Məhkəmə qərarları › İş №2-1(120)-1459/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1459/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1459/2023 07.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinin 28 fevral 2022-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuya cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Lerik rayonu olduğunu, Lerik rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 18 may 2022-ci il tarixli, 2-1(112)-8344/2022 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini qərara almışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)-8344/2022 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən A.S.Hüseynov, hakimlər S.İ.Bəktaşi və A.Ə.Hüseyndən ibarət tərkibdə) 10 avqust 2022-ci il tarixli, 2- 1(103)-2470/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)- 8344/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “arqument.az” saytının baş redaktorudur. “Arqument.az” 2014-cü ildən fəaliyyət göstərən, gündəlik ictimai-siyasi və sosial mövzularda xəbərlər, müsahibələr, analitik yazılar hazırlayan və yayan saytdır. 28 fevral 2022-ci ildə o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinə aşağıdakı informasiya sorğusu ilə müraciət etdi: - “2022-ci ilin yanvar ayı ərzində nəqliyyat şirkətləri üçün nəzərdə tutulan beynəlxalq yük daşımalarına verilən icazə vərəqi (Defisit olan və olmayan) hansı şirkətlərə verilmişdir və sayı nə qədər olmuşdur?".1. Sorğu poçtla göndərilib və cavabdehə xx.xx.2022-ci il tarixində çatıb; 2. Cavabdeh sorğuya cavab verməyib. 3. Aşağıdakılara əsasən cavabdehin informasiya sorğusuna cavab verməməsi qanunsuz hesab edilməli və onun üzərinə informasiya sorğusuna cavab verməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmalıdır. Hesab edir ki, informasiyaları almaq və yaymaq ifadə azadlığının öndə gələn şərtləridir. Çünki əlaqəli və dəqiq faktları bilmədən heç kim yaxşı əsaslanmış rəyini formalaşdıra və onun üzərində qala bilməz. Jurnalist və baş redaktor olan iddiaçıya sorğuda tələb edilən məlumatın verilməməsi onun öz funksiyasını yerinə yetirməsini və bu məsələ ilə bağlı cəmiyyətdə gedən ictimai müzakirələrə töhfə verməsini mümkünsüz hesab edir. İddiaçının sorğuda cavab verilməsini tələb etdiyi məlumatlar ictimai maraq doğuran məlumatlardır. Cəmiyyətin bu məlumatları bilmək haqqının olduğu şübhəsizdir. Cavabdeh qurumun iddiaçının informasiya sorğusuna cavab verməməsi iddiaçının bu məlumatları almaq və yaymaq, cəmiyyətin isə bu məlumatları bilmək haqqına müdaxilədir. İnformasiya əldə etmək hüququ həm yerli, həm də beynəlxalq qanunvericiliklə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Azərbaycan Respublikasının yurisdiksiyası altında olduğu Avropa İnsan Hüquqları Konvensiyasının (Bundan sonra Konvensiya) 10-cu maddəsinin 1-ci hissəsinə görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa ... dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan... məlumat... almaq və yaymaq azadlığı daxildir. Konvensiyanın 10-cu maddəsinin 2-ci hissəsində ifadə azadlığına müdaxilənin legitim məqsədləri nəzərdə tutulub. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Onun cavabını istədiyi informasiya ilə bağlı məlumat toplamaq azadlığına müdaxilə qanunla nəzərdə tutulmayıb, hər hansı legtiim məqsəd güdmür və demokratik cəmiyyətdə zəruri deyil. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM və ya Məhkəmə ) “X5rşı” işində qeyd edir ki, ifadə azadlığına müdaxiləyə haqq qazandıra biləcək “müvafiq və kifayət qədər” səbəbləri irəli sürmək öhdəliyi yerinə yetirilməlidir. “X4rşı” işində Məhkəmə bildirdi ki, ictimayyətin ümumi maraq kəsb edən məlumatı almaq hüququ tanınır. Bu, hökumətə qadağan edir ki, başqalarına ötürmək istədiyi və ya ötürməyə hazır olduğu məlumatı bir şəxsin almasına mane olsun. Bir sözlə, cavabdeh qurum informasiya sorğusuna cavab verməməklə, ictimai maraq testinə cavab verən bir məlumatın başqalarına da çatmasına mane olur. “Rövşən Hacıyev Azərbaycana qarşı” işində AİHM müəyyən edib ki, sorğuçunun məlumat toplamaq azadlığına müdaxilə qanunla nəzərdə tutulmayıb. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəsinə görə, informasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Qanunun 9-cu maddəsində informasiya sahibləri sadalanır və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti də informasiya verməyə borclu olan informasiya sahibləri sırasına aiddir. Sözügedən Qanunun 10.1-ci maddəsinə görə, informasiya sahibi öz informasiya ehtiyatlarında hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Qanunun 10.4.1-ci maddəsinə görə, informasiya sahibi, informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə görə, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Qanunun 27-1-ci maddəsinə görə, sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə şikayət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidməti iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının cavabdeh orqana ünvanlandığı xx.xx.2022-ci il tarixli sorğusu aşağıda qeyd edilən məzmunda olmuşdur: “2022-ci ilin yanvar ayı ərzində nəqliyyat şirkətiəri üçün nəzərdə tutulan beynəlxalq yük daşımalarına verilən icazə vərəqəsi (Defisit olan və olmayan) hansı şirkətlərə verilmişdir və sayı nə qədər olmuşdur?”. Cavabdeh orqan tərəfindən iddiaçının sorğusu qanuna uyğun olaraq cavablandırılmışdır. İddiaçının qeyd edilən iddiası aşağıda qeyd edəcəkləri səbəblərdən əsassız və qanunsuzdur: “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Həmin Qanunun 3 nömrəli Əlavəsinin 33-cü maddəsinə əsasən beynəlxalq avtomobil daşımaları ilə məşğul olmaq istəyən avtodaşıyıcılar “İcazə” blankı aldıqdan sonra həmin fəaliyyətlə məşğul ola bilərlər. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən icazə - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən, barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “İcazə” blankları əsasında yerinə yetirilir. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri- hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardı. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 6.1.6-ci maddəsinə əsasən informasiyanın əldə edilməsi bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmamalıdır. Həmin Qanunun 10.4.7-ci maddəsinə əsasən əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır. Həmin Qanunun 10.4.6-ci maddəsinə əsasən, informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Həmin Qanunun 21.1.1-ci maddəsinə əsasən, sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə İnformasiya sahibi sorğunun icrasından imtina edir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası; Yuxarıda qeyd edilənlərdən də məlum olduğu kimi, beynəlxalq daşımalarla məşğul olan şəxslər daşımalarla ancaq xüsusi razılıq əsasında fəaliyyət göstərə bilərlər və bu daşımalar həmin daşıyıcıların kommersiya fəaliyyətidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş 1 nömrəli əlavədə beynəlxalq yük daşımalarına verilən “icazə vərəqi” sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilsə də, elə həmin qanunda əks olunan lisenziyalı fəaliyyət növlərinin sırasına daxil deyil. İddiaçının bu qeydindən məlum olur ki, iddiaçı Qanunda göstərilən “İcazə” sözü ilə “Lisenziya” sözünün müxtəlif hüququ nəticələrə səbəb olmasını qeyd edir. Lakin bu zaman iddiaçı həmin Qanunda lisenziyalara və icazələrin eyni meyarlara cavab verməli olduqlarını (maddə 4.2), onların hüquqi qüvvələrinin eyni olmalarını (maddə 5), onların vahid reyestrdə qeydiyyatlarını (maddə 8), onların verilməsinə dair dövlət tənzimləməsi prinsiplərinin eyni olmasını (2-ci fəsil), onların hər ikisinin verilmə prosedurunun qanunla tənzinlənməsini (3-cü fəsil) və onların hər ikisinə dair məsuliyyətin həmin qanunda qeyd edilməsini (4-cü fəsil) nəzərə almamış, o cümlədən Qanunun 1.0.11-ci maddəsi və 3 nömrəli əlavəsinə nəzər yetirməmişdir. Qeyd edilən maddə və həmin Qanunun 3 nömrəli (Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı) əlavəsindən göründüyü kimi, məhz “İcazə” blankı verildikdən sonra daşıyıcılar beynəlxalq daşımalar sahəsində müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Onu da qeyd etmək istərdik ki, iddiaçı cavabdehə ünvanlandığı sorğuda ümumiyyətlə nə qədər avtodaşıyıcıların beynəlxalq avtomobil daşımaları ilə məşğul olmasına dair hər-hansı bir sualının olmamasına baxmayaraq, cavabdeh orqan cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək və üzərinə düşən vəzifəni icra etmək üçün “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1-ci maddəsini rəhbər tutaraq 2022-ci ilin yanvar ayı ərzində ümumiləşdirilmiş statistik göstəricilər barədə məlumatı İddiaçıya cavab məktubunda göstərmişdir. İddiaçı öz iddia ərizəsinin 8-ci bəndində qeyd etmişdir ki, İcazə vərəqələrin verildiyi şirkətlərin adları və onlara hansı miqdarda icazələrin verilməsi ictimai maraq testinə uyğun gəlir, həmin məsələ ictimai maraqlar sırasındadır. Lakin, bu zaman iddiaçı öz iddiasını əsaslandırmamış, həmin ictimai marağın meyarını və hüquqi əsasını qeyd etməmiş, sadəcə öz şəxsi fikrini ictimai maraq olaraq qeyd etmişdir. Bu zaman iddiaçı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinin tələblərini nəzərə almamış, qeyd edilən maddədə sadalanan cəmiyyətin (ictimai) maraqlarına uyğun məsələlərin siyahısı ilə tanış olmamışdır. Sözügedən siyahıda hər hansı bir şəxsin sahibkarlıq fəaliyyətinin ictimai maraq doğuran məsələlər arasında sadalanmamışdır. Məlum olduğu kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi informasiyanıın açıqlanması, həmin fəaliyyət barədə məlumatların, sahibkarların razılıqları olmadan digər şəxslərə verilməsi onların kommersiya fəaliyyətlərinə mənfi təsir göstərər, bu sahədə fəaliyyət göstərən sahibkarların mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərin edilməsinə gətirib çıxara bilər və məhz bu səbəbdən sahibkarların həmin fəaliyyəti barədə məlumat ancaq həmin sahibkarların razılığı əsasında verilə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X6 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnformasiya sorğusu”ndan görünür ki, “Arqument.az” saytının baş redaktoru İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinə xx.xx.2022-ci il tarixli informasiya sorğusu göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinin “Arqument.az” saytının baş redaktoru İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sizin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinə ünvanlanmış 2022-ci ilin yanvar ayı ərzində nəqliyyat şirkətləri üçün nəzərdə tutulan beynəlxalq yük daşımalarına verilən icazə vərəqələrinin hansı şirkətlərə verilməsi və sayı barədə 28 fevral 2022-ci il tarixli informasiya sorğunuza aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Bildiririk ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra- Qanun) 29.1.1-ci maddəsinə əsasən qeyd edilən məlumat statistik məlumat olduğundan 2022-ci ilin yanvar ayı ərzində beynəlxalq avtomobil daşımaları ilə məşğul olmaq istəyən avtodaşıyıcılara cəmi 17023 ədəd “İcazə” blankları verilmişdir. Məlumat üçün qeyd edirik ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 33-cü maddəsinə əsasən beynəlxalq avtomobil daşımaları ilə məşğul olmaq istəyən avtodaşıyıcılar “İcazə” blankı aldıqdan sonra həmin fəaliyyətlə məşğul ola bilərlər. Beynəlxalq daşımalarla məşğul olan həm fiziki, həm də hüquqi şəxs olan sahibkarların beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyəti onların kommersiya fəaliyyətidir və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən sahibinin razılığı olmadan onların kommersiya fəaliyyəti barədə məlumatların açıqlanması onların qanuni maraqlarına ziyan vura bilər. Belə ki, həmin fəaliyyət barədə məlumatların onların razılıqları olmadan digər şəxslərə verilməsi onların kommersiya fəaliyyətlərinə mənfi təsir göstərər. Bu sahədə fəaliyyət göstərən sahibkarların mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilər, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərin edilməsinə gətirib çıxara bilər və məhz bu səbəbdən həmin fəaliyyət barədə məlumat ancaq həmin sahibkarların razıhğı əsasında verilə bilər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən həmin məlumatlar konfidensial xarakter daşıyır və Qanunun 10.4.7-ci maddəsinin tələbini nəzərə almaqla həmin informasiya tərəfımizdən qorunur. Həmin Qanunun 10.4.6-cı maddəsinə əsasən məlumat veririk ki, sorğunuzda icazə vərəqəsinin hansı şirkətlərə və hansı sayda verilməsi barədə bu Qarıunun 21.1.1-ci maddəsınə əsasən əldə edilməsi məhdudlaşdırılan informasiya hesab edildiyindən həmin informasiyanın sizə verilməsi Qanunun 2.4-1 və 6.1.6-cı maddələrində nəzərdə tutulan məqsəd və prinsiplərinə ziddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, beynəlxalq yük daşımaları ilə məşğul olan fiziki və hüquqi şəxslərin razılığı olmadan müraciətinizdə qeyd olunan məlumatların verilməsi məqsədəmüvafiq hesab edilmir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli informasiya sorğusu barədə müraciətinə, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının sorğusunda qeyd edilən sualların müəyyən bir hissəsinə cavab verməkdən imtina edərkən ona əsaslanmışdır ki, Beynəlxalq daşımalarla məşğul olan həm fiziki, həm də hüquqi şəxs olan sahibkarların beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyəti onların kommersiya fəaliyyətidir və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən sahibinin razılığı olmadan onların kommersiya fəaliyyəti barədə məlumatların açıqlanması onların qanuni maraqlarına ziyan vura bilər. Belə ki, həmin fəaliyyət barədə məlumatların onların razılıqları olmadan digər şəxslərə verilməsi onların kommersiya fəaliyyətlərinə mənfi təsir göstərər. Məhkəmə cavabdehin imtina dəlilini əsaslı hesab edir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 6.1.6-cı maddəsinə əsasən informasiyanın əldə edilməsi bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmamalıdır. Həmin Qanunun 10.4.6-cı maddəsinə əsasən, informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir. Həmin Qanunun 10.4.7-ci maddəsinə əsasən əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının əldə etmək istədiyi məlumat fərdi məlumat kimi qanunvericiliklə əldə olunmasına məhdudiyyətlər qoyulan informasiya hesab edildiyindən, habelə bu qəbildən olan məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malik olan şəxslər sırasına daxil edilmədiyindən, cavabdeh inzibati orqan həmin məlumatı jurnalist kimi fəaliyyət göstərən hazırkı İddiaçı təqdim etməməkdə haqlı olmuşdur və həmin məlumatın verilməməsi qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaınında X2 Xidmətinə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar