Məhkəmə qərarları › İş №2-1(120)-1411/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1411/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1411/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2008-ci il tarixində təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.1992-ci ildə xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində iştirakına və yaralandığına görə təyin edilən pensiyanın bərpa edilməsi və ödənilməyən müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X9, Salyan rayonlararası Psixiatriya Xəsətəxanası və Səhiyyə Nazirliyinin Respublikası X4 Hüquqi Şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2008-ci il tarixində təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 sentyabr 1992-ci ildə xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikasının Torpaqlarının bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində iştirak etmiş və döyüş şəraətində minaya düşərək yaralanmışdır. Bunu təsdiq edən hərbi bileti, epikiriz və digər sənədləri vardır. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE - 01 № 653308 saylı, 3036 nömrəli arayışı əsasında ona Azərbaycan Respublikasının Torpaqlarının Müdafiəsi zamanı yaralandığı üçün 2 (ikinci) qrup əlil kimi müddətsiz əlillik təyin edilmişdir. Daha sonra 21 iyul 2022-ci il tarixdə, **********7 nömrəli bildiriş əsasında 19 avqust 2022-ci il tarixə, saat 11:20-yə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuş, əyani müayinəyə gələrkən özü ilə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varis, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri aparmağı xahiş olunmuşdur. Bildirişdə göstərilən tarixdə müvafiq sənədlər əsasında həmin müayinədə iştirak etmiş və ona formal olaraq baxış keçirilmişdir. Hal-hazırda 5 aydır ki, onun müavinəti kəsilmişdir. 17 sentyabr 1992-ci ildə xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikasının Torpaqlarının bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində iştirakına və yaralandığına görə təyin edilən pensiyanın bərpa edilməli və ödənilməyən müavinətin ödənilməlidir. Buna qədər xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək 17 sentyabr 1992-ci ildə xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikasının Torpaqlarının bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində iştirakına və yaralandığına görə təyin edilən pensiyanın bərpa edilməli və ödənilməyən müavinətin ödənilməsini xahiş etmişdir. Bu ərizəni xx.xx.2022-ci il tarixdə, sifarişli və xəbərnaməli göndərsədə, bu günə kimi ona rəsmi və ya qeyri rəsmi heç bir məlumat verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edildiyi müəyyən edilmişdir. Bir sözlə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 14 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2008-ci il tarixli, SER TSE-01 653308 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı ilə əlaqədar xx.xx.2008-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2023-cü il tarixli T 865/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1,2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən Şirvan şəhər xəstəxanasından xx.xx.2023-cü il tarixdə “K56.5-qarm boşluğun qəlpəli odlu silah yaralanması, nazik bağırsağın zədələnməsinə görə laporatom’ (xx.xx.1993), nazik bağırsaq yarasının tikilməsi, sonradan kəskin bağırsaq keçməməzliyinə görə relaporatomik bitişmələrirt ayrılması, keçməməzliyin ləğvi əməliyyatlarından (xx.xx.1993) sonrakı bitişmələr xəstəliyi ağrı sindromu ilə, K91.1-qidalanma və həzm pozğunluqları, essensial tremor, üzvi dissosiativ pozğunluq, aşağı ətrafların çoxsaylı metal yad cisimləri, K81.1-xroniki xolesistİt, xr. qastrit, aşağı ətrafların metal yad cisimləri” diaqnozu ilə evə yazılmışdır. Qeyd edilən xəstəliklərə onda hazırda da rast gəlinir və həmin xəstəliklər ona ikinci qrup əlillik təyin edilərkən Forma 088-də olan diaqnozla eynilik təşkil edir. Onun tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilmiş diaqnoz stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsinin 0 % olması qeyd edilmişdir. Xəstəliklər tam reabilitasiya olunmurlar, kəskinləşdikdə əlavə müalicəyə cəlb oluna bilərlər. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-24252/2024 nömrəli məktubundan görünür ki, Agentliyin arxiv sənədləri arasında araşdırma nəticəsində İddiaçı dair xx.xx.1993-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.1994-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı mövcuddur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, vətəndaşa xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Sonrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaşa dair Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən İ00106799YVF və J00187053HİE nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər və müraciəti əsasında İddiaçı müvafiq olaraq xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində xx.xx.2022-ci il tarixində Agentliyə müraciəti daxil olmuş və cavablandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X8 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18- 1-70/2-1118/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon Ulacalı kənd sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Soltənəli oğlu xx.xx.1993-ci il tarixdən Sabirabad rayon X1 şöbəsində dispanser qeydiyyatdadır. İddiaçı adına forma 88 tərtib olunaraq xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsi ilə TSEK-ə göndərilmişdir. TSEK-in qərarı “Diaqnoz əlillik əlaməti təyin etməməsi” olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14401 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə daxil olmuş, xx.xx.2024-cü il tarixdə xəstəxananın Həkim Psixiatr Komissiyası tərəfindən müayinə edilərək “Üzvi (X7) dissosiativ pozuntu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu müəyyən edilmiş, xəstə xx.xx.2024-cü il tarixdə evə yazılaraq ona xəstəlik tarixindən çıxarış verilmişdir. Respublika Psixiatriya Xəstəxanası psixi xəstələrin diaqnostika və müalicəsi ilə məşğul olur, psixi xəstələrə əlilliyin təyini xəstəxananın səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 305 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Sabirabad RMX-nın xx.xx.2024-cü il tarixli №1589 saylı göndərişinə əsasən Həkim Psixiatrik Komissiyasından müayinədən keçirilmişdir. Aparılan psixiatrik müayinələrə və təqdim edilmiş tibbi sənədlərə əsaslanaraq ona “Üzvi mənşəli (yanvar 1993-cü il İ Qarabağ müharibəsində yaralanma) dissosativ konversion pozuntu, koqnitiv funksiyaların zəifləməsilə” diaqnozu təsdiq edən 298 saylı tibbi rəy verilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28-ci maddəsinə görə aşağıdakılar İnzibati icraatın başlanılması üçün əsaslar hesab olunur: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti xx.xx.1993-cü il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə bir il müddətinə (xx.xx.1994-cü il tarixinədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmiş, daha sonra xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır və iddiaçı 2022-ci ilin sentyabr ayınadək əlil statusunda olmuşdur. onrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş və diaqnozun öz təsdiqini tapmaması barədə qərar verilmişdir. Lakin cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, natamam qərar qəbul edilmişdir. Cavabdeh iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin səhiyyə müəssisəsi tərəfindən ləğv və ya etibarsız hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, normativ aktla əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir.Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçı əyani müayinəyə dəvət edilsə də, onunla bağlı müvafiq müayinələr aparılmadan, yalnız səthi yanaşılaraq ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkar edilmədiyi bildirilmişdir.Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, inzibati orqan tərəfindən araşdırma üçün əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması olduğu bildirilsə də, qeyd edilən halın səbəbləri əsaslandırıla bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Və beləliklə də, istinad edilən normativ aktların məcburi tələbləri təmin edilməmiş, inzibati icraat aparılmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Hər bir halda məhkəmə tərəfindən İddiaçı qeyd edilən xəstəliklərin mövcudluğu barəsində də tam araşdırılma aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2023-cü il tarixli T 865/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən Şirvan şəhər xəstəxanasından xx.xx.2023-cü il tarixdə “K56.5-qarm boşluğun qəlpəli odlu silah yaralanması, nazik bağırsağın zədələnməsinə görə laporatom’ (xx.xx.1993), nazik bağırsaq yarasının tikilməsi, sonradan kəskin bağırsaq keçməməzliyinə görə relaporatomik bitişmələrirt ayrılması, keçməməzliyin ləğvi əməliyyatlarından (xx.xx.1993) sonrakı bitişmələr xəstəliyi ağrı sindromu ilə, K91.1-qidalanma və həzm pozğunluqları, essensial tremor, üzvi dissosiativ pozğunluq, aşağı ətrafların çoxsaylı metal yad cisimləri, K81.1-xroniki xolesistİt, xr. qastrit, aşağı ətrafların metal yad cisimləri” diaqnozu ilə evə yazılmışdır. Qeyd edilən xəstəliklərə onda hazırda da rast gəlinir və həmin xəstəliklər ona ikinci qrup əlillik təyin edilərkən Forma 088-də olan diaqnozla eynilik təşkil edir. Xəstəliklər tam reabilitasiya olunmurlar, kəskinləşdikdə əlavə müalicəyə cəlb oluna bilərlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 305 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Sabirabad RMX-nın xx.xx.2024-cü il tarixli №1589 saylı göndərişinə əsasən Həkim Psixiatrik Komissiyasından müayinədən keçirilmişdir. Aparılan psixiatrik müayinələrə və təqdim edilmiş tibbi sənədlərə əsaslanaraq ona “Üzvi mənşəli (yanvar 1993-cü il İ Qarabağ müharibəsində yaralanma) dissosativ konversion pozuntu, koqnitiv funksiyaların zəifləməsilə” diaqnozu təsdiq edən 298 saylı tibbi rəy verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14401 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə daxil olmuş, xx.xx.2024-cü il tarixdə xəstəxananın Həkim Psixiatr Komissiyası tərəfindən müayinə edilərək “Üzvi (X7) dissosiativ pozuntu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu müəyyən edilmiş, xəstə xx.xx.2024-cü il tarixdə evə yazılaraq ona xəstəlik tarixindən çıxarış verilmişdir. Eləcə də, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X8 məhkəməyə ünvanladığı ambulator kitabçanın surətinə, ambulator kitabçadan çıxarış sənədlərinə baxılan zaman İddiaçı qeyd edilən xəstəliklərdən əziyyət çekdiyi, mütəmadi olaraq müalicələr aldığı müəyyən edilir. Həmçinin cavabdeh etirazında qeyd etmişdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hərəkəti və qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2008-ci il tarixində təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar