Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1467/2025 21.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi şəhər sakini, İddiaçı Ağcabədi bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədlərinin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Ağcabədi bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Ağcabədi Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı satılmış 600 kv.m torpaq sahəsinin “X3 X5”də düzəliş edilməsi və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia üzrə tələb dəqiqləşdirilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi Bələdiyyəsinin 15 oktyabr 2010-ci il tarixli 11 saylı iclasının qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin alqı-satqısı barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən torpaq sahəsinin alqı-satqısına görə Ağcabədi bələdiyyəsinin hesabına 12 noyabr 2010-ci il tarixdə 33 nömrəli qəbz ilə 850 (səkkiz yüz əlli) manat pul ödəmişdir. Bundan əlavə torpaq sahəsinin plan və ölçüsü barədə dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfindən xəritə hazırlanmış və həmin xəritə dövlət torpaq və kadastır kitabında 10 noyabr 2010-ci il tarixdə 288 saylı nömrə ilə uçota alınmışdır. Həmin kadastr planının nömrəsi A №296924-dür. Ona satılmış 0.06 ha həyatyani torpaq sahəsinə çıxarış və torpaq sahəsinin plan ölçü sənədləri almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi müraciət etmiş, onun müraciətinə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə imtina məktubu vermişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, 15 oktyabr 2010-cu il tarixli 11 saylı qərardan çıxarış ilə ayrılmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa İddiaçı satılması müəyyən edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi şəhər sakini, İddiaçı Ağcabədi bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədlərinin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə etiraz etdiklərini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs Ağcabədi bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Ağcabədi rayonu ərazisində yerləşdiyindən və Ağcabədi rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Ağcabədi bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 11 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpağın ayrılması məqsədə uyğun hesab edilmiş və alqı-satqı qaydasında satılmasına razılıq verilmişdir. İş materiallarında olan Torpaqların alqı-satqısına dair xx.xx.2010-cu il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Ağcabədi bələdiyyəsinin ərazisindən 0.06 ha torpaq sahəsi 850 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağcabədi şəhər sakini İddiaçı Ağcabədi bələdiyyəsinin 15 oktyabr 2010-cu il tarixli, 11 nömrəli qərarı ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün tərtib edilmişdir. X7 kitabında xx.xx.2010-cu il tarixdə 288 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 4294/2024 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin icrasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/3632 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən Ağcabədi bələdiyyəsinin 15 oktyabr 2010-cu il tarixli, 11 nömrəli qərarı və "Torpaqların alqı- satqısına dair akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 600 kv.m olan torpaq sahəsinin döngə nöqtələrinin kordinatları müəyyən edilmişdir. Torpaq sahəsi ayrıldığı vaxt (2010-cu ilin oktyabr ayı) Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı Ağcabədi şəhərinin perspektiv inkişaf fonduna aid tikinti altında torpaq sahəsi olduğu, torpaq sahəsinin yerləşdiyi ərazinin X3 X4 Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı tikinti altında olan torpaqlar (fərdi yaşayış evləri) kimi qeyd olunduğu, torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmədiyi, 600 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə faktiki istifadə vəziyyətinin koordinatları arasında uyğunsuzluğun mövcud olduğu, İddiaçınin iddia etdiyi, ona satılmış və faktiki istifadəsinə verilmiş 600 kv.m olan torpaq sahəsinin iddiaçının istifadəsində olduğu, həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilərək təyinatı üzrə istifadə olunduğu, 600 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında olan texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacağı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı tələbi üzrə öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtinada qeyd edilən əsaslar mövcud olmamışdır və qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması və uyğunsuzluqların olması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın əsaslarının mövcud olmadığı müəyyən edilir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3632 nömrəli nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Rəyə əsasən İddiaçınin iddia etdiyi, ona satılmış və faktiki istifadəsinə verilmiş 600 kv.m olan torpaq sahəsinin iddiaçının istifadəsində olduğu, həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilərək təyinatı üzrə istifadə olunduğu, 600 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında olan texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacağı müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Ağcabədi bələdiyyəsinin 15 oktyabr 2010-cu il tarixli, 11 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Ağcabədi bələdiyyəsinin 15 oktyabr 2010-cu il tarixli, 11 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eləcə də, mübahisəli torpaq sahəsi üzrə koordinatlarda uyğunsuzluqlar yaranmışdır ki, qeyd edilən uyğunsuzluqların faktiki istifadəyə uyğunlaşdırılmasının zəruri olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin uyğunlaşdırma hissəsində də haqlı olmuşdur. Belə ki, torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərində hüquqularının pozulmayacağı və qeyd edilən torpaq sahəsinində islahat zamanı ayrılan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmçinin imtinada qeyd ediləndən fərqli olaraq torpaq sahəsinin X3 X5ə əsasən faktiki uqodiyasının tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilərək, Ağcabədi Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı satılmış 600 kv.m torpaq sahəsinin “X3 X5”də düzəliş edilməli və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Ağcabədi Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı satılmış 600 kv.m torpaq sahəsinin koordinatlarına “X3 X5”də düzəliş edilsin və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1467/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1467/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver