Məhkəmə qərarları › İş №2-1(120)-1450/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1450/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1450/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ( bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlilliyinin ləğv olunması barədə inzibati aktının ləğv edilməsi və əlilliyinin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, “Tam reabilitasiya olması haqqında qərarın ləğv edilməsi və əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 280SB730003 №-li qərarının ləğv edilməsi, ona təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonunda doğulmuşdur. Ona 2009-cu ildə 2 qrup müddətsiz əlillik təyin olunmuşdur. Cavabdeh 17 iyul 2024-cü il tarixdə, onun müddətsiz əlilliyini ləğv edərək, müalicəyə ehtiyacının olduğunu bildirmişdir. Ona yazılı şəkildə qərar göndərilməsə də, sistemə daxil olaraq bu məlumatı əldə etmişdir. Qərarla razı deyil, çünki ona 2009- cu ildə əlillik qaydalara uyğun verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S29-Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları =>S29.9 Diaqnozun mətni: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə. Daxili orqanların funksiyasının pozulması ilə..Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir, qərarı verilmişdir. Astara rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:280SB73) əlillik məlumatlarının Əlillik AS-nə daxil edilməsi ilə əlaqədər edilmiş, müraciət əsasında vətəndaşa aid məlumatlar müvafiq protokolda tapılmadığından əyani komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak edə bilmədiyindən Ərazi TSEK tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-13102/2024 nömrəli akt tərtib edilmişdir. Xəstənin “Əlillik" alt sisteminə daxil edilməli arxiv sənədi və əlillik vəziyyəti təqdim edilən tibbi sənədlər və video görüntü əsasında qiymətləndirilmişdir.“Əlillik" alt sistemində xx.xx.2009-cu il tarixində Döş fəqərəsinin ağır dərəcəli deformasiyası Daimi ağrı sindromu ilə Daxili orqanların funksiyasının pozulması ilə " dəqnozu ilə tərtib edilmiş göndəriş Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir.Vətəndaş xx.xx.2008-xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən uşaqlıqdan 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı TSEK-ın 569764 nömrəli arayışını təqdim etmişdir ki, orada da əmək zəmanəti “əmək qabiliyyətsiz" kimi qeyd olunmuşdur.Vətəndaşın aktı xx.xx.2024-cü il tarixində həkim-travmatoloq və terapevt tərəfindən müayinə edilmiş, əlillik təyininə əsas verən patofunksional dəyişiklik müşahidə edilməmişdir.Anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və video görüntü nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, əmək zəmanəti “ Əmək qabiliyyətsiz" olmaqla xx.xx.2008-xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik barədə məlumatlar Əlillik AS-nə daxil edilsin, xx.xx.2024-cü il tarixindən “tam reabilitasiya" barədə qərar qəbul edilmişdir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın 22 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona təyin olunmuş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir.

Faktiki hallar və sübutlar:

İş materiallatında olan:

Agentlik tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-A-10937/2024 saylı, xx.xx.2024cü il tarixli məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, ona xx.xx.2009-cu il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcüd qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.

Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Agentliyin 3-17-4/2027615/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid aşağıdakı; - xx.xx.2008-ci il tarixli, 280SB730002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX sinif-- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S20-S29-Döş qəfəsinin travmaları=>S29-Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları =>S29.9....Diaqnozun mətni: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə...Meyar..2.2 İkinci dərəcəli əlillik=>DİGƏR: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası.Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə.. ( 1 il müddətinə) xx.xx.2008-ci il tarixli, 280SB730001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX sinif-- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S20-S29-Döş qəfəsinin travmaları=>S29-Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları =>S29.9....Diaqnozun mətni: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə...Meyar..2.2 İkinci dərəcəli əlillik=>DİGƏR: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası.Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə..(müddətsiz). xx.xx.2024-cü il tarixli əyani müayinəyə dair aktın surətindən müəyyən olunur ki, Astara rayonu, Selekəran kəndində qeydiyyatda olan X5 pensiya ödənişləri ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Astara rayonunda nazir müavini Hidayət Abdullayevin qəbulunda olmuşdur. Nazir müavininin tapşırığına əsasən İddiaçı 12 nömrəli TSEK-nın eksperthəkimi tərəfindən 12 nömrəli TSEK-in müayinə otağında əyani müayinə olunmuşdur. İddiaçı əlillik vəziyyəti 12..06.2009-cu il tarixdə qiymətləndirilmiş və İİ (ikinci) dərəcə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əsas diaqnoz: Döş qəfəsinin ağır dərəcəli deformasiyası. Ağırlaşma: Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə. Obyektiv müayinə zamanı aşkar olunanlar: Şikayətləri: Tənginəfəslik, yorğunluq; Dəri və ya görünən selikli qişaları: Adi rəngdədir; Dərialtı piy qatı: Kafi inkişaf etmişdir: Periferik limfa düyünləri: Əllənmir; Sümükəzələ sistemi: Çökmüş döş qəfəsi. Tənəffüs sistemi: Sərt tənəffüs eşidilir; Ürək-qan damar sistemi: Ürək tonları ritmikdir; Həzm sistemi: Qanı yumşaq, ağrısızdır;Sidik-Cinsiyyət sistemi; Diurez normaldır; Sinir sistemi (psixi status); Status lokalis (status prezent); Xəstənin vəziyyəti kafidir. 5-6 sm. Çökmüş döş qəfəsi görünür. Tibbi-Sosial Ekspert Komissiyasının 280SB730003 №-li, xx.xx.2024-cü il tarixli qərarla xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xəstəliyin tam reabilitasiya olması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. Qərar xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasınıniyun 2024-cü il tarixli və 3-17-4\3-1- 15158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında qeyd olunmuşdur ki, xx.xx.1972-ci il təvəllüdlü X4 əlillik məlumatlarının Əlillik AS-nə daxil edilməsi ilə əlaqədar edilmiş, müraciət əsasında vətəndaşa aid məlumatlar müvafiq protokolda tapılmadığından əyani komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak edə bilmədiyindən Ərazi TSEK tərəfindən xx.xx.2024-cü il tarixli 3.17-4/3-1-13102/2024 nömrəli akt tərtib edilmişdir. Xəstənin əlillik alt sisteminə daxil edilməli arxiv sənədi və əlillik vəziyyəti təqdim edilən tibbi sənədlər və video görüntü əsasında qiymətləndirilmişdir. “Əlillik” alt sistemində xx.xx.2009cu il tarixində “Döş fəqərəsinin ağır dərəcəli deformasiyas.Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə” diaqnozu” ilə tərtbi edilmiş göndəriş Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bədinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2008-xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən uşaqlıqdan 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı TSEK-in 569764 nömrəli arayışını təqdim etmişdir ki, orada da əmək zəmanəti “əmək qabiliyyətsiz” kimi qeyd olunmuşdur. Vətəndaşın aktı xx.xx.2024-cü il tarixində həkim-travmotoloq və terapevt tərəfindən müayinə edilmiş, əlillik təyininə əsas verən patofunksional dəyişiklik müşahidə edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və video görüntü nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xəstəlik səbəbindən 1(bir) il müddətinə ikinci dərəcə əlillik barədə məlumatlar Əlillik ASnə daxil edilsin, xx.xx.2024-cü il tarixindən “tam reabilitasiya” barədə qərar qəbul edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnistututunun 3-28-11/2-695/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xəstə İddiaçı xx.xx.2024-cü il tarixdə “Azərbaycan Elmi- Tədqiqat Travmotologiya və Ortopediya İnstitu” publik hüquqi şəxsə müraciəti olmuşdur. Ona çökmüş döş qəfəsi, skolioz diaqnozu qoyulmuşdur. Agentliyin 3-17-4/2-13475/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilmiş N00258380İEQ saylı göndərişdə xx.xx.1972-ci il təvəllüdlü İddiaçı TSEK-ə göndəriş zamanı qoyulmuş diaqnoz XMT 10 kodu- əsas diaqnz Q67.6-Çökmüş döş qəfəsi, Döş qəfəsinin anadangəlmə dördüncü dərəcəli qıfvari deformasiyası; Ağırlaşma R06.8- Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs.Tənəffüs çatmamazlığı İİ dərəcə.Restruksiyanın üstünlüyü və qarışıq tipli ağır ventilyasiya pozğunluğu...M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Döş əzələlərinin atrofiyası...M40 Kifoz və Lordoz, ikinci dərəcəli torakal hiperkifoz...R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu....,M42 Onurğanın ostexondrozu.Onurğanın ostexondrozu....M41 Skolioz.Onurğanın döş-bel tipli ikinci dərəcəli skaliozu deformasiyası qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş (xx.xx.2024-cü il tarixdə başlamış 10.02.205-ci il tarixdə başa çatmış) T 83/2025 saylı ekspert rəyindən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki: Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnistutu” phş-də müayinəsi zamanı mütəxəssis travmatoloq komissiyasının müəyyən etdikləri “Döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası İİİ dərəcə, döş əzələlərinin hipotrofiyası, döş tipli birinci dərəcəli skolioz, birinci dərəcəli torokol hiperkifoz, ağrı sindromu-XBT kodu ilə: Q67.7; M62.5; M41; M40; R52.2” diaqnoz onun hazırkı sağlamlıq durumudur, yəni o həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. Diaqnozdakı xəstəliyin sağalma ehtimalı yoxdur, müalicə aldığı təqdirdə belə qüsur aradan qalxmayacaqdır. Hər iki sualın həlli əlilliyin təyini ilə əlaqədar olduqlarından onlar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

Tətbiq edilən hüquq.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər 67.3/ Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bununla yanaşı, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2009-cu il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Döş fəqərəsinin ağır dərəcəli deformasiyası.Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Daha sonra, iddiaçı pensiya ödənişləri ilə bağlı müraciət etdiyi üçün o, 12 nömrəli TSEK-nın müayinə otağında əyani müayinəyə cəlb edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır. Belə ki, iddiaçı yalnız pensiya ödənişləri ilə bağlı xx.xx.2025-ci il tarixdə Astara rayonunda nazir müavini Hidayət Abdullayevin qəbulundan sonra nazir müavinin tapşırığı əsasında 12 nömrəli TSEK-nın ekspert-həkimi tərəfindən müayinə olunmuşdur.Komissiya tərəfindən əyani müayinə olunmamışdır. Tibbi Sosial Ekspert Komissiyası ərazi komissiyasının müayinə aktı ilə kifayətlənmişdir.Göründüyü kimi iddiaçının müraciətinin səbəbi əlilliyinin qiymətləndirilməsi ilə bağlı olmamışdır, pensiya ödənişləri ilə bağlı olmuşdur. Buna baxmayaraq iddiaçı ərazi komissiyası tərəfindən əyani müayinəyə cəlb olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-1-15158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, anamestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və video görüntü nəticəsinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik barədə məlumatlar Əlillik AS-nə daxil edilmiş, xx.xx.2024-cü il tarixdən “tam reabilitasiya” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş (xx.xx.2024-cü il tarixdə başlamış 10.02.205-ci il tarixdə başa çatmış) T 83/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnistutu” phş-də müayinəsi zamanı mütəxəssis travmatoloq komissiyasının müəyyən etdikləri “Döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası İİİ dərəcə, döş əzələlərinin hipotrofiyası, döş tipli birinci dərəcəli skolioz, birinci dərəcəli torokol hiperkifoz, ağrı sindromu-XBT kodu ilə: Q67.7; M62.5; M41; M40; R52.2” diaqnoz onun hazırkı sağlamlıq durumu olduğu, yəni iddiaçının həmin xəstəliklərdən hazırda da əziyyət çəkdiyi, diaqnozdakı xəstəliyin sağalma ehtimalının olmadığı, müalicə aldığı təqdirdə belə qüsur aradan qalxmayacağı qeyd olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından-iddiaçı barəsində tərtib olunmuş sonuncu göndəriş və ekspert rəyindən müəyyən olunur ki, İddiaçı müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəliklərdən hal-hazırda da əziyyət çəkir və onun barəsində təyin olunmuş diaqnozdakı xəstəliklərin sağalma ehtimalı yoxdur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 280SB730003 №-li qərarı ləğv olunsun. İddiaçı təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu (dayandırıldığı) tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar