Məhkəmə qərarları › İş №2-1(120)-1454/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1454/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1454/2021 12.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Ağcabədi rayon Hindarx bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkli üzrə Auksion Mərkəzinə qarşı Ağcabədi rayonu, Hindarx kəndində yerləşməklə 7,65 ha və 8 ha olan kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələrinə dair 18.02.2021-ci il tarixli hərracların qalibi kimi "xxxx" MMC ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına müvafiq olaraq icarə müqavilələrinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Ağcabədi rayon Hindarx bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkli üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu, Hindarx kəndində yerləşməklə 7,65 ha və 8 ha olan kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələrinə dair 18.02.2021-ci il tarixli hərracların qalibi kimi "xxxx" MMC ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına müvafiq olaraq icarə müqavilələrinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, cavabdeh Ağcabədi rayon Hindarx bələdiyyəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkli üzrə Auksion Mərkəzinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Harracların Təşkili üzrə X1 Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 18.02.2021-ci il tarixli iclasının 495 nömrəli protokolunun surətindən görünür ki, Cavabdehin mülkiyyətinə aid 8 ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə 18.02.2021-ci il tarixdə keçirilən müsabiqədə hər bir il üçün bir illik ən yüksək icarə haqqı təklif vermiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 12.07.2021-ci il tarixli, 95 nömrəli məktubunda qeyd edilmişdir ki, Hindarx bələdiyyəsinin mülkiyyətində olan 7,65 ha və 8 ha kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələrinin icarəyəverilməsi məqsədilə 18.02.2021-ci il tarixdə keçirilən müsabiqə və hərracda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmişdir. Ona görə də Hindarx bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qalib şəhadətnaməsində müsabiqə və hərracda qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyininə uyğun olaraq müvafiq müqavilə bağlanmalıdır. Lakin şəhadətnamədə göstərilən müddəti gecikdiyi üçün dövlət notariat kontorunda müqavilənin bağlanması mümkün olmamışdır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməyə əsasən bütün torpaqlar müsabiqə və hərrac yolu ilə verilir. Bələdiyyələr özləri yerli müqavilə ilə torpaq icarəyə verə bilməz. Odur ki, 18.02.2021-ci il tarixdə keçirilən müsabiqə və hərrac nəticələri ləğv edilərək yenidən müsabiqə və hərrac çıxarıldıqdan sonra müqavilə bağlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, ...torpaqla bağlı müqavilələrdən (alğısatqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqanın publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan bu tələblər üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmələrində baxılaraq hüquqi qiymət verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Ağcabədi rayonu, Hindarx kəndində yerləşməklə 7,65 ha və 8 ha olan kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahələrinə dair 18.02.2021-ci il tarixli hərracların qalibi kimi "xxxx" MMC ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına müvafiq olaraq icarə müqavilələrinin bağlanması ilə bağlı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar