Məhkəmə qərarları › İş №2-1(120)-1413/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1413/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1413/2020 19.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçılar İddiaçı21, İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı26, İddiaçı7, İddiaçı3 və İddiaçı5, nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin cavabdeh Saatlı rayon Azadkənd bələdiyyəsinə qarşı “kəndin ümumi istifadəsində olan, lakin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək kəndin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və digərləri cavabdeh Saatlı rayon Azadkənd bələdiyyəsinə qarşı “kəndin ümumi istifadəsində olan, lakin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək kəndin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün xx xxxxxx 2020-ci il tarixdə, saat 15.00da məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda iddiaçılardan iddianın mümkünlük məsələsinin həll edilməsi üçün hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasına və yaxud pozulmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar və cavabdeh Saatlı rayon Azadkənd bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə digər iddiaçıların və cavabdeh Saatlı rayon Azadkənd bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki,məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçıların tələbinin əsası ondan ibarətdir ki,Saatlı rayonunun Azadkənd Bələdiyyəsi ərazisində kənd sakinlərinin mal-qarası üçün ümumi istifadə etmək məqsədi ilə örüş torpaq sahələri ayrılmışdır. Kənd sakinləri həmin torpaq sahəsindən istifadə etməklə təsərrüfat işləri ilə məşğul olmuşdur. Onların dolanışığı təsərrüfat və maldarlıq işlərindən əldə etdiyi qazancı ilə olmuşdur. Lakin Saatlı rayonunun Azadkənd Bələdiyyəsinə məxsus kəndinin ümumi istifadəsində olan örüş torpaq sahəsi qanunsuz olaraq ayrı-ayrı şəxslər tərəfindən zəbt edilmişdir. İddiaçılar Saatlı rayonunun Azadkənd Bələdiyyəsinə dəfələrlə müraciət edərək bələdiyyənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş, lakin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunan örüş torpaq sahəsinin kənd sakinlərinin istifadəsinə qaytarılması üçün tədbirlər görməsini xahiş etmişdir. Lakin Saatlı rayonunun Azadkənd Bələdiyyəsi kənd sakinlərinin mal-qarası üçün ümumi istifadə etmək məqsədi ilə ayrılmış və hazırda ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş örüş torpaq sahələrinin zəbtdən azad edilərək kəndin ümumi istifadəsinə qaytarılması üçün hər hansı təbirlər görməmiş və bununla bağlı məhkəməyə müraciət etməmişdir. Odur ki, kəndin ümumi istifadəsində olan, lakin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək kəndin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçılara dəfələrlə yazılı, həm də şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçılar və onların nümayəndəsi iddia tələbinə inzibati icraat qaydasında mahiyyəti üzrə baxılmasını tələb etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müraciət ərizəsindən görünür ki, iddiaçılar hazırkı tələblə bağlı cavabdeh Saatlı rayonu Azadkənd bələdiyəsinə müraciət olunmuş və cavabdehdən müraciətə rəsmi yazılı cavab verilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli, kol-205 nömrəli məktubunda qeyd edilmişdir: “Saatlı rayonu Azadkənd bələdiyyəsinin ərazisindəki ümumi istifadədə olan örüş torpaq sahələrinin kənd sakinlərinin ümumi istifadəsinə verilməsinə köməklik göstərilməsi barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən İmişli regional ədliyyə idarəsinə daxil olmuş kollektiv müraciətinizə baxılmışdır. Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri ilə bağlı xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar müraciətinizdə göstərilən məsələlərlə bağlı izahatınızın alınması və qəbul olunmağınız mümkün olmamışdır. Ona görə də idarənin əməkdaşı tərəfindən Sizə məxsus (050) ***-**- ** nömrəli mobil telefonla Sizinlə əlaqə saxlanılmış, telefon əlaqəsi zamanı Koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar imişli regional ədliyyə idarəsinə gölə bilməyəcəyinizi, müraciətdə göstərilənləri təsdiq edərək kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrinin uzun müddətdir ki, Azadkənd bələdiyyəsinin sədri tərəfindən ayrı-ayrı şəxslərə verildiyini, kənd sakinlərinin heyvanların otarılması üçün uzun müddət dövlətə məxsus torpaq sahəsindən istifadə etdiklərini, bələdiyyə mülkiyyətinə aid örüş sahələrinin isə bu dövrdə ayrı-ayrı kənd sakinlərinə verildiyini, dövlətə məxsus torpaq sahələri özəlləşdirildikdən sonra heyvanların otarılması üçün örüşotlaq sahəsi olmadığını, tələbinizin mal-qaraların otarılması məqsədilə sözügedən torpaq sahələrinin kənd sakinlərinin ümumi istifadəsinə qaytarılmasından ibarət olduğunu, başqa heç bir tələbinizin olmadığını bildirmişsiniz. Müraciətinizə baxılması ilə əlaqədar Saatlı rayonu Azadkənd bələdiyyəsindən məsələyə aydınlıq gətirilməsi üçün arayış tələb edilərək alınmışdır. Bələdiyyənin xx.xx.2020-ci il tarixli arayışında Sizin və digərlərinin bu cür şikayətlər etməklə bələdiyyənin fəaliyyətinə kölgə salmağa çalışdığınızı, belə ki, Azadkənd kəndinin ərazi sərhədlərinə yaxın olan ərazidə dövlətə məxsus ehtiyat fond torpaq sahələri olduğu, siz və digər kənd sakinləri mal-qaralarınızın otarılması üçün həmin torpaq sahələrini uzun müddət örüş kimi istifadə etdiyinizi, dövlətə məxsus olan bu torpaq sahələrinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə əkin dövriyyəsinə keçirilərik başqa şəxsə satıldığı, bundan sonra Sizin mal-qaralarınızı otarmaqda çətinlik çəkməyə başladığınızı, bələdiyyə mülkiyyətinə məxsus ümumi istifadədə olan örüş-otlaq sahələri həmin dövrdə istifadəsiz qaldığından bəzi kənd sakinlərinin sözügedən torpaq sahələrini tutaraq orada dövlət ehtiyaclarını qarşılamaq üçün pambıq və taxıl əkdikləri, həmin şəxslərə ümumi istifadədə olan torpaq sahələrini boşaltmaları üçün dəfələrlə xəbərdarlıq görülmədiyi, qeyd edilən torpaq sahələrinin bələdiyyə tərəfindən ayrı-ayrı şəxslərə verilməsi barədə göstərilənlərin həqiqətə uyğun olmadığı, həmçinin Sizin, İddiaçı5 və müraciətdə adları qeyd olunan digər şəxslərin övladları və yaxın qohumları da kənd sakinlərinin ümumi istifadəsinə ayrılmış torpaq sahələrindən istifadə edərək orada əkin işləri apardığı, Sizin və müraciətdə adları qeyd olunan digər şəxslərin əsas məşğuliyyətinin heyvan saxlamaq olduğu, bələdiyyəyə rəsmi müraciət edəcəyiniz təqdirdə ehtiyat örüş fondundan kifayət qədər torpaq sahəsi verilməsi məsələsinə baxıla biləcəyi, bundan başqa ümumi istifadədə olan torpaq sahələrində aparılan əkin-biçin mövsümü başa çatdıqdan sonra həmin torpaq sahələri ilə bağlı bələdiyyə tərəfindən müvafiq tədbirlər görüləcəyi, hüquqlarınıza və qanuni mənafelərinizə bələdiyyə tərəfindən zərər vurulmadığı göstərilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Azadkənd bələdiyyəsinin ümumi istifadədə olan torpaq sahələri həqiqətən ayrı-ayrı kənd sakinləri tərəfindən zəbt edilərək əkilmişdir. Bildiririk ki, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, jyerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü, 4-cü və 6-cı bəndlərinə görə bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahğləri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə' olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpağlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda 1 olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.Torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyələr qanunsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün zəruri tədbirlər görməyə borcludurlar Zəbt olunmuş torpaq sahələrinin bələdiyyə mülkiyyətinə geri qaytarılması üçün bələdiyyələr aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət edə bilərlər. Bildiririk ki, bələdiyyənin icarə predmeti olan boş torpaq sahələrinin, icarə müqaviləsinin müddəti başa çatmış torpaq sahələrinin hərrac və ya müsabiqəyə çıxarılması, eyni zamanda zəbt olunmuş torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması üçün qanunamüvafiq tədbirlərin görülməsi Azadkənd bələdiyyəsinin sədri F.Rəhmanovun diqqətinə çatdırılmışdır.Əlavə olaraq diqqətinizə çatdırırıq ki, “Bələdiyyələrin statusu haqqında'' Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər”. İş materiallarında olan Saatlı rayonu Azadkənd bələdiyəsin məhkəməyə göndərdiyi münasibət də qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi islahat zamanı bələdiyyənin mülkiyyətinə ayrılmış az yararlı torpaq sahələridir. Həmçinin Azadkənd bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan alqı-satqı edilməmişdir. Ümumiyyətlə müraciətdə adları qeyd edilən şəxslərin hüquq və mənafelərinə bələdiyyə tərəfindən heç bir zərər vurulmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçılarınhazırda mübahisələndirdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla ayrı-ayrı şəxslər tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir. Hazırda iddiaçılar mübahisəli torpaq sahəsinin həmin şəxslərdən geri alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edirlər. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını və iddiaçıların tələbinin mümkünlüyünü aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”Azərbaycan Respublikasının Qanunun5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Eyni zamanda müəyyən edilmişdir ki, qeyriqanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq bələdiyyə tərəfindən aidiyyatı məhkəmədə iddia qaldırılmaqla qanunsuz sahiblikdən geri tələb edilə bilər. Hazırki halda cavabdeh orqanı məhkəmədə iddia qaldırmağa məcbur etmək yuxarıda qeyd edilən hüquq normalarının prinsipinə ziddir. Başqa sözlə cavabdeh inzibati orqanın üzərinə ona məxsus hüquqların icra edilməsi öhdəliyi qoyula bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hər hansı əsasla əhalinin (hazırkı iş üzrə iddiaçıların) ümumi istifadəsində olan və cavabdeh tərəfindən özgəninkiləşdirilməsi mümkün olmayan torpaq sahəsi barədə hər hansı faktiki xarakterli hərəkətlər və ya iddiaçılar üçün əlverişsiz hesab olunan müvafiq inzibati akt qəbul edilmiş olsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsi cavabdeh inzibati orqanın mülkiyyətində olsa da onun tərəfindən hər hansı əsasla heç kimin istifadəsinə və ya mülkiyyətinə verilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hüquqları pozulmamışdır. Başqa sözlə cavabdeh inzibati orüqanın üzərinə torpaq sahəsini zəbt edən şəxslərə qarşı mülkü icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq öhdəliyinin qoyulması yolverilməzdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin cavabdeh Saatlı rayon Azadkənd bələdiyyəsinə qarşı “kəndin ümumi istifadəsində olan, lakin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək kəndin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin cavabdeh Saatlı rayon Azadkənd bələdiyyəsinə qarşı “kəndin ümumi istifadəsində olan, lakin ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək kəndin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar