Məhkəmə qərarları › İş №2-1(120)-1422/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1422/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1422/2022 05.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında tutulmuş vəsaitin iddiaçıya geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 2159,68 manat məbləğin iddiaçıya aid edilməməsi və yaşa görə müavinətindən tutulmuş məbləğin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1422/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında tutulmuş vəsaitin mənə geri qaytarılması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 aprel 2020-ci tarixdən ona yaşa görə müavinət təyin edilmişdir. 30 noyabr 2021-ci il tarixdə ona təyin edilmiş yaşa görə müavinət verilməsi dayandırılmışdır. Bu barədə cavabdehə müraciət edərək, hansı səbəbdən müavinət verilməsi dayandırılmasını xahiş etmişdir. Şifahi şəkildə ona bildirilmişdir ki, 13 iyun 2020-ci il tarixdə adına aktiv VÖEN (**********) olduğu bildirilmişdir. Bundan sonra 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, adına VÖEN (**********) olduğunu və onun xəbəri olmadan VÖEN-nin hansı qaylara əsasən açılmasının ona izah olmasını xahiş etmişdir. Rəsmi olmasa da ona pay torpağın olması və dənli bitkilərin yetişdirilməsi ilə bağlı 13 iyun 2020-ci il tarixdə adına VÖEN (**********) açıldığı bildirilmişdir. Vergi orqanına rəsmi müraicəti əsasında 5 saylı Ərazi Vergilər İdarəsinin 30 dekabr 2021-ci il tarixli, **********521800 nömrəli uçota dair arayışa əsasən 28 dekabr 2021-ci il tarixdən 01 dekabr 2096-ci il tarixədək sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları dayandırılmışdır. Cavabdeh orqana müraricət edərək, dayandırılmış yaşa görə müavinətin bərpa edilərək verilməsini xahiş etmişdir. Cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda 5 saylı Ərazi Vergilər İdarəsinin 30 dekabr 2021-ci il tarixli arayışına əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyətini xx.xx.2021-ci il tarixdən dayandırdığı üçün ona təyin olunmuş yaşa görə sosial müvinətin ödənişi xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində olmaqla bərpa edildiyi və xx.xx.2022-ci il tarixindən 180 manata çatdırıldığı, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən ona artıq ödənilmiş yaşa görə müvinətin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 4752 nömrəli əsasən 2159.68 manat onun aylıq yaşa görə müavinətindən tutularaq DSMF-nin hesabına bərpa olunması qeyd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərarından görünür ki, ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ödənilmiş 2159.68 manat məbləğində artıq ödənilmiş yaşa görə müavinət onun aylıq müavinətindən tutulmaqla DSMF-nin hesabına bərpa edilsin göstərilmişdir. Hesab edir ki, cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir və həmin qərar əsasında tutulmuş pul vəsaiti ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərarından görünür ki, xx.xx.1955-ci il tarixində Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu, Bulduq kəndində yaşayan vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2159.68 manat məbləğində artıq ödənilmiş yaşa görə müavinət onun aylıq müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Bu Qanunun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Məlumat üçün bildiririk ki, qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2020-ci il tarixindən yaşa görə müavinət təyin olunmuşdur. Bildiririk ki, xidməti yoxlama zamanı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək adınıza aktiv VÖEN (**********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq sizə təyin olunan yaşa görə sosial müavinətin ödənişinin xx.xx.2021-ci il tarixinədək davam etdirildiyi aşkar edilmişdir. Nəticədə sözügedən dövrlər üzrə (xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək) 2159.68 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyətinizi xx.xx.2021-ci il tarixindən dayandırdığınız üçün sizə təyin olunmuş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində olmaqla bərpa edilmiş və xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən sizə artıq ödənilmiş yaşa görə'müavinətin tutulması haqqında xx.xx.2022-ci il tarixli 4752 nömrəli qərar qəbul edilmişdir. Həmin Qərara əsasən artıq ödənilmiş 2159.68 manat məbləğ bölünməklə sizin aylıq yaşa görə müavinətinizdən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73.1-ci maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********521800 nömrəli arayışında qeyd edilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarınız xx.xx.2021-ci il tarixdən xx.xx.2096-cı il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyətiniz dayandırılmış vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli, 2-1(120)-1422/2022 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Sosial Ödənişlər altsisteminə əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2020-ci il tarixində müavinətin ödənişi dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar olaraq yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən bərpa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1(120)-1422/2022 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.3.2-ci maddəsinə əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Məlumat üçün bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Sığorta altsistemi proqram təminatına əsasən İddiaçı adına xx.xx.2020-ci il tarixindən xx.xx.2021ci il tarixinədək aktiv VÖEN olmuşdur. Bu səbəbədən, həmin dövr üzrə ödənilmiş müavinət artıq ödəmə hesab edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş yaşa görə sosial müavinətin tutulması barədə 4752 nömrəli xx.xx.2022-ci il tarixli qərar vətəndaşın razılıq ərizəsi olmadan qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-1422/2022 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Bu Qanunun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, xx.xx.2020-ci il tarixdən İddiaçı yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Bildiririk ki, xidməti yoxlama zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona təyin olunan yaşa görə sosial müavinətin ödənişinin xx.xx.2021-ci il tarixədək davam etdirildiyi aşkar edilmişdir. Nəticədə sözügedən dövrlər üzrə (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) 2159.68 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qərarına əsasən, İddiaçı sosial müavinəti xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına və X1 Sisteminin Sığorta altsistemi proqram təminatına əsasən, İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021-ci il tarixdən dayandırılmış və ona təyin edilmiş yaşa görə sosial müavinət xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, teqaüd və kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin emək, 3.1.3-cü bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan Vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “qərarın ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2020ci il tarixində müavinətin ödənişi dayandırılmışdır. Sonradan iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar olaraq yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən bərpa edilmişdir. Buna baxmayaraq İddiaçı adına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv VÖEN olması səbəbindən, həmin dövr üzrə ödənilmiş müavinət artıq ödəmə hesab edilmiş və İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş yaşa görə sosial müavinətin tutulması barədə cavabdeh inzibati orqan tərəfindən 4752 nömrəli xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən qərar İddiaçı razılıq ərizəsi olmadan qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarla razılaşmayaraq onun ləğv edilməsini və həmin qərarla ondan tutulmuş pul vəsaitinin ona geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutlara və işin müəyyən edilmiş faktiki hallarına onlara tətbiq edilməli olan aşağıda qeyd edilən hüquq normaları baxımından müqayisəli şəkildə, hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Bundan başqa xüsusilə qeyd olunmalıdırır ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-cu maddəsi üzrə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, həmin maddə də tutulmanın hansı qaydada həyata keçirilməsinin mexanizmi də xüsusi yer almışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması yalnız şəxsin razılığı ilə mümkündür, belə razılıq olmadıqda isə həmin pul vəsaiti yalnız məhkəmə qaydasında tutulmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi nədəki yazılı) olması müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, “... İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş yaşa görə sosial müavinətin tutulması barədə 4752 nömrəli xx.xx.2022-ci il tarixli qərar vətəndaşın razılıq ərizəsi olmadan qəbul edilmişdir”. Yuxarıda qeyd edilən hüquq normasını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının artıq ödənilmiş müavinətin geri qaytarılmasına razılığı olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilmiş artıq pul vəsaiti özünün qəbul etdiyi hazırda mübahisələndirilən qərarla deyil, məhkəmə qaydasında tutula bilərdi. Məhkəmənin gəldiyi hüquqi nəticə “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe ilə eynilik təşkil edir. Həmin qərarın 10-cu bəndində qeyd olunur: “Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər”. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərarı ləğv edilməli və həmin qərar əsasında tutulmuş vəsait İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 4752 nömrəli qərar ləğv edilsin və həmin qərar əsasında tutulmuş vəsait İddiaçı geri qaytarılsın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar