Məhkəmə qərarları › İş №2-1(120)-1465/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1465/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1465/2025 14.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 776,38 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 776,38 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiа tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Mərkəzi Filial) xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X7 xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Mirzə Nuriyev xx.xx.2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixindən 30 aprel 2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Mirzə Nuriyevə məxsus kart hesabına 1376,38 manat artıq pul vəsaiti köçürülmüşdür. Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. X14 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1376,38 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 776,38 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması bildirilmişdir. Əlavə olaraq bildiririk ki, Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. ünvan 1 ünvanında yaşayan X14 həyat yoldaşı Cavabdeh yaranmış 776,38 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində **********6 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş 776,38 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Cavabdeh iddia ərizəsinə münasibətində göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, xx.xx.2020-ci il tarixindən - xx.xx.2020-ci il tarixə kimi pensiya ödənilib. Birincisi - tarixlərə nəzər yetirisək görərik ki, Mülki Məcəllədə qeyd edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İkincisi- İddiaçı iddiasında qeyd edib ki, 1376.38 manat artıq pul vəsaiti ödənilib ondan dəfn müavinəti 600 manat çıxılsın qalan məbləğ 776.38 manat isə cavabdeh tərəfindən ödənilsin. Buna münasibət bildirərək qeyd etmək istəyirəm ki, dəfn pulu hər bir halda ödənilməli idi lakin iddiaçı özü burda qanun pozuntusu edib. Əmək pensiyaları haqqında qanunun 42-ci maddəsində dəfn pulunun yalnız vərəsəyə verilməlidir deyə bir müddəası yoxdur həmin maddənin anlayışına görə dəfn pulu kənar şəxsə də ödənilir. Onun üçün də iddiaçının əsaslandırması yanlışdır. Üçüncüsü - İddiaçı iddasında bu məsələlərdə analoji işlərin olduğunu qeyd edib lakin nəzərinizə çatdırım ki, həmin qərarlar məcburi deyil tövsiyyə ola bilər çünki məhkəmə praktikası formalaşsa da lakin qeyd edim ki, Konstitusiya Məhkəməsinin və Mülki Məcəllənin iddia müddəti anlayışı da mövcuddur. Dördüncüsü - Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən elektron sistem tətbiq edilib. Biz ölüm şəhadətnaməsini vaxtında almışıq və sistemdə də görünür. İnzibati orqan etdiyi kobud səhvi vətəndaşdan tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (12). Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlığlarını müdafiə etmək hüququ vardır (26). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir (60). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X9rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Avropa Məhkəməsi Konvensiyanın 13-cü maddəsinin tələbləri ilə bağlı hüquqi mövqeyini ifadə etmişdir ki, hüquqi müdafiə vasitəsi qanunvericilikdə olduğu kimi təcrübədə də səmərəli olmalıdır (02 fevral 2006-cı il İoçev Bolqarıstana qarşı). Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən üzv Dövlətin sosial təminat hüququna dair qanunvericiliyi mövcuddursa və sosial təminat ödənişi aparılması nəzərdə tutulursa, bu halda bu ödənişlər mülkiyyət sayılır (Stec və başqaları Böyük Britaniyaya qarşı (qərardad) [BP], paraqraf 53-55; Andrejeva Litvaya qarşı [BP], paraqraf 77; Moskal Polşaya qarşı, paraqraf 38). Mülki Məcəlləyə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (373). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375). Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1,551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli şərhinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli şərhinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Qeyd olunanları nəzərə alaraq iddia müddəti tətbiq edilərək iddiaçının iddiasının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçıların nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 054550 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin fevral ayının 13 günündə 48 nömrə ilə qeyd edilmişdir. İşdə olan Lənkəran bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 60/1 nömrəli arayışından görünür ki, Lənkəran şəhər sakini Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı- X6 dəfn və yas mərasiminin bütün xərclərini öz şəxsi hesabına ödəmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 2024/111/33095 nömrəli məktubuna əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X1 (təqaüd) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif məbləğlərdə pul çıxarılmışdır qeyd edilən dövr üzrə ümumilikdə 1.513,70 manat pul vəsaiti çıxarılmışdır. Kartda olan qalıq 551,49 manatdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia qismən əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Həmin Qanunun 39-cu maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 42-ci maddəsinə əsasən Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyini tənzimləyən hüquqi normalar əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli, AZ-İİ 054550 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə ölmüşdür. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı- X6 dəfn və yas mərasiminin bütün xərclərini öz şəxsi hesabına ödəmişdir. Belə ki, məhkəməyə daxil olmuş müvafiq sənədlərə əsasən iddiaçı tərəfindən 776,38 manat artıq ödəmənin yarandığı müəyyən edilmişdir. Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. X14 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1376,38 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 776,38 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd edilən halla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə, Mirzə Nuriyev xx.xx.2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixindən 30 aprel 2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Mirzə Nuriyevə məxsus kart hesabına 1376,48 manat artıq pul vəsaiti köçürülmüşdür. Məhkəmənin “xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 pensiya kartına 2020-ci il tarixində fevral, mart və aprel ayları üzrə pul köçürmələri, həmin tarixli köçürmələrin hesab kartından çıxarılıb-çıxarılması və ya geri qaytarılması barədə məlumat və sistem çıxarışların təqdim olunması barədə” xx.xx.2024-cü il tarixli 2-1(120)-4324/2024 nömrəli qərardadı icra olunmasından ötrü "xxxx" ASC-yə göndərilmiş və sonuncunun xx.xx.2024cü il tarixli, 2024/111/33095 nömrəli məktubuna əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X1 (təqaüd) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif məbləğlərdə pul ödənişləri kart hesabına ödənilmiş və çıxarılmışdır. Belə ki, Ödəniş kartı üzrə çıxarışa nəzər yetirilən zaman aşağıdakılar müəyyən edilir:

1. Kart hesabına inzibati orqan tərəfindən mədaxil: - 13.03.2020-ci il tarixdə 688,24 manat - 15.04.2020-ci il tarixdə 688,24 manat Cəmi: 1376,48 manat

2. Kart hesabından məxaric: - 16.03.2020-ci il tarixdə 688 manat (ATM Terminal vasitəsilə) - 13.04.2020-ci il tarixdə 0,24 manat (kredit borcu üzrə silinmə) - 15.04.2020-ci il tarixdə 136,75 manat (kredit borcu üzrə silinmə) Cəmi: 824,99 manat

3. Kart hesabında qalıq pul məbləği – 551,49 manat. Belə ki, ümumi kart hesabına inzibati orqan tərəfindən 1376,48 manat daxil olsa da, qeyd edilən pulun 551,49 manatının kart hesabında qaldığı müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğin X2 həyat yoldaşı Cavabdeh tutulması hissəsində inzibati orqan düzgün qənaətə gəlməmişdir. Qeyd edilən məbləğin geri qaytarılması barədə "xxxx" ASC-yə müraciət etmək hüququ vardır ki, həmin hüququn cavabdehin hesabına aradan qaldırılması Cavabdeh hüquqlarının pozulması halı ilə nəticələnə bilər. Digər hissədə inzibati orqan həm iddia ərizəsində, həm də inzibati icraat materiallarında Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablandığı qeyd edilmişdir. Bu hal mübahisəsiz haldır və qeyd edilən borc məbləğindən çıxılmalıdır. Belə olan halda X2 həyat yoldaşı Cavabdehın 224,99 manat borc öhdəliyi yaranmış olur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, cavabdeh tərəfindən 224,99 manat məbləğində pul vəsaitinin əsassız olaraq əldə etdiyi müəyyən edilir ki, bu hal inzibati orqanın səhvi nəticəsində olmamışdır. Belə ki, vəfat edənin ailə üzvləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu idilər. Hazırkı halda iddiaçı tərəfindən cavabdehin səhvi nəticəsində 224,99 manat artıq vəsaitin ödənilməsi sübut olunur. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan və əsassız ödənilən pul vəsaitinin geri tələb etməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, qeyd edilən halın iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin mərhum həyat yoldaşı X3 hesabına artıq ödənilmiş 224,99 manat pul vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. X2 kart hesabına artıq ödənilmiş 224,99 manat pul vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar