Məhkəmə qərarları › İş №2-1(120)-1469/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1469/2023

25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1469/2023 25.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamı və JN-0612 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” əsasında "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinə ayrılmış 25.0005 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “19 aprel 1999-cu il tarixli 24a saylı Sərəncamına və JN-0612 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən istifadəyə verilmiş 25.0005 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(120)-1469/2023 nömrəli qərardadı ilə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 111 nömrəli qərarına əsasən Beyləqan rayonundakı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X19 X10 Məsuliyyətli Cəmiyyəti yaradıldığı, sonradan “X19 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və digərləri birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X11 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldığı üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X11 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Sonradan iddiaçı "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamı və JN-0612 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” əsasında "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinə ayrılmış 25.0005 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamına əsasən "xxxx" kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarını istehsal etdirmək üçün 25.0005 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Sərəncam verildikdən sonra torpaqdan daimi istifadə hüququna dair JN-0612 KOD 60700001 saylı dövlət aktı verilmişdir. "xxxx" kəndli fermer təsərrüfatının nizamnaməsi təsis edilərək hüquqi şəxslərin dövlət qeydiyyatından keçmişdir. "xxxx" kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmiş 25.0005 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsə də ona bununla əlaqədar "xxxx" kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmiş torpaq sahəsi elektron məlumat bazasına əsasən JN-0682 (kod ********) saylı torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edilmişdir. Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsi ilə “Hasil” kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmiş torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir, bir-biri ilə heç bir əlaqəsi yoxdur və üst-üstə düşmür. Odur ki, 19 aprel 1999-cu il tarixli 24a saylı Sərəncamına və JN-0612 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən istifadəyə verilmiş 25.0005 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərər etirazda qeyd etmişdir ki, JN-0612 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə "xxxx" kəndli fermer təsərrüfatının istifadəsində olan 25.0005 ha torpaq sahəsinin elektron məlumat bazasına əsasən JN- 0682 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "xxxx" dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edildiyindən Beyləqan rayon İcra Hakimiyyətinin başçısının 19 aprel 1999-cu il tarixli, 24a saylı sərəncamı ilə "xxxx" kəndli fermer təsərrüfatına ayrılmış 25.0005 ha torpaq sahələsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “19 aprel 1999-cu il tarixli 24 a saylı Sərəncamına və JN-0612 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən istifadəyə verilmiş 25,0005 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X11 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X11 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddianı qəbul etmədiklərini bildirərək etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamına əsasən "xxxx" kəndli fermer təsərrüfatına ayrılmış 25.0005 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********369800 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Məhdud Məsuliyyətli "xxxx" kəndli fermer təsərrüfatı xx.xx.2001-ci il tarixdə (VÖEN) ********** qeydiyyata alınmışdır. ünvan 1 ünvanı, təsisçisi X13, qanuni təmsilçisi (əvvəlki) X13 və X8r. İşdə olan "xxxx" X16 Təsərrüfatının xx.xx.1998-ci il tarixli, 122 nömrəli məktubundan görünür ki, Beyləqan rayon "xxxx" X16 Təsərrüfatının xx.xx.1998-ci il tarixli, 01 saylı əmək kollektivinin ümumi yığıncağının qərarı ilə uzun müddət təsərrüfatda çalışmış X9 təsərrüfatın əkinə yararlı torpaq sahəsindən fermer təsərrüfatı yaratmaq üçün 25 (iyirmi beş) hektar torpaq sahəsi ayrılmasına qərar verilmişdir. İşdə olan "xxxx" X16 Təsərrüfatının əmək kollektivinin 29 oktyabr 1998-ci il tarixli, 01 saylı iclasının protokolunun surətindən görünür ki, X3 və X4 ərizələri nəzərə alınaraq, təsərrüfatın əkinə yararlı torpaq sahəsindən kəndli (fermer) təsərrüfatı yaradılması üçün təsərrüfatın əkinə yararlı torpaq sahəsindən hər birinə 25 (iyirmi beş) hektar olmaqla 50 (əlli) hektar torpaq sahəsi ayrılmışdır. X14 və X1 fermer təsərrüfatı təşkil etmək üçün təsərrüfatın sahəsindən hər birinə 25 (iyirmi beş) hektar torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. İşdə olan Beyləqan rayon Torpaq şöbəsinin baş mütəxəssisi Əkbər Quliyevin, baş mütəxəssis İsmayıl Məmmədovun, aparıcı mütəxəssisi Əşrəf Hüseynovun, "xxxx" qoyunçuluq sovxozunun direktoru Sahib Cəfərovun, sovxozun baş aqronomu Yusif Hüseynovun, direktor müavini Qənimət Hüseynovun, "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri Teymur İsmayılovun iştirakları ilə Beyləqan rayonunun "xxxx" qoyunçuluq sovxozunun ərazisində tərtib etdikləri xx.xx.1999-cu il tarixli aktın surətindən görünür ki, Teymur İsmayılovun rayon İcra Hakimiyyətinə yazdığı xx.xx.1999-cu il tarixli, İ-122 saylı ərizəsinə əsasən yeni yaradılmış "xxxx" kəndli fermer təsərrüfatına sovxozun əkin sahəsindən 25 (iyirmi beş) hektar torpaq sahəsini seçib ayrılmışdır. Ərazisinin qonşuları A-nöqtəsindən B-nöqtəsinədək “S.Vurğun” adına kəndli fermer təsərrüfatının torpaq sahəsi ilə, B-dən V-yə kimi “Şəfəq” sovxozunun torpağı və kollektorla, V-dən Q-yə kimi “Hasil” kəndli fermer təsərrüfatının torpağı ilə, Q-dən A-ya kimi “Elmaz” kəndli fermer təsərrüfatının torpaq sahəsi ilə həmsərhəddir. "xxxx" kəndli fermer təsərrüfatının torpaq sahəsinin eni -180 metr, uzunluğu isə 1500 metr olmaqla, ona paralel tərəf 1300 metrdir və 25 hektar tamamlanır. Fermer təsərrüfatının rəhbərinə DİH-nin müvafiq sərəncamından mülkiyyət hüququna dair Dövlət aktı işlənib hazırlandığından sonra torpaqdan istifadə etmək tərəflərindən geniş izah olunmuşdur. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" X16 Təsərrüfatının üzvü X3 başçılığı ilə yaradılması nəzərdə tutulan "xxxx" kəndli fermer təsərrüfatına orta torpaq norması nəzərə alınmaqla "xxxx" X16 Təsərrüfatının əkinə yararlı torpaq sahəsindən 25 (iyirmi beş) hektar, "xxxx" X16 Təsərrüfatının üzvü X4 başçılığı ilə yaradılması nəzərdə tutulan “Hasil” kəndli fermer təsərrüfatına orta torpaq norması nəzərə alınmaqla "xxxx" X16 Təsərrüfatının əkinə yararlı torpaq sahəsindən 25 (iyirmi beş) hektar ayrılmışdır. İşdə olan Torpaqdan daimi istifadə hüququna dair JN 0612, KOD 60700001 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı ilə "xxxx" kəndli fermer təsərrüfatına 25.0005 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubundan görünür ki, JN-0612 (kod ********) saylı ‘Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə "xxxx" kəndli fermer təsərrüfatının istifadəsində olan 25.0005 ha və JN-0611 (kod ********) saylı "Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə "Hasil” kəndli fermer təsərrüfatının istifadəsində olan 24.9992 ha torpaq sahəsinin elektron məlumat bazasına əsasən JN-0682 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə Beyləqan rayonu Qoyunçuluq üzrə "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Beyləqan rayon İcra Hakimiyyətinin başçısının 19 aprel 1999-cu il tarixli, 24a saylı sərəncamı ilə "Kvartet” kəndli fermer təsərrüfatına ayrılmış 25.0005 ha və “Hasil” kəndli fermer təsərrüfatlarına ayrılmış 24.9992 ha torpaq sahəsinə texniki pasportun verilməsi barədə müraciətlərinizin icrası mümkün olmamışdır. İşdə olan Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 1/186 nömrəli məktubundan görünür ki, "xxxx" kəndli fermer təsərrüfatına 25 ha torpaq sahəsinin ayrılması barədə Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli. 24 saylı Sərəncamının təsdiq edilmiş surəti göndərilir. "xxxx" kəndli fermer təsərrüfatının adına verilmiş JN-0612 nömrəli, KOD 60700001 nömrəli, xx.xx.2000-ci il tarixli “Torpaqdan daimi istifadə hüququna dair” şəhadətnamə və şəhadətnamənin verilməsinə əsas olan sənədlər bərədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubunda "xxxx" KFT-nin adına verilmiş JN-0612 nömrəli, KOD 60700001 nömrəli, xx.xx.2000-ci il tarixli “Torpaqdan daimi istifadə hüququna dair” şəhadətnamə və həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlər aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmək mümkün olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7746 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsinin 1999-cu ildə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda da Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir və kənd təsərrüfatı məhsullarının istehsal ediməsi üçün nəzərdə tutulmuş ərazidir. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsi faktiki olaraq "xxxx" kəndli fermer təsərrüfatının istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsi keçmiş Dövlət Torpaq Komitəsinin Beyləqan rayon Torpaq şöbəsinin Dövlət aktı qeydiyyatı kitabında 14 dekabr 2000-ci il tarixli, 59 nömrə ilə qeydə alınmışdır. “Torpaqdan daimi istifadə hüququna dair” JN:0612 (kod ********) nömrə ilə qeydiyyata alınmış Dövlət aktının koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsi, qərarda qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşir və üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsi Beyləqan rayon X5 xx.xx.2002-ci il tarixli 123 saylı qərarı və "Torpaqdan daimi istifadə hüququna dair" JN-682, kod 60700001 nömrəli dövlət aktı əsasında "xxxx" qoyunçuluq üzrə DDKTİ müəssisəsinə ayrılan 6179.20 ha torpaq sahəsinin İ hissə üzrə olan ərazisinin hüdudları daxilində yerləşir. Qərardadın yeddinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsinin ərazisində hər hansı tikili mövcud deyildir. Qərardadın səkkizinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0612, kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı "xxxx" kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 25.0005 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Qeyd olunan 25.0005 ha torpaq sahəsi üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını pozmur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X20rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X21rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli, 24a saylı sərəncamını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair dövlət aktının ikinci nüsxəsinin Ərazi İdarəsinin arxivində olmaması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7746 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 24a saylı sərəncamı əsasında "xxxx" qoyunçuluq sovxozundan X4 rəhbəri olduğu "xxxx" kəndli fermer təsərrüfatına 25 ha torpaq sahəsi sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır. Beyləqan rayon Torpaq şöbəsinin baş mütəxəssisi Əkbər Quliyevin, baş mütəxəssis İsmayıl Məmmədovun, aparıcı mütəxəssisi Əşrəf Hüseynovun, "xxxx" qoyunçuluq sovxozunun direktoru Sahib Cəfərovun, sovxozun baş aqronomu Yusif Hüseynovun, direktor müavini Qənimət Hüseynovun, "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri Teymur İsmayılovun iştirakları ilə Beyləqan rayonunun "xxxx" qoyunçuluq sovxozunun ərazisində tərtib etdikləri xx.xx.1999-cu il tarixli aktın surətindən görünür ki, Teymur İsmayılovun rayon İcra Hakimiyyətinə yazdığı xx.xx.1999-cu il tarixli, İ-122 saylı ərizəsinə əsasən yeni yaradılmış "xxxx" kəndli fermer təsərrüfatına sovxozun əkin sahəsindən 25 (iyirmi beş) hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh DƏDRX 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, "xxxx" kəndli fermer təsərrüfatına Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamı və JN- 0612 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” əsasında "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinə ayrılmış 25.0005 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə “Hasil” kəndli fermer təsərrüfatının vəkili və nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçı tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı "xxxx" kəndli fermer təsərrüfatına Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 1999-cu il tarixli 24a saylı sərəncamı və JN-0612 KOD 60700001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” əsasında "xxxx" X18 Məsuliyyətli Cəmiyyətinə ayrılmış 25.0005 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı "xxxx" kəndli fermer təsərrüfatından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar