Məhkəmə qərarları › İş №2-1(120)-143/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-143/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-143/2021 25.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinə kimi döyüş əməliyyatlarında iştirak etdiyini nəzərə alaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, onun xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinə kimi döyüş əməliyyatlarında iştirak etməyi və Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı yaşadığı Füzuli rayonunda Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissə yaradılmışdır. O da Azərbaycan Respublikasının ərazi bütövlüyünü erməni silahlı birləşmələrindən qorumaq üçün həmin hərbi hissəyə könüllü yazılmış və bütün növ təminatlarla təmin edilmişdir. xx.xx.1992-ci ildə N nömrəli əmrlə onu hərbi hissəyə döyüşçü kimi qəbul etmişlər. Xidmətini xx.xx.1993-cü il tarixinə kimi edib sona çatdırmışdır və ona verilmiş təminatlar olan avtomat silahını və döyüşçü üçün lazımi avadandlıqları xidmətinin sonunda həmin hərbi hissəyə tamamilə təhvil vermişdir. Xidməti ilə əlaqədar uzun illər keçməsinə baxmayaraq Qarabağ müharibəsi veteranı adının alınması üçün Müdafiə Nazirliyinin nəzdində yaradılmış müvafiq komissiyaya müraciət etsə də, xx.xx.2019-cu il tarixində ona verilmiş cavabda göstərilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bununla da veteranlar komissiyası tərəfindən Qarabağ müharibəsi döyüşçülərinin hüquqlarının pozulması ilə veteranlıq haqqında qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx xxxxxx 2011-ci il tarixdə eyni tələbli iddia ərizəsinə baxaraq, iddianı təmin etmişdir. Bununla əlaqədar hesab edir ki, müharibə veteranı adı verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Həmçinin iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdir ki, 1990-cı illərdə erməni silahlı birləşmələri Azərbaycan Respublikasına hücumları zamanı könüllü hərbi komissarlığa gedərək döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmət etdiyi N №-li hərbi hissə tərəfindən bütün növ təminatlarla təmin edilmişdir, silah-sursat və digər təminatlar N №-li hərbi hissə komandirinin N saylı əmri ilə hərbi hissəyə döyüşçü kimi əmri verilərək döyüş əməliyyatlarında iştirak etmişdir. Xidməti barədə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışında xx.xx.1993-cü il tarixinədək xidməti göstərilsə də, ondan sonrakı xidməti barədə məlumat verilmir ki, bunu da Müdafiə Nazirliyinin öz qüsuru kimi nəzərə almaq olar. O, həmin illərdə əsgər olaraq ön cəbhədə soyuq səngərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumuşdur. Hər hansı bir sənədləşmə hansı tarixdən hansı tarixə kimi xidmətinin olmasını qeyd edən müvafiq şöbələr olmuşdur ki, bu da onların məsuliyyətidir. Onun X4 Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş əməliyyatlarında erməni silahlı birləşmələri tərəfindən xx.xx.1993-cü ildə güllələnərk öldürüləndən sonra onu ordu sıralarından xaric etməyə çalışsalar da, o buna razılıq verməmiş, atasının qanının yerdə qalmaması üçün xidmətini davam etdirmişdir. Bundan sonra ailələrində tək övlad olduğu üçün avqust 1994-cü il tarixində onu ordu sıralarından xaric etmişlər. Xidməti ilə əlaqədar dəfələrlə Qarabağ müharibəsi veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün etdiyi müraciətinə imtina verilmişdir. İmtinanı onunla əsaslandırırlar ki, Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarına uyğun deyil. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı döyüş əməliyyatı zamanı erməni silahlı birləşmələri tərəfindən öldürüləndən sonra ailələrində o, tək olduğundan onu ordu sıralarından xaric etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq xidməti dövründə barəsində heç bir cinayət işinin olmadığına, atasının döyüş əməliyyatı zamanı öldürülməsinə, özünün həqiqətən N №-li hərbi hissədə xidmətdə olduğuna hörmətlə yanaşaraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/4259 saylı iddiaya münasibət məktubunda qeyd edilmişdir ki, iddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən buraxılmadığına görə məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixdə Beyləqan RPŞ tərəfindən verilmiş Seriya AZE 09881744 nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Füzuli rayonu, Qaradağlı kəndində anadan olmuş və Xocavənd rayonu, Günəşli kəndində qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-8880 saylı arxiv arayışının surətində qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə (əsas: səh-42, § 13) İddiaçı hərbi hissəyə döyüşçü kimi qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli əmrlər kitabında (əsas: səh.-98. sıra-57; qeyd: kitabda əmrin nömrəsi, tarixi və mətni qeyd olunmayıb, siyahıdan əvvəlki əmr xx.xx.1993-cü il tarixli 81a №-li yazılmışdır) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. Qeyd edirik ki, ərizədə xidmət müddəti dəqiq (il və aylarla) qeyd edilmədiyindən İddiaçı barədə əlavə araşdırma apara bilmirik. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/A-18811 saylı məktubunda qeyd olunmuşdur ki, sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarının tələblərinə və Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-8880 nömrəli arayışına əsasən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan iddia ərizəsinə əlavə olunmuş Füzuli rayonu, Qaradağlı kəndində qeydiyyatda olan X3 xx.xx.2019-cu il tarixli ərizəsində qeyd edilmişdir ki, 1990-cı illərdə erməni silahlı birləşmələri Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozaraq torpaqların işğalı zamanı o, yaşadıqları Füzuli rayonunda yaradılmış Müdafiə Nazirliyinin tabeliyində olan N saylı özünümüdafiə batalyonunda xidmət etmişdir. 1991-ci ildən 1993cü ilə kimi İddiaçı onunla eyni hərbi hissədə xidmətdə olmuş və hər zaman bütün döyüş əməliyyatlarında birlikdə iştirak etmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə olunmuş ünvan 1 ünvanında qeydiyyatda olan X2 xx.xx.2019-cu il tarixli ərizəsində qeyd edilmişdir ki, 1990-cı illərdə erməni silahlı birləşmələri Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozaraq torpaqların işğalı zamanı o, yaşadıqları Füzuli rayonunda yaradılmış Müdafiə Nazirliyinin tabeliyində olan N saylı özünümüdafiə batalyonunda xidmət etmişdir. 1991-ci ildən 1993cü ilə kimi İddiaçı onunla eyni hərbi hissədə xidmətdə olmuş və hər zaman bütün döyüş əməliyyatlarında birlikdə iştirak etmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə olunmuş ünvan 2 mənzil 108 ünvanında qeydiyyatda olan X1 xx.xx.2019-cu il tarixli ərizəsində qeyd edilmişdir ki, 1990cı illərdə erməni silahlı birləşmələri Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozaraq torpaqların işğalı zamanı o, yaşadıqları Füzuli rayonunda yaradılmış Müdafiə Nazirliyinin tabeliyində olan N saylı özünümüdafiə batalyonunda xidmət etmişdir. 1991-ci ildən 1993-cü ilə kimi İddiaçı onunla eyni hərbi hissədə xidmətdə olmuş və hər zaman bütün döyüş əməliyyatlarında birlikdə iştirak etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2- 8880 saylı arxiv arayışında İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə hərbi hissəyə döyüşçü kimi qəbul edilməsi, N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli əmrlər kitabında şəxsi heyətin siyahısında onun adının olduğu qeyd edilsə də, sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. Həmçinin iddiaçının hərbi biletində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla tərxis olunması öz əksini tapmamışdır. Bundan əlavə məhkəmə iddia ərizəsinə əlavə olunmuş X3, X2 və X1 ərizələrinə münasibət bildirərək, qeyd edir ki, onlar İddiaçı N saylı özünümüdafiə batalyonunda 1991ci ildən 1993-cü ilə kimi döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etsələr də, İddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis olunması müəyyən olunmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən hərbi qulluqçular müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün hərbi biletlərini hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim etməlidirlər. İddiaçının isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla tərxis olunması hərbi biletində öz əksini tapmamışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki xx xxxxxx 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla tərxis olunması hərbi biletində öz əksini tapmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinə kimi döyüş əməliyyatlarında iştirak etdiyini nəzərə alaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinə kimi döyüş əməliyyatlarında iştirak etdiyini nəzərə alaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinə kimi döyüş əməliyyatlarında iştirak etdiyini nəzərə alaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar