Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1453/2020 03.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Neftçala rayon filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Neftçala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1971-1996-cı illərdə Neftçala rayon “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü DSMF-nin Neftçala rayon şöbəsinə müraciət etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Lakin DSMF Neftçala rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsaslanaraq ona xx.xx.2020-ci il tarixli, **********3 saylı məktub göndərilərək stajın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüş və pensiya təyinatından imtina edilmişdir. Belə ki, xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərini rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3-cü bölməsinin 3.1.1-ci bəndində göstərilir ki, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun 1971-1996-cı illərdə Neftçala rayon “N.Nərimanov” adına kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən pensiya təyin etməkdən imtina etmişdir. Həmin illər Neftçala rayon Dövlət Arxivinin arayışında öz əksini tapmışdır. DSMF Neftçala rayon şöbəsi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsinin tələblərini pozmuş olur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində qeyd edilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. DSMF Neftçala rayon şöbəsi isə işləməyini əsassız olaraq staj hesab etmədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsaslanaraq, onun 1971-1996-cı illərdə Neftçala rayon “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Neftçala rayon filialının məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün təqdim olunan arxiv arayışı Qaydaların 3-cü bölməsinin 3.1.1-ci bəndinə uyğun gəlmədiyi üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qeyri mümkündür. Odur ki, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdeh Dövlət Sosial Müdafiə Fondu X1 Neftçala rayon filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə Lerik rayonunda doğulmuş, Neftçala rayon sabiq “N.Nərimanov” adına kolxozda 1971-ci ildə 233 adam günü, 1972-ci ildə 229 adam günü, 1973-cü ildə 234 adam günü, 1974-cü ildə 260 adam günü, 1975-ci ildə 220 adam günü, 1976-cı ildə 273 adam günü, 1977-ci ildə 295 adam günü, 1978-ci ildə 268 adam günü, 1979-cu ildə 248 adam günü, 1980-ci ildə 280 adam günü, 1981-ci ildə 286 adam günü, 1982-ci ildə 279 adam günü, 1983-cü ildə 291 adam günü, 1984-cü ildə 309 adam günü, 1985-ci ildə 284 adam günü, 1986-cı ildə 208 adam günü, 1987-ci ildə 222 adam günü, 1988-ci ildə 264 adam günü, 1989-cu ildə 291 adam günü, 1990-cı ildə 264 adam günü, 1991-ci ildə 247 adam günü, 1992-ci ildə 323 adam günü, 1993-cü ildə 325 adam günü, 1994-cü ildə 225 adam günü, 1995-ci ildə 201 adam günü və 1996-cı ildə 212 adam günü işləmişdir. Neftçala rayon sabiq “N.Nərimanov” adına kolxozda kişilər üçün 1971-1985-ci illərdə adam günləri minimum 220 gün, 1986-1996-cı illərdə adam günləri minimum 200 gün müəyyən olunmuşdur. İddiaçı 1971-1985 və 1986-1996-cı illərdə kolxozlarda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının 1971-1996-cı illərdə “N.Nərimanov” adına kolxozda olan sığorta stajı əmək kitabçasına əsasən deyil, arxiv arayışı ilə təsdiq edildiyi üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İddianın hüquqi əsasına yəni, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1971-1996-cı illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Neftçala rayon sabiq “N.Nərimanov” adına kolxozda işlədiyi Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 58 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 65 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. xx.xx.2020-ci il tarixə iddiaçının kolxozda işlədiyi illər daxil olmaqla 25 il sosial sığorta stajı olduğundan və həmin tarixdən yaşa görə əmək pensiyası hüququ yarandığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının 1971-1996cı illərdə kolxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 58 nömrəli Arxiv arayışında göstərilən Neftçala rayon “N.Nərimanov” adına kolxozda 1971-1996-cı illərə dair iş stajı onun sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Neftçala rayon filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1453/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1453/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver