Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1419/2021 16.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 (Şəki şəhəri, S.Mümtaz küçəsi, ev 2, mənzil 12-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, Salyan rayonu, Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə X9 şəxsin 6 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 30 iyun 2021-ci il tarixli, **********6 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına qarşı 1974-1986-cı illərdə Salyan rayon Arbatan kənd Əzizbəyov kolxozunda işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 16.12.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, 1974-1978-ci və 1980-1986-cı illərdə Salyan rayon “Əzizbəyov” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16.12.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1959-cu ildə Salyan rayonunun Arbatan kəndində doğulmuş, orta məktəbi qurtardıqdan sonra sabiq “Əzizbəyov” adına kolxozda işləmiş, işlədiyi illərdə kolxozdan ona əmək kitabçası verilməmişdir. 1974-cü ildən 15.05.1986-cı ilə kimi sabiq “Əzizbəyov” adına kolxozunda işləməsini Salyan rayon Dövlət Arxivi tərəfindən verilən 13.04.2021-ci il tarixli, 178 nömrəli arayışda təsdiqini tapır. Lakin Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialı ona yaşa görə əmək kitabçası olmadığı üçün həmin illəri sığorta stajı kimi qəbul etməmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq 1974-1978-ci və 1980-1986-cı illərdə Salyan rayon “Əzizbəyov” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında onun sahibinin imzası və onu verən müəssisənin möhürü yoxdur. Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.2-ci bəndinin 8-ci abzasına əsasən əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Həmin Qaydaların 3.11-ci bəndinə görə əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin əmək kitabçasının əvvəlində Salyan X3 işləyənə qədər iş stajının olmadığı qeyd olunmuşdur. Bu isı X6 filialının 13.04.2021-ci il tarixli, 178 nömrəli arayışında İddiaçı 1974-1978, 1980-1986-cı illərdə “Əzizbəyov” adına kolxozda işləməsi barədə qeyd olunmuş məlumatlarla ziddiyyət təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Beləliklə, hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1959-cu il -ci il tarixdə doğulmuşdur və 15.04.2021-ci il tarixdə 62 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 62-dir) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri (əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, Salyan rayonu, Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 26.05.1986-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 13.05.1986-cı il tarixdən 16.12.2013-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan X6 filialının 13.04.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1974-1978-ci və 1980-1986-cı illərdə Salyan rayon “Əzizbəyov” adına kolxozunda işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 6 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 30.06.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqları pensiya kapitalına çevrilməklə) Belə ki, təqdim etdiyi 13.04.2021-ci il tarixli, 178 nömrəli Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş 1974-cü il tarixdən 15.05.1986-cı illər arasında Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozunda işləməyi əmək kitabçasında yazılmadığı üçün qanunvericiliyin tələblərinə görə həmin illərin sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına malik olmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 6 saylı regional ərazi filialının 13.08.2021-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaşın ərizəsi ilə birlikdə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının surətini, X6 filialı tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, 178 nömrəli staj arayışını işə əlavə etmişdir. İddiaçı Salyan rayon “Əzizbəyov” adına kolxozunda 1974-cü ildən 30.04.1986-cı ilə kimi sığorta stajı 10 il 10 ay, o cümlədən 1974-cü il 10 ay, 1975-ci ildən 1986-cı ilə kimi 10 il, 1986-cı il 30 aprelə kimi isə 04 aydır. Əmək kitabçası üzrə sığorta stajı isə Salyan rayon X3 1986-2002-ci illər arasında 15 il 04 ay 15 gündür. İddiaçının sığorta stajı 26 il 02 ay 15 gündür. İddiaçının mübahisəli sığorta stajı 10 il 10 ay, mübahisəsiz sığorta stajı 15 il 04 ay 15 gündür. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 13.04.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X6 filialının 13.04.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə X6 filialının 13.04.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1974-1978 və 1980-1986-cı illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1974-1978-ci və 1980-1986-cı illərdə Salyan rayon “Əzizbəyov” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla 15.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1974-1978-ci və 1980-1986-cı illərdə Salyan rayon “Əzizbəyov” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla 15.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1419/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1419/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver