Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1457/2024 01.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X6 Xidmət mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Səməndərov” soyadının “Məmmədov” soyadına, “Murtuza” adının “Səbuhi” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X6 Xidmət mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Səməndərov” soyadının “Məmmədov” soyadına, “Murtuza” adının “Səbuhi” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, soyadının və adının dəyişdirilməsi ilə bağlı əvvələr müraciəti olmuş və onun soyad və adı X3 Murtuzaya dəyişdirilmişdir. Lakin hamı onu Səbuhi kimi tanıyır və ona Səbuhi deyə müraciət edirlər. Həmçinin adının soyadının dəyişdirilməsi sənədləşmə işlərində müəyyən problemlərlə qarşılaşmağına səbəb olur. Bu səbəbdən də soyadının və adının dəyişdirilməsi üçün, yəni əvvəlki vəziyyətə gətirilməsi üçün Sabirabad regional “Asan ximət” Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Sabirabad regional “Asan ximət” Qeydiyyat şöbəsindən 11.0.2023-cü il tarixli cavab məktubuna əsasən onun adının və soyadının dəyişdirilməsindən, yəni əvvəlki vəziyyətinə qayatarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə uyğun olaraq hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bundan başqa “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşma çatdıqdan sonra yol verilir. Onun “Səməndərov” soyadının “Məmmədov” soyadına, “Murtuza” adının “Səbuhi” adına dəyişdirilməsi öhdəliyinin Sabirabad regional “Asan ximət” Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmıəsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, AZ-İ 016893 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə doğulmuş X1 “Səməndərov” adı “Murtuza” ya dəyişdirilmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin 05 ayının 02 günündə qeydiyyat edilmişdir. İş materiallarında olan Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin İddiaçı oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, vətəndaş Sabirabad rayonu Quruzma kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı soyadının və adının dəyişdirilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/6-490/2023 məktubuna əlavə edilmiş xx.xx.1981-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının məlumatları düzəliş edilərək İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4911/23 nömrəli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (X5) oğlunun xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 Xidmət mərkəzi Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-58- 179/2024 nömrəli məktubundan görünür ki, İddiaçı soyadı Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli 50 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Məmmədov”-dan “Səməndərov”-a dəyişdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində yenidən ərizə ilə Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə yenidən müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsindən (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) İddiaçı imtina edilmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar»ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı iddiaçı xx.xx.1981-ci ildə Sabirabad rayonu Quruzma kəndində doğulmuşdur və həmin vaxt onun adı və soyadının doğumu haqqında akt qeydində “X4” kimi göstərilmişdir (bu hal mübahisəli deyil). Sonradan iddiaçının soyadı “Məmmədov”dan “Səməndər”a, adı “Səbuhi”dən “Murtuza”ya dəyişdirilmişdir. Hazırda iddiaçı soyadının və adının əvvəlkinə qaytarılmasını istəyir və bu məqsədlə cavabdehə müraciət etsə də, sonuncu həmin məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6cı maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onun soyadının və adının növbəti (ikinci) dəfə dəyişdirilməsindən imtinasını mübahisələndirir. Belə olan halda, nəzərə alınmalıdır ki, mövcud qanunvericilik 18 yaşına çatmış şəxsin soyadını və adını növbəti dəfə dəyişdirməsininin hallarını konkret müəyyən etmişdir və iddiaçının soyadının və adının dəyişdirməsi həmin (NK-nin xx.xx.2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiqlənmiş Qaydaların 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş) halların heç biri ilə uzlaşmır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Masallı rayon qeydiyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X6 Xidmət mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Səməndərov” soyadının “Məmmədov” soyadına, “Murtuza” adının “Səbuhi” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X6 Xidmət mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Səməndərov” soyadının “Məmmədov” soyadına, “Murtuza” adının “Səbuhi” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1457/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1457/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver