Məhkəmə qərarları › İş №2-1(120)-143/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-143/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-143/2022 28.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 04 aprel 1972-ci il tarixdən 16 noyabr 1974-cü il tarixdədək Astara rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adma sovxozda fəhlə işlədiyi, 19 iyun 1991-ci il tarixdən 29 may 1995-ci il tarixdək Astara rayon 36 saylı SMD-yə usta işlədiyi, həmçinin 05 yanvar 1996-cı il tarixdən 1997-ci il tarixədək işlədiyi üçün həmin müddətin adına əmək stajı kimi hesablanması barədə inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin halları: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, işlədiyi dövr və hərbi xidmətdə olduğu dövr sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialı ilə əvəz edilmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE 13538522 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci il tarixdə doğulmuşdur. İşdə olan Astara rayon İcra Hakimiyyəti Başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 786 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Astara rayonu, Şiyəkəran kəndində yaşayır.. İşdə olan İddiaçı məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1973-xx.xx.1995-ci illərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Vergi Müfəttişliyinin 1995-ci il tarixli 745574 nömrəli,1998-ci il tarixli 831503 nömrəli və 1999-cu il tarixli 831611 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən ödənişlər olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının iddiaçıya göndərdiyi xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlərə əsasən fərdi hesabınızda pensiya kapitalı olmadığı və 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. İşdə olan Astara rayon Dövlət arxivinin iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli 80 nömrəli məktubundan görünür ki, Əliyev X3 rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozun əmr kitablarına əsasən 1972-ci il aprel ayının 04-də 66 saylı əmrilə sovxoza fəhlə qəbul edilmiş, 1974-cü il 16 noyabr tarixli 231 nömrəli əmrlə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir. İşdə olan Astara rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 79/4 nömrəli arayışından görünür ki, Əliyev X3 rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozun əmr kitablarına əsasən 1972-ci il aprel ayının 04-də 66 saylı əmrilə sovxoza fəhlə qəbul edilmiş, 1974-cü il 16 noyabr tarixli 231 nömrəli əmrlə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir. Əliyev X3 rayon sabiq Astara rayon 36 saylı SMD-nin əmr kitablarına əsasən 1991-ci ilin iyun ayının 19-da 05 saylı əmrlə müəsisəyə usta vəzifəsinə qəbul olunmuş, 1995-ci ilin may ayının 29-da 8 nömrəli əmrlə verdiyi ərizəsinə əsasən işdən azad edilmmişdir. İşdə olan Astara rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 169/2 nömrəli arayışından görünür ki, Sovxozun bütün tərəvəz və çay briqadaları xx.xx.1995-ci il tarixdən ləğv edilmiş sovxozun bütün əkinə yararlı və çoxillik bitkilər aktında olan torpaq sahələri Şiyəkəran kəndində müvcud bütün təsərrüfatlara icarəyə verilməsi nəzərdə tutulması məqsədi ilə 28 avqust 1995-ci il tarixdə sovxoz HİK-nin, ƏKŞ-nin birgə sovxozun fəhlə və qulluqçuların və kənd ictimaiyyətinin iştirakı ilə ümumi iclası keçirilmiş iclasda torpaqların paylı sistem ilə əhali arasında bölüşdürülməsi qaydada müəyyən edilməsi haqqında Astara rayon Şiyəkəran Sovxozu üzrə 27 fevral 1996-cı il tarixli 29 nömrəli əmrdən çıxarış edilmişdir, çıxarışa əsasən İddiaçı 0.85 ha torpaq sahəsi icarəyə verilməsi, bütün icarələrin hərəkətləri tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi, sovxoz torpaq komissiyasına torpaq komissiyası ilə birlikdə icarəçilərə torpaq sahələrinin təhkim edilməsinin təmin edilməsi əmr edilmişdir. İşdə olan Şiyəkəran sovxozunun xx.xx.1996-cı il tarixli aktından görünür ki, 0,85 hektar taxıl sahəsi İddiaçı təhkim edilir. İşdə olan xx.xx.1978-ci il tarixli 453509 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında nikah bağlanmışdır. İşdə olan Astara rayon Dövlət arxivinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli 72 nömrəli məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Əliyev X3 rayonu sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozun 1964-1974-cü illərin əmək haqqı kitabları rayon arxivində saxlanılmadığından 1972-1974-cü illərdə aldığı əmək haqqı qeydləri aşkar etmək imkan xaricindədir. Astara rayon sabiq 36 saylı SMD-nin 1991-1995-ci illərin əmək haqqı kitablarında İddiaçı əmək haqqı alması barədə heç bir qeyd aşkar olunmadı. İşdə olan Astara rayon Dövlət arxivinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli 172/2 nömrəli arxiv arayışına əsasən, Əliyev X3 rayonu sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozun əmrin kitabına əsasən, 1972-ci il aprel ayının 04-də 66 saylı əmr ilə sovxoza fəhlə qəbul edilmiş, 1974-cü il 16 noyabr tarixli, 231 saylı əmrlə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən cəm stajı 20 il 1 ay 11 gün təşkil edir və əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı və fərdi hesabında pensiya kapitalı yoxdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran ərazi idarəsinin 11 oktyabr 2021-ci il tarixli xx-xx-1042 nömrəli arayışından görünür ki, Astara rayonu, Şiyəkəran kəndində JN-273A nömrəli xx.xx.2002-ci il tarixli 0,08 ha və JN-273 nömrəli xx.xx.1999-cu il tarixli 0,18 ha pay torpaq sahələri İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş idarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli **********762100 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatda yoxdur. Qeyd olunan sənədlərin Arxivdə saxlanılma müddətinin 5 (beş) ili ötdüyü üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********0 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətinə və arxiv arayışlarına əsasən onun 21 il 2 ay 16 gün sosial sığorta stajı mövcutdur. İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə iddia tələbi təmin edilə bilməz. Bundan əlavə İddiaçı iddia ərizəsinə kənd təsərrüfatı təyinatlı torpaqdan istifadə edilməsi müqabilində ödədiyi vergilərə dair 1995, 1998 və 1999-cu illərə dair qəbzləri iddia ərizəsinə əlavə etsə də, göstərilən illər ona sığorta stajı kimi hesablana bilməz. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edən şəxslər məcburi dövlət sosial sığorta haqlarını ödədiyi halda həmin illər onun sosial sığorta stajına daxil edilə bilər.İddiaçının iddia tələbi qeyri-müəyyən olduğundan iddia tələbi mümkün hesab edilə bilməz. Belə ki, iddiaya dair münasibətin ilk hissəsi iddianın mümkünlüyü ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı qararının 2.3-cü maddəsində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanının iddiaçının müraciətinə verdiyi imtina qanuna uyğun olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayonu, Şiyəkəran kənd sakini İddiaçı ümumi sosial sığorta stajı 25 il olmadığı üçün (əmək kitabçasına əsasən 20 il 1 ay 11 gün sığorta stajı vardır və fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır) yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. İşdə olan Azərbaycan Respublikasının Astara rayon İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi 12 noyabr 2021-ci il tarixli, 651 nömrəli məktubundan görünür ki, İddiaçı Astara rayonu Şiyəkəran Sovxozunun xx.xx.1996-cı il tarixli, 29 nömrəli əmri əsasında 0,85 ha torpaq sahəsinin təhkim olunmasına dair xx.xx.1996-cı il tarixli akt və torpağın icarəyə verilməsinə dair müqavilə, eləcə də icarə haqlarının ödənişlərinə dair sənədlər rayon arxivinə təhvil verilmədiyi üçün göndərilməsi imkan xaricindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********21 nömrəli məktubdan görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə 0,08 ha həyətyanı və 0,96 ha kənd kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin iş üzrə İddiaçı və onun ailə üzvlərininmülkiyyətinə verilməsinə dair qərarın, JN-273A nömrəli “Şəhadətnamə”nin, JN-273 nömrəli “Dövlət Aktı”nın, Astara rayonunun Şiyəkəran sovxozunun xx.xx.1996-cı il tarixli, 29 saylı əmri əsasında 0,85 ha torpaq sahəsinin iddiaçıya təhkim olunması barədə tərtib olunması barədə tərtib olunmuş xx.xx.1996-cı il tarixli “Akt”ın, həmin əmr əsasənda onunla bağlanmış icarə müqaviləsinin, həmçinin sözü gedənhüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olmuş digər zəruri sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunmasına münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları üzrə müvafiq araşdırmalar aparıldı.Hazırki iş üzrə sorğunun qismən icrası olaraq aidiyyəti üzrə yalnız DBF (siyahı) və DWG(xəritə) məlumatlarının, həmçinin JN-273A nömrəli “Şəhadətnamə”nin, JN-273 nömrəli “Dövlət Aktı”nın təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının 14 yanvar 2022-ci il tarixli, **********9 nömrəli mətkubundan görünür ki, İddiaçı əmək kitabçası, arxiv arayışı və hərbi bileti əsasında cəm stajı 20 il 10 ay 20 gün təşkil edir. Ona pensiya təyin edilməsi üçün 25 il sığorta stajı və ya 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçı Əmək kitabçasında qeyd olunmuş xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixdək işə daxil olma və əmək haqqları yoxdur(arxiv arayışında xx.xx.1972-ci il tarixdə işə girmə əmri qeyd olunmuşdur). xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Əzizbəyov neft və qaz hasilatı idarəsində işlədiyi illərin əmr və əmək haqqlarının hüquqi ünvanı məlum olmadığı üçün, xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək Əzizbəyov neft və qaz hasilatı idarəsində işlədiyi illərin əmr və əmək haqqlarının hüquqi ünvanı məlum olmadığı üçün, Əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək 36 saylı SMD-də işləməsinə dair Dövlət arxivinin Astara filialının əmr və əmək haqqları kitablarında adı aşkar edilmədiyi üçün 6 il 8 ay 13 gün mübahisəli, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək “ 26 Bakı Komissarları” adına sovxozda işlədiyi müddət, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Astar su sovxozda işlədiyi illər, xx.xx.1984-cü ildən xx.xx.1991 -ci ilədək “ 26 Bakı Komissarları” adına sovxozda işlədiyi müddət-cəmi 14 il 2 ay 7 gün isə mübahisəsiz sığorta stajı vardır. İddiaçının verginin ödənilməsinə dair təqdim etdiyi 1995 (seriya 745574), 1998 (seriya 831503) və 1999-cu (seriya 831611) illərə aid qəbzlərdə göstərilən müddətdə sosial sığorta ödəmələri olmadığı üçün sığorta stajı kimi qəbul edilməsi mümkün deyildir. İşdə olan Astara rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 01/1 nömrəli arayışından görünür ki, Əliyev X3 rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozun əmrin kitabına əsasən 1972-ci il aprelin 04-də 66 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1974-cü il 16 noyabr tarixli 231 nömrəli əmrlə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir. Əliyev X3 rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adına kolxozun əmr kitablarına əsasən 1977-ci ilin fevral ayının 14-də 85 saylı əmrlə sovxoza fəhləqəbul edilmiş, 1977-ci ilin iyul ayının 25-də 364 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. 1977-ci illərdə Şiyəkəran “26 Bakı komissarı” adına sovxozda 1977-ci ildə fevral, mart, aprel, may iyun aylarında əmək haqqı almışdır. İşdə olan Astara rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 01/3 nömrəli arayışından görünür ki, Əliyev X3 rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozun əmrin kitabına əsasən 1984-cü il iyulun 27-də 160 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1993-cü il 12 yanvar tarixli 09 nömrəli əmrlə ərizəsinə əsasən xx.xx.1991-ci il tarixdən sovxozda işləmədiyindən həmin tarixdən işdən azad edilmişdir.1984-cü ilin avqust ayından 1991-ci ilin sentyabr ayına kimi əmək haqqı almışdır. İşdə olan Astara rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 01/2 nömrəli arayışından görünür ki, Əliyev X3 rayon Sovxozlararası tikinti idarəsinin əmr kitabına əsasən 1979-cu ilin sentyabrın 07-də 119 saylı əmri ilə idarəyə dülgər təyin edilmiş, 1984cü il 18 iyul tarixli 120 nömrəli əmrlə işdən azad edilmişdir. 1979-cu ilin avqust ayından 1984-cü ilin iyul ayına kimi əmək haqqı almışdır. İşdə olan Astara rayon Dövlət arxivinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli 131 nömrəli məktubundan görünür ki, Astara rayon sabiq Şiyəkəran Sovxozu üzrə 27 fevral 1996-cı il tarixli 29 saylı əmri və onun surət təsdiqini (İddiaçı təhkim olunmuş 0.085 ha torpaq sahəsinin aktı və bağlanmış torpağın icarə müqaviləsi rayon arxivinə təhvil verilməyib) məhkəməyə göndərmişdir. - İşdə olan Astara rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 131/1 nömrəli arayışından görünür ki, Astara rayon sabiq Şiyəkəran Sovxozu üzrə 27 fevral 1996-cı il tarixli 29 saylı əmrindən çıxarışa əsasən Respublikada keçirilən Aİ-la əlaqədar olaraq sovxozun bütün tərəvəz və çay briqadaları xx.xx.1995-ci il tarixdən ləğv olunmuşdur. Sovxozun bütün əkinə yararlı və çoxillik bitkilər aktında torpaq sahələri Şiyəkəran kəndində mövcud bütün təsərrüfatlara icarə verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 28 avqust 1995-ci il tarixdə sovxoz HİK-nin, ƏKŞ-nin birgə sovxozun fəhlə və qulluqçulqrın və kənd ictimaiyyətinin iştirakı ilə ümumi iclası keçirilmiş iclasda torpaqların paylı sistem ilə əhali arasında bölüşdürülməsi qaydada müəyyən edilmişdir. İddiaçı 0,85 ha torpaq sahəsi icarəyə verilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Astara rayon İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi 29 dekabr 2021-ci il tarixli, 770 nömrəli məktubundan görünür ki, İddiaçı Astara rayonu Şiyəkəran Sovxozunun xx.xx.1996-cı il tarixli, 29 nömrəli əmri əsasında 0,85 ha torpaq sahəsinin təhkim olunmasına dair xx.xx.1996-cı il tarixli akt və torpağın icarəyə verilməsinə dair müqavilə, eləcə də icarə haqlarının ödənişlərinə dair sənədlər rayon arxivinə təhvil verilmədiyi üçün göndərilməsi imkan xaricindədir. - İşdə olan Astara rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 131/1 nömrəli məktubundan görünür ki, Astara rayon Dövlət Axivində saxlanılan 36 SMD-nın 1991-1995ci illərə aid əmrlər kitabı və əmək haqqı cədvəlləri yenidən yoxlanıldı. İddiaçı aid hər hansı bir əmr və əmək haqqı alması ilə əlaqədar heç bir məlumat aşkar edilməmişdir. - xx.xx.2022-ci il tarixli 7 saylı Regional Ərazi filialı tərəfindən tərtib edilmiş akta əsasən, İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli 01/1, 01/2 saylı Astara rayon Dövlət Axivinin əmr və əmrlər haqqı kitabları ilə üzləşdirilmiş və heç bir uyğunsuzluq aşkar edilməmişdir. “36 saylı SMS” –nin 1991-1995-ci illər üzrə İddiaçı adı aşkar edilməmişdir. Həmçinin 1991-1195-ci illər üzrə işləməsinə dair əmr və əmr haqqı kitablarında adı aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərə əsasən fərdi hesabınızda pensiya kapitalı olmadığı və 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. Bu arada məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan digər iş illəri və həqiqi hərbi xidmətdə olduğu dövr cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Yəni, həmin dövrlər inzibati orqan tərəfindən sosial sığorta stajı kimi qəbul olunur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı əmək kitabçası, arxiv arayışı və hərbi bileti əsasında cəm stajı 20 il 10 ay 20 gün təşkil edir. Ona pensiya təyin edilməsi üçün 25 il sığorta stajı və ya 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçı 6 il 8 ay 13 gün mübahisəli, 14 il 2 ay 7 gün isə mübahisəsiz sığorta stajı vardır. İddiaçının verginin ödənilməsinə dair təqdim etdiyi 1995 (seriya 745574), 1998 (seriya 831503) və 1999-cu (seriya 831611) illərə aid qəbzlərdə göstərilən müddətdə sosial sığorta ödəmələri olmadığı üçün sığorta stajı kimi qəbul edilməsi mümkün deyildir. Məhkəmə cavabdehin imtinasına ilə bağlı aşağıdakıları qeyd edir: İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək və xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Astara rayon Savxozlararası tikinti idarəsində əmək fəaliyyəti ilə bağlı aparılmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi sovxozun əmək kitabçasında göstərilən dövrlərdə mövcudluğunu və fəaliyyətinin olub-olmamasını, iddiaçının həmin idarədə işləyib-işləməməsini və əmək haqqı alıb-almamasını, hazırda həmin idarənin mövcud olub-olmamasını, arxiv sənədlərinin saxlanılmamasının səbələrini araşdırmamış və bu araşdırmaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının 14 yanvar 2022-ci il tarixli, **********9 nömrəli mətkubuna əlavə olunmuş Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il arxiv arayışlarından, əmrlər kitabından çıxarışlardan, “əmək haqqının aylar üzrə məbləği” vərəqəsi ilə müəyyən olunmuşdur ki, iddiaçı Əliyev X3 rayon Savxozlararası tikinti idarəsinin 119 saylı əmr kitabına əsasən xx.xx.1979-cu ildə İstehsalat İdarəsinə dülgər işinə qəbul olunmuşdur. 1984-cü ilin 18 iyul tarixli 120 nömrəli əmrlə işdən azad edilmişdir. İşin mübahisəli hallarından biri xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Astara rayon sabiq Şiyəkəran Sovxozunda fəhlə işləməsidir. İddiaçıya məxsus əmək kitabçasında əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdə başlaması göstərilmiş, lakin Astara rayon Dövlət arxivinin arayışına əsasən, Əliyev X3 rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozun əmr kitablarına əsasən 1972-ci il aprel ayının 04-də 66 saylı əmrilə sovxoza fəhlə qəbul edilmiş, 1974-cü il 16 noyabr tarixli 231 nömrəli əmrlə hərbi çağırışla əlaqədar işdən azad edilməsi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 80 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Digər mübahisəli hal ondan ibarətdir ki, iddiaçının 19 iyun 1991-ci il tarixdən 29 may 1995-ci il tarixdək Astara rayon 36 saylı SMD-yə usta və 05 yanvar 1996-cı il tarixdən 1997-ci il tarixədək işləməsidir. İddiaçıya məxsus əmr kitabçasında 19 iyun 1991-ci il tarixdən 29 may 1995-ci il tarixdək Astara rayon 36 saylı SMD-yə usta işləməsi göstərilmişdir, lakin arxiv sənədlərində əmək haqqı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətini xx.xx.1995-ci il tarixədək davam etdirmişdir. Həmçinin iddiaçının 05 yanvar 1996-cı il tarixdən 1997-ci il tarixədək 0.85 torpaq sahəsini icarəyə götürərək işləməsi və gəlir götürməsi barədə faktı üzrə isə Azərbaycan Respublikası Dövlət Vergi Müfəttişliyinin 1995-ci il tarixli 745574 nömrəli,1998-ci il tarixli 831503 nömrəli və 1999-cu il tarixli 831611 nömrəli qəbzləri və işşdə olan Şiyəkəran sovxozunun 0,95 hektar taxıl sahəsi İddiaçı təhkim edilməsinə dair xx.xx.1996-cı il tarixli aktından öz əksini tapmışdır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş idarəsinin məktub ilə sənədlərin arxivdə saxlanılma müddətinin 5 (beş) ili ötdüyü üçün məlumatların təqdim edilməsi imkan xaricində olduğu üçün İddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olmadığı bildirilmişdir. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçı mübahisə edilən dövrlərdə, həmin müəssisələrdə işləyib, əmək haqqı aldığını qeyd etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi müəssisələrinin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli, o cümlədən iddiaçının işlədiyi Astara rayon sabiq Şiyəkəran “26 Bakı komissarı” adına sovxozuna, Astara rayon Savxozlararası tikinti idarəsinə (əmlaklara) baxış keçirməklə iddiaçının əmək fəaliyyətinə dair müəssisəyə məxsus sənədlərin yerində baxış keçirməklə, qarşılıqlı yoxlamasını aparmalı, o cümlədən həmin müəssisələrin bir-biri ilə qarşılıqlı əlaqələrinin olub-olmamasını müəyyən etməli, buna dair sənədlər mövcuddursa həmin sənədləri əldə etməli idi. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını və s.) və izahatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran- Astara regional filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar