Məhkəmə qərarları › İş №2-1(120)-1473/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1473/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1473/2021 03.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi İsmayılov Orxan Nadir oğlu İddiaçı cavabdeh Masallı rayonu Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbin direktoru Habil Qənbərova qarşı Masallı rayonu Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbin direktoru Habil Qənbərovun 30.06.2021-ci il tarixli, 100 saylı əmrinin ləğv edilməsi və onun Masallı rayonu Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbində UGB-nin rəhbəri vəzifəsində bərpa olunması barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayonu Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbin direktoru Habil Qənbərova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbin direktoru Habil Qənbərovun 30.06.2021-ci il tarixli, 100 saylı əmrinin ləğv edilməsi və onun Masallı rayonu Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbində UGB-nin rəhbəri vəzifəsində bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 15.09.2008-ci il tarixdən Masallı rayonu, Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbinin direktoru H.Qənbərovun həmin tarixli, 04 saylı əmrinə əsasən Qarğalıq kənd orta məktəbində UGB rəhbəri vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 30.06.2021-ci il tarixə kimi Qarğalıq kənd orta məktəbində UGB rəhbəri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifəsinə vicdanla yanaşmış, işinin öhdəsindən layiqincə gəlmişdir. Həmin müddət ərzində rəhbərlik tərəfindən heç bir irad bildirilməmişdir. 30 iyun 2021-ci il tarixdə isə işdə olduğu vaxt məktəb direktoru H.Qənbərov heç bir səbəb olmadan onun işdən azad olunduğunu bildirərək, onu işindən uzaqlaşdırmışdır. İşdən çıxarılma səbəbini soruşduqda, o, "əmrin surətini alanda bilərsən" deyə cavab vermişdir. Bir müddət sonra "əmək kitabçası" və "əmrin surəti" poçt vasitəsilə ünvanına çatdırılmışdır. İşdən çıxarılmaı ilə əlaqədar əmrdə əsas kimi göstərilən "Qarğalıq kənd Ə.Vəliyev adına orta məktəbin AHİ komitəsinin 29.06.2021-ci il tarixli, 33 saylı qərarının və məktəb pedoqoji şurasının 10 saylı 30.06.2021-ci il tarixli qərarının" surətlərinin də ona təqdim edilməsini məktəb rəhbərliyindən tələb etdikdə rəhbərlik tərəfindən tələbinin icrasından imtina edilmişdir. Dəfələrlə bu barədə məktəb rəhbərliyinə şifahi müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Daha sonra isə məktəb direktoruna yazılı ərizə ilə müraciət edərək qərarların surətinin ona verilməsini xahiş etmiş, lakin cavab olaraq məktəb direktoru "əmrdən çıxarışın və əmək kitabçasının" poçt vasitəsilə göndərildiyini bildirmişdir. 30.06.2021-ci il tarixli, 100 saylı əmrdə onun "əmək funksiyalarını və əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri keyfiyyətsiz yerinə yetirdiyi, müntəzəm olaraq heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi" əsas göstərilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, məktəb direktoru onu qərəzçiliklə və ədavəti üzrə işdən uzaqlaşdırılmışdır (atası Elağa Rəhimov məktəb direktoru işlədiyi zaman hazırki direktorun gəlini "kompüter laborantı" laborantı vəzifəsində işləyirdi, lakin həmin ştat ləğv olunduğu üçün gəlin işdən azad olunmuşdur). Barəsində verilmiş əmri qanunsuz hesab edir və bu səbəbdən də işə bərpa olunmağı ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, Qarğalıq kənd Ə.Vəliyev adına orta məktəbin AHİ komitəsinin 29.06.2021-ci il tarixli, 33 saylı qərarı və məktəb pedoqoji şurasının 10 saylı 30.06.2021-ci il tarixli qərarı əsas götürülərək, 30.06.2021-ci il tarixli, 100 saylı əmrdə İddiaçı əmək funksiyalarını və əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri keyfiyyətsiz yerinə yetirdiyi, müntəzən olaraq heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlır qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə cavabdeh arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, əmək hüquq sahəsində yaranmışdır. Başqa sözlə, iddiaçı dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında Masallı rayonu, Ə.Vəliyev adına Qarğalıq tam orta məktəbində UGB rəhbəri vəzifəsində işlədiyindən onunla cavabdeh arasındakı mübahisə inzibati sahədə (publik) olan münasibətlərdən deyil, əmək münasibətlərindən yaranmışdır. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 04 avqust 2021-ci il tarixli, 2-1(120)-1473/2021 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün 10 gün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hüquqi yardım məktubunu 09.08.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. İddiaçıya izah edilir ki, hazırki tələblə aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmiş, hazırki qərardadla ona yardım edilməsi və hüquqlarının izah edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar