Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1419/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı onun ölkədən çıxışına, gedibgəlişinə qoyulmuş məhdudiyyətin götürülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 mart 2020-ci il tarixdə həmkəndlisi Etibar Məmiyev onu işə düzəldə biləcəyini, evdə otura-otura komputerdə işləyərək hər ay 300-400 manat maaş alacağını bildirmişdir. Etibar ona, Bakı şəhərində Zamiq adlı iş sahibi onunla müqavilə bağlayıb onu işə götürəcək, buna görə də Bakıya getməli olduğunu demişdir. Etibarla birlikdə Bakı şəhərinə gələrək Zamiq adlı şəxslə görüşmüş, onunla birlikdə Yasamal rayonu ərazisində yerləşən ASAN XİDMƏT-də notarius vasitəsi ilə müqavilə bağladıqdan (Zamiqə etibarnamə verdikdən) sonra Etibarla birlikdə Sabirabada yaşadığı evə qayıtmışdır. Zamiq ona “get, səni özümüz çağıracağıq” demişdir. Artıq bir ay keçəndən sonra xəbər olmadığını görüb Etibarla əlaqə saxlayaraq işin nə yerdə olduğunu suruşduqda o, işin alınmadığını demişdir. 2020-ci ilin iyul ayında Türkiyə vətəndaşı ilə ailə həyatı qurub Türkiyə Respublikasına getmişdir. 2021-ci ilin may ayında Türkiyədən qayıtdıqdan 2-3 gün sonra Şirvan 5 saylı vergi idarəsindən onun adına "xxxx" MMC-nin olması və həmin cəmiyyətin 4205.72 manat vergi borcunun olması barədə məktub almışdır. Bundan da əlavə Şirvan Kommersiya Məhkəməsinin onun vergi borcuna görə barəsində “ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdınlması” barədə qətnaməsini aldıqdan sonra məlumatlı olmuş ki, onun məlumatı olmadan adına belə bir şirkət açılıb. O, bu məsələ barədə Etibar Məmiyevə bildirəndə, Etibar heç nədən xəbəri olmadığını demişdir. Etibardan onu işə götürmək üçün müqavilə imzaladan həmin iş adanı Zamiq adlı şəxsin əlaqə nömrəsini istəyərkən Etibar, Zamiqin vəfat etdiyini bildirmişdir. Bakı şəhəri Yasamal Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Abdulla Əliyevin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda başına gələnlər təfsilatı ilə öz əksini tapmışdır. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında qeydə alınmış HK1-1245 nömrəli materialı üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1058/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Döviət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilmiş və onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq. Məhkəmə iddia ərizəsini, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşin araşdırılması zamanı müəyyən olmuşdur ki, iddianın xüsusi mümkünlük şərti kimi İddiaçı onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi barədə cavabdeh inzibati orqana rəsmi müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə iddiaçıya yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardım məktublarının alındığı qeyd edilmişdir. İddiaçıya cavabdeh inzibati orqana müraciət etməsi üçün uzun müddət verilmişdir. Lakin iddiaçı tərəfindən inzibati orqana eyni tələblə müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı eyni tələblə iddia qaldırmaq imkanını istisna etmir və o, “onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi” tələbi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməlidir. Müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə cavabdehə qarşı həmin tələblə məhkəmədə iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlər əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1419/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1419/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver