Məhkəmə qərarları › İş №2-1(120)-1417/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1417/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1417/2024 31.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunın sədrliyi, Məhkəmə iclas katibi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “OPEL MERİVA” markalı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “OPEL MERİVA” markalı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “OPEL MERİVA” markalı minik təyinatlı avtonəqliyyat vasitəsini “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru ilə rəsmiləşdirərək Azərbaycan Respublikasına gətirmişdir. Dövlət Gömrük Komitəsinə **********1914 saylı gömrük bəyannaməsi tərtib etməklə bəyan etmişdir. İddiaçı verdiyi etibarnamə əsasında Nümayəndə Gömrük postundan avtomobili götürmüş və DYP-dən tranzit nömrə alaraq istifadə etməyə başlamışdır. 10 gün ərzində avtomobil DİN BDYPİ-də rəsmiləşməli idi. Lakin həmin müddət ərzində avtomobilə məxsus Almaniya briflərini, Gömrük bəyannaməsini, Ekologiya sertifikatını və tranzit nömrəni naməlum şəraitdə itirmişdir. Sənədlərin itməsi Nümayəndə məlum olduqdan sonra dərhal 102 qaynar xətti vasitəsilə polisə məlumat vermişdir. Axtarış tədbirləri nəticə vermədiyinə görə Binəqədi RPİ-nin 7-ci Polis bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə AR DGK Aksizli mallar üzrə baş gömrük idarəsinə müraciət edərək, sənədlərin surətinin ona təhvil verilməsini xahiş etmişdir. Bu barədə AR DGK Aksizli mallar üzrə baş gömrük idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə rəsmi şəkildə məlumat verilərək sənədlərin surəti Nümayəndə təqdim edilmişdir. İddiaçının nümayəndəsi mövcud sənədlərin surəti ilə cavabdeh DİN BDYPİ-nə müraciət edərək, nəqliyyat vasitəsinin sənədləşdirilməsini xahiş etmişdir. Lakin, cavabdeh DİN BDYPİ tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli imtina məktubu təqdim edilmişdir. İmtina məktubunda Qeydiyyatimtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola biləcəyi qeyd edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən “OPEL MERİVA” markalı nəqliyyat vasitəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Lakin tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdirlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Daxili İşlər Nazirliyi BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-33-3300/2-000730/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı gətirdiyi 2005-ci il buraxılışlı, şassi W0L0XCE********** olan “OPEL MERİVA” markalı minik təyinatlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə tərəfimizdən **********1914 saylı gömrük bəyannaməsi tərtib edilməklə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis idarəsi 7-ci polis bölməsinin xx.xx.2023-cü il tarixli, 4/1-M-6310/11 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 xx.xx.1961-ci il təvəllüdlü Nümayəndə xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “OPEL MERİVA” minik markalı, OD-398-TR23 dövlət nömrə nişanlı avtomobilinə məxsus etibarnaməni, Almaniya briflərini, Gömrük bəyannaməsini, Ekologiya sertifkatını və Tranzit nömrənin texniki pasportunu naməlum şəraitdə itirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət etmişdir. Arayış DYPİ-nə təqdim etmək üçün verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-16/2-H-110438 nomrəli məktubunda qeyd edilmişdir ki, "OPEL MERİVA" markalı nəqliyyat vəsitəsinə aid bütün sənədlər itdiyi üçün rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X4 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, qeyd etdiyiniz "OPEL MERİVA" markalı nəqliyyat vəsitəsinə aid bütün sənədlərin itməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X4 İdarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vəsitəsinə aid bütün sənədlərin itməsini əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin qeydiyyata alınmasından imtina əsası kimi çıxış edə bilməz. Ağcabəd rayonui, H.Əliyev küçəsi, ev nömrə 1 ünvanında qeydiyyatda olan İddiaçı gətirdiyi 2005-ci il buraxılışlı, şassi W0L0XCE********** olan “OPEL MERİVA” markalı minik təyinatlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə tərəfimizdən **********1914 saylı gömrük bəyannaməsi tərtib edilməklə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmçinin, iş materialları ilə də müəyyən olunur ki, iddiaçı ölkəyə avtonəqliyyat vasitəsinin gətirilməsi ilə bağlı gömrük ödənişlərinin həyata keçirməsinə də təmin etmiş, avtonəqliyyat vasitəsi qanuni əsaslarla ölkəyə daxil edilmişdir. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı məxsus “OPEL MERİVA” markalı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus OPEL MERİVA” markalı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar