Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1462/2020 17.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli,2-1(120)-1462/2020 saylı qərardadı ilə cavabdehin adı dəqiqləşdirilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi kimi qəbul edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, müharibə veteranı və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin həmin komissiyanın xx.xx.2020-ci il tarixli qərarına əsasən hərbi hissəyə daxil olması barədə məlumatın olmaması əsas göstərilməklə ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinin məqsədə uyğun olmamasına dair xx.xx.2020-ci il tarixli imtina məktubu göndərilmişdir. Məktubda həmçinin Amnistiya qərarının surəti də tələb edilmişdir. İddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1972-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. xx.xx.1990-1992-ci illərdə sovet ordusu sıralarında xidmət keçmişdir. xx xxxxx 1994-cü ildən xx.xx.1995-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam rayon ərazisində erməni quldur birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Sonra hərbi hissə ləğv edildikdən sonra hərbi hissə komandirinin razılığı ilə evə qayıtmışdır. Qeyd edilən müddət ərzində hərbi xidmət keçməsinə dair hərbi biletində də qeydiyyat aparılmışdır. Onun barəsində heç bir cinayət işi olmamış, barəsində hər hansı axtarış işi açılmamışdır. Ona görə də barəsində də heç bir amnistiya qərarı da tətbiq edilməmişdir. Bu barədə Qarabağ hərbi prokurorluğunun məktubunu ərizəsinə əlavə edir. Ona görə də AR MN-nin arxiv sənədlərində göstərilənlərin hansı məlumat əsasında qeyd edilməsinin səbəbi ona məlum deyildir. Qeyd olunanları nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 1/B-17343 nömrəli məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin vəriiməsı üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geriqaytarılır. Hərbi hissəyə daxil olmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Amnistiya qərarının surətini sənədlərə əlavə edərək təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin ardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-9352 nömrəli məktubunda qeyd edilmişdir: “xx.xx.2020-ci il tarixli 2-1(120)-1462/2020 №-li sorğunuza cavab olaraq bildiririk ki, xidmət yerini xx.xx.1994-cü il tarixdə özbaşına tərk etmiş atıcı sıravi İddiaçı Əliyaquboğlu N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 26 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 35, sıra 53, əmrdə atasının adı Əliyaqub yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 1972-ci il təvəllüdlü sıravi Qasımov X3 nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 47 №-li nizami hissə üzrə əmrilə (əsas: § 9, sıra 102, əmrdə atasının adı Əliyaqub yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Ağcabədi RHK- na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır”. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 808 nömrəli məktubunda qeyd edilmişdir: “Ağcabədi şəhər sakini 1972-ci il İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissə döyüş bölgəsində yerləşən hərbi hissələrdəndir. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 26 nömrəli əmrilə ştatdan kənar edilmişdir. Qarabağ QHP-un xx.xx.1999-cu il tarixli 16/HPŞ saylı qərarı ilə barəsində amnistiya tətbiq edilmişdir. Xidmət dövrü yaralanması barədə SHXÇDX-in Ağcabədi rayon şöbəsində məlumat yoxdur. “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi ilə bağlı sənədlər komissiyaya göndərilmişdir. Nəticəsi barədə vətəndaş İddiaçı məlumat verilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X6 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 9/2-6807 nömrəli məktubunda qeyd edilmişdir” “sizin xx.xx.2019-cu il tarixli 342 №-li, xx.xx.2019-cu il tarixli 563 №-li, xx.xx.2019-cu il tarixli 625 №-li sorğularınıza cavab olaraq bildiririk ki, xidmət yerini xx.xx.1994-cü il tarixdə özbaşına tərk etmiş atıcı sıravi X5 N №-li hərbi hissə komandirinin 27.01,1995-ci il tarixli 26 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 35, sıra 53, əmrdə atasının adı Əliyaqub yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 1972-ci il təvəllüdlü sıravi X1 nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 47 №-li nizami hissə üzrə əmrilə (əsas: § 9, sıra 102, əmrdə atasının adı Əliyaqub yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Ağcabədi RHK- na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami-hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitabında X2 şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar edilməmişdir”. Hüquqi məsələlər: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməkdir. İş materiallarından göründüyü kimi iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnəməyə əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1462/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1462/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver