Məhkəmə qərarları › İş №2-1(120)-1418/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1418/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1418/2024 05.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47–49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə xx.xx.1969-cu il tarixdə Füzuli rayonunda anadan olmuşdur, 1993-cü ildə Füzuli rayonundan məcburi olaraq köçkün düşmüşdür. X6 xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, 1993-cü ildə Cəbrayıl rayonundan köçkün düşmüşdür. Atası 2023-cü ilin avqust ayında övladı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin 29 avqust 2023-cü il tarixli 3-36/2-R-58xxxx/2023/4420 nömrəli məktubu ilə övladları İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Həmçinin məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi atası Qanuni nümayəndə bildirmişdir ki, onlar məcburi köçkünlər üçün müəyyən olunan vahid aylıq müavinət alırlar.(kart hesabı təqdim edir) və əlavə olaraq qeyd edir ki, qızı İddiaçı tələbədir, o, Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü il tədris ilində bakalavriat səviyyəsində Hüquqşünaslıq ixtisası üzrə 1-ci kursda əyani təhsil alır. Və hal-hazırda onların imkanı olmadığı üçün təhsil haqqını ödəyə bilmirlər.Buna görə də iddianın təmin olunaraq məcburi köçkünlər üçün güzəştlərdən istifadə etməklə qızının da təhsil almasını istəyirlər. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının X6nın “övladına məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Füzuli rayonunun Horadiz şəhəri işğaldan azad olduğundan, 8 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğunuz kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından övladınız İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1 -ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi haqqında’’ Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Həmçinin, İddiaçı X6 da məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bildirirlər ki, Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X3mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X18 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1 -ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi 1994-cü ildə Horadiz səhəri işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış verlərini tərk edərək məcburi köçkün düsmə faktı bas verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və va həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə: bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş Füzuli rayonunun Horadiz şəhəri ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. Qanuni nümayəndə və X9 məcburi köçkün statusuna malik olmaları faktı belə onların övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X14 sonra təmas xətti ləğv edildiyindən İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı valideynləri işğaldan azad Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olduqlarından və təmas xətti ləğv edildiyindən İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildirilir ki, İddiaçı valideynləri işğaldan azad Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olduqlarından və təmas xətti ləğv edildiyindən İddiaçı Füzuli rayonu, Horadiz şəhərindən kəndindən məcburi köçkün düşə bilməzdi. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının qanuni nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuş övladı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Füzuli rayonu Horadiz şəhəri işğaldan azad olduğundan, xx.xx.2020-ci il tarixdən işğal olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduqları kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığına istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan 02 oktyabr 2003-cü il tarixli İİ-AZ 000962 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qanuni nümayəndə və X16 arasında rəsmi qaydada nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, AA seriyalı 175809 nömrəli məcburi köçkün vəsiqəsinin və AA ******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən surətlərinə əsasən, müəyyən olunur ki, X2 rayonunda doğulmuş, 1993-cü Füzuli rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AA seriyalı 296078 nömrəli məcburi köçkün vəsiqəsinin və AA ******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən surətlərinə əsasən, müəyyən olunur ki, X16 15 mart 1973-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuş, 1993-cü Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İV 742117 nömrəli doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 622 nömrə ilə qeydiyyata alınmış doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxx 2006-cı il təvəllüdlü İddiaçı Əbdurəhman qızı Azərbaycan Respublikasının Füzuli rayonu, Horadiz şəhərində doğulmuş və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Füzuli Rayonu İcra Hakimiyyəti Başçisinin Horadiz Şəhəri İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 şəhərinin 23 oktyabr 1993-cü il tarixində işğalına qədər Horadiz qəsəbəsində daimi pasport qeydiyyatında olmaqla yaşamışdır.Məcburi köçkündür. Məcburi köçkünlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X2 rayonundan məcburi köçkündür və ailəsi ilə birgə ünvan 2 ünvanında qeydiyyatdadrırlar və faktiki həmin ünvanda məskunlaşıblar. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, müəyyən olunur ki, X5 həqiqətən də məcburi köçkündür. Məcburi köçkünlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasından məhkəməyə ünvanlanmış məktuba əsasən, müəyyən olunur ki, İddiaçı Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü il tədris ilində bakalavriat səviyyəsində Hüquqşünaslıq ixtisası üzrə 1-ci kursda əyani təhsil alır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, müəyyən olunur ki, İddiaçı məcburi köçkünlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir və dövlət tərəfindən məcburi köçkünlər üçün verilən vahid aylıq müavinəti alır. Məhkəmə qeyd edir ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)— Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün” statusuna malik olan uşaqlara; Beləliklə, sadalanan normalardan görünür ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, "qanuni gözlənti” və "hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onların hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Eyni zamanda məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-652/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki,“Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.” Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı maddəsinə əsasən, müəyyən olunur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış, onun “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə ilə təmin olunmaq hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəməsinin qərarlarında (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı qərarları) da ifadə edilmişdir. Təmas xəttinin ləğv edilməsi, buna görə də iddiaçının valideynləri-atası Qanuni nümayəndə və X6 "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirməsinə gəldikdə, Azərbaycan Respublikasi Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz Şəhəri İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında, həmçinin cavabdehin ütiraz ərizəsində və məhkəməyə ünvanladığı məktublarda Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkün olması bildirilmiş, bu statusunu itirməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Bundan əlavə, Qanuni nümayəndə,X9 və ailə üzvlərinin hazırda da məcburi köçkün kimi müvafiq imtiyazlardan istifadə etmələri onların dövlət tərəfindən tanınmış məcburi köçkün statusunun hələ də qüvvədə olduğunu göstərir.Belə ki, işin araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının ata və anasına verilən məcburi köçkün vəsiqələri hələ də qüvvədədir, etibarlıdır və məcburi köçkün kimi müvafiq imtiyazlardan istifadə edirlər. Həmçinin iş materialları ilə Qanuni nümayəndə,X9 və ailə üzvlərinin əvvəl adətən yaşadığı yerə qayıtmaları, köçürülmələri və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmələri, yaxud dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edilmələri müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli imtinası əsassız olmuşdır. İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki,inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusunun və müvafiq olaraq “məcburi köçkün” vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar