Məhkəmə qərarları › İş №2-1(120)-1434/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1434/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1434/2020 02.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Lerik rayonu, Bobla kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lerik rayon filialına qarşı «müharibə veteranı kimi təqaüdün xx.xx.2017-xx.xx.2019-cu illər üzrə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona xx.xx.2020-ci il tarixdə 087594 saylı vəsiqə verilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki illər üçün təqaüdün hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli **********0 saylı məktubla iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı kimi xx.xx.2017-xx.xx.2019-cu illər üzrə təqaüdün hesablanaraq verilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Lerik rayonu, Bobla kəndində anadan olmuşdur, evlidir və ailə tərkibi 4 nəfərdən ibarətdir. xx.xx.1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.1996-cı il tarixədək xidmət etmişdir və müharibədə (X1) iştirak etmişdir. Hərbi xidmətdən tərxis olunandan sonra veteran olmasına baxmayaraq sənədlərinin tapılmaması əsas gətirilərək ona veteran statusu verilməsi mümkün olmamışdır. Sonradan 2020-ci ilin mart ayının 18-də ona veteranlıq statusu verilmiş və bu barədə müvafiq vəsiqə ilə təmin edilmişdir. Vəsiqəni əldə etdikdən sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müraciət edərək, ona 1996-cı ildən hazırkı vaxta kimi veteran olaraq ödənilməli olan və ödənilməmiş təqaüdün verilməsini xahiş etmişdir. Həmin şöbə tərəfindən xx xxxx 2020-ci il tarixli, **********0 saylı məktubla imtina cavabı verilərək xx.xx.2017-xx.xx.2020-ci illər üçün Azərbaycan Respublikasının müharibə veteranı kimi nəzərdə tutulmuş təqaüdün verilməsinin şöbənin imkanı xaricində olması qeyd edilərək imtina edilmişdir. Həmin veteranlıq vəsiqəsinin alınmasından ötrü uzun illər müraciət və şikayətlər etmiş və həmin statusun ona verilməsinin yubanması ondan asılı olmayan səbəbdən olmuşdur. O, faktiki olaraq müharibə veteranıdır və status veriləndən sonra əvvəlki 3 il üzrə onun həmin təqaüdü almaq hüququ vardır. Hesab edir ki, inzibati orqanın verdiyi cavab məktubu qeyri-qanuni olmaqla onun hüquq və mənafelərini pozur. Ona görə də məhkəməyə müraciət edir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lerik rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli **********9 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Lerik rayon Bobla kənd sakini İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində M/V 087594 nömrəli vəsiqəsinə əsasən xx.xx.2020-ci il tarixdən hər ayda 80 manat olmaqla Azərbaycan Respublikasının “müharibə veteranı” kimi təqaüd təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən (xx.xx.2020-ci il tarix) təyin edildiyi üçün nəzərdə tutulmuş təqaüdün xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Lerik rayon filialının imkan xaricindədir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lerik rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin təsdiq olunmuş surətlərini, Lerik Rayon İHB-nin Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lerik rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən də Prezident təqaüdü təyin olunaraq ödənilir. İddiaçı isə müharibə veteranı kimi təqaüdün xx.xx.2017-xx.xx.2019-cu illər üzrə hesablanaraq ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 992 nömrəli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 2.1 və 2.1.1-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki illər üçün ödəmələrin aparılması yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı müharibə veteranı kimi təqaüdün xx.xx.2017-xx.xx.2019-cu illər üzrə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lerik rayon filialına qarşı «müharibə veteranı kimi təqaüdün xx.xx.2017-xx.xx.2019-cu illər üzrə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lerik rayon filialına qarşı «müharibə veteranı kimi təqaüdün xx.xx.2017-xx.xx.2019-cu illər üzrə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar