Məhkəmə qərarları › İş №2-1(120)-142/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-142/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-142/2020 17.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “sərhədlərin dəqiqləşdirilməsi və reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı sərhədlərin dəqiqləşdirilməsi və reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin İş № 2-1(086)-2529/2019 saylı 21 noyabr 2019-cu il tarixli qərardadı ilə X5, X6 və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 17 fevral 2020-ci il tarixdə, saat 15.00da məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda iddiaçıdan iddia ərizəsini dəqiqləşdirilməsi, həmçinin subyektiv hüququnun mövcudluğuna dair sübutların təqdim olunması üçün müddət təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi və üçüncü şəxslər X5, X6 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı sərhədlərin dəqiqləşdirilməsi və reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı hazırkı iddianı qaldırmaqda hüquqi marağını yəni subyektiv hüququnun pozulmasını X3 məxsus ticarət obyektinin anasına məxsus ticarət obyektinin binasının tərkibinə düşməsi ilə ifadə etmişdir. Bu baxımdan hesab edir ki, dövlət reyestrində aparılmış səhv aradan qaldırılmalı, hər iki ticarət obyektləri arasında sərhədlər dəqiqləşdirilməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə X3 məxsus (hazırda X4 məxsus olmaqla, "xxxx" QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdi) ticarət obyekti hansı hissədə iddiaçının mərhum anasına məxsus mağaza binasına düşdüyü müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərlə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.200019-cu il tarixli məktubu, həmin məktuba əlavə edilən sənədlər və torpaq sahəsinə dair digər sənədlərlə) müəyyən olunur ki, iddiaçının anası X1 məxsus 56 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin üçüncü şəxs X3 məxsus (hazırda X4 məxsus olmaqla, "xxxx" QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdi) 80 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında xx.xx.2011-ci tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmiş və kordinatları (sərhədləri) özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Göründüyü kimi X3 məxsus 80 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış binasının hüdudları (sərhədləri) bəlli, iddiaçının anası X1 məxsus 56 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasının hüdudları (sərhədləri) isə müəyyən deyildir. Ona görə də, məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraqiddianın mümkünlük məsələsinin həll edilməsi üçün xx.xx.2019cu il tarixli 2-1(086)-2529/2019 nömrəli məktubla iddiaçıya yardım edib, iddiaçıdan subyektiv hüququnun pozulmasını əks etdirən əlavə sənəd və sübutların təqdim edilməsi xahiş olunmuşdur. Lakin iddiaçı, X3 məxsus (hazırda X4 məxsus olmaqla, "xxxx" QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdi) ticarət obyektinin hansı hissədə onun mərhum anasına məxsus mağaza binasına düşdüyünü təsdiq edən ilkin hüquqmüəyyənedici sənədlərin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, o cümlədən hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasına dair və yaxud inzibati orqan tərəfindən subyektiv hüquqlarının pozulduğunu əks etdirən sübutlarını məhkəməyə təqdim etməmişdir və özüdə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onu da qeyd edir ki, mülkiyyət hüquqları qeydə alınmayan daşınmaz əmlakın naturada yerinin tanıdılması (mərzçəkmə) işlərinin aparılması və sərhədlərinin müəyyən edilməsi hazırkı iş üzrə cavabdehin deyil, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyətinə aiddir. Gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçı mərhum anası X1 məxsus 56 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edə bilər. Həmçinin iddiaçı vərəsə kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmək hüququ vardır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “sərhədlərin dəqiqləşdirilməsi və reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “sərhədlərin dəqiqləşdirilməsi və reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar