatının müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” tresti “Sahil” Qazma İşləri İdarəsinin xx.xx.2014-cü il tarixli, 100-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (ştatların ixtisar edilməsi” işdən azad edilmişdir. İş materiallarında olan 23 mart 1978-ci il tarixli, Ю № 003201 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə Politexnik texnikumuna daxil olmuş və 1978-ci ildə “Sənaye və mülki tikintiləri” ixtisası üzrə tam kursu bitirmişdir. Bundan əlavə, iş materiallarında olan НЗ-3666126 saylı hərbi biletdən görünür ki, İddiaçı 04 may 1978-ci il tarixdən 24 aprel 1980-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 28 noyabr 1980-ci il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçanızda xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Sabirabad rayonu 141 və 145 saylı MPMK-də işlədiyiniz qeyd olunmuşdur. Lakin adıçəkilən müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və arxiv sənəd materiallarının saxlanılmaması səbəbindən sosial sığorta stajınızın doğruluğunu yoxlamaq mümkün olmamışdır. Buna görə də xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün olmadığından sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 1 ay 14 gün (xx.xx.2005-xx.xx.2009-cu il və xx.xx.2011xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (Qanun qüvvədən düşmüşdür) 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1). iddiaçının 57 yaşının tamam olması; 2). 25 il ümumi iş stajının mövcud olması; 3). 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4). fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 01 iyul 2016-cı il tarixdə 57 yaşı tamam olsa da, eləcə də 57 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olsa da, həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versə də, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Belə ki, iddiaçı iddia edir ki, xx.xx.1988-ci il tarixli, 50 nömrəli əmrə əsasən 141 saylı Sabirabad RSMD SMD-168-ə köçürülməsi ilə baş usta qismində qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 131 nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixli, 03 nömrəli əmrə əsasən Aqropromstroy tr. 8 RSMD 145-ə keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 04 nömrəli əmrə əsasən 8 saylı tr. Sabirabad RSMD 145-ə tr. 8 RSMD 145-dən köçürülmə ilə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 91 nömrəli əmrə əsasən RSMD 83/141-ə köçürülməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 86 nömrəli əmrə əsasən 141 saylı Sabirabad RSMD RSMD 145-dən köçürülməsi ilə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 22 nömrəli əmrə əsasən TİŞ-ə köçürülməsi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli, 7 nömrəli əmrə əsasən Sabirabad rayon 87 nömrəli səyyar mexanikləşdirilmiş dəstəyə iş icraçısı qəbul edilmiş, xx.xx.1993-cü il tarixli, 12 nömrəli əmrə əsasən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan xx.xx.1988-xx.xx.1993-cü illəri iş stajı kimi qəbul etməyərək imtina vermişdir. Cavabdeh inzibati orqan isə iddiaçının bu dəlilini əsassız hesab edərək bildirir ki, Mərkəzi Filiala təqdim etdiyiniz 28 noyabr 1980-ci il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçanızda xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Sabirabad rayonu 141 və 145 saylı MPMK-də işlədiyiniz qeyd olunmuşdur Lakin adıçəkilən müəssisənin arxiv sənədləri Azərbaycan Respublikası Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və arxiv sənəd materiallarının saxlanılmaması səbəbindən sosial sığorta stajınızın doğruluğunu yoxlamaq mümkün olmamışdır. Buna görə də xx.xx.1988xx.xx.1993-cü il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün olmadığından sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 1 ay 14 gün (xx.xx.2005-xx.xx.2009-cu il və xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə cavabdeh inzibati orqan iddiaya etirazda iddiaçının əmək kitabçasındakı iş, hərbi xidmət və təhsil aldığı dövrlər nəzərə alınarsa xx.xx.2016-cı il tarixədək ümumi iş stajı 25 ildən az (cəmi 20 il 11 ay 15 gün); 1974-1978 (4 il); xx.xx.1978xx.xx.1980 (1 il 11 ay 20 gün); xx.xx.1980- xx.xx.1988 (7 il 6 ay 5 gün); xx.xx.2000xx.xx.2002 (1 il 9 ay 21 gün); xx.xx.2005-xx.xx.2011 (3 il 2 ay 15gün); xx.xx.2011xx.xx.2014 (2 il 5 ay 14 gün) təşkil etdiyini bildirir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi Sabirabad rayonu 141 və 145 saylı MPMK-nın xx.xx.1988-xx.xx.1993-cü illəri əhatə edən dövrün sənədlərinin arxivdə aşkar edilməməsi, arxiv sənəd materiallarının saxlanılmaması səbəbindən sosial sığorta stajının doğruluğunu yoxlamağın mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Lakin məhkəmə qeyd edir ki, hətta iddiaçının Sabirabad rayonu 141 və 145 saylı MPMK-da işlədiyi xx.xx.1988-xx.xx.1993-cü illər güzəştli iş stajı kimi nəzərə alınsa belə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 1 ay 14 gün + 5 il 1 ay 28 gün= 9 il 3 ay 12 gün) təşkil edir. Belə olan halda, məhkəmənin qənaətinə görə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1411/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1411/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver