Məhkəmə qərarları › İş №2-1(120)-1473/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1473/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1473/2023 02.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “on müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 88 nömrəli əmri ilə ehtiyat batalyonunun ümumi siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunmuşdur. 1992-ci ilin sentyabr ayının əvvəllərində Ağdam rayonunun Abdal Gülablı kəndində döyüş tapşırığım yerinə yetirən zaman Ermənistan işğalçı ordusunun tankından atılan mərminin yanında partlaması nəticəsisndə yaralanıb huşunu itirmişdir. Huşunu itirəndən sonra o, döyüş yoldaşlarının köməyi ilə Ağdam rayonu Qaradağlı kəndində yerləşən hospitala yerləşdirilmişdir. Təxminən 2 ay müalicə alıb evə göndərilmişdir. Evə göndəriləndə Hospital tərəfindən ona yaralanmağı və müalicəsi barədə tibbi arayış verildi. Hospitaldan evə qayıdandan sonra yenə də ciddi müalicə lazım olduğundan müalicəsini evdə almaq qərarına gəldi. Həm ciddi müalicə, həm kontuziya onu rahat buraxmadığından müvafiq sənədləşmə ilə məşğul ola bilmədi. Vəziyyəti yaxşılığa doğru gedəndən sonra Ağdam rayonu Qaradağlı kəndində yerləşən Hospitaldan verilən arayışı tapa bilmədi. Təxminən 5-6 ay keçəndən sonra o, Ağdam rayonu, Qaradağlı kəndində yerləşən Hospitala gedib ona verilən arayışın təkrarını istədi. Cavabları bu oldu ki, onlar bütün arxiv sənədlərini Ağdam rayonu Sarıcalı kəndində yerləşən Hospitala göndərmişlər. Bir müddət keçəndən sonra Sarıcalı kəndində yerləşən Hospitalda arxiv şöbəsinə etdiyi müraciəti də nəticəsiz qaldı. Bütün sənədlər Bakı şəhərinə göndərilmişdir. Həmin vaxtdan bəri o, yaralandığı barədə verilən arayışın təkrarını ala bilmir. Əgər o, hərbi xidmətdən qaçmış və hər hansı bir formada yayınmış olsaydı barəsində cinayət işi açılar və ya hər hansı bir araşdırılma aparılmış olardı. Hərbi prokurorluqda məlumatları isə öz əksini tapmamışdır. Həmin döyüşdə onun yaralanmağının döyüş yoldaşları Ağdam rayonu Əfətli kənd sakini X3 və X4 canlı şahidlərdir. O, həmin şəxslərin köməyi ilə Ağdam rayonu Qaradağlı kəndində yerləşən Hospitala göndərilmişdir. Bu şəxslər canlı şahid olmaqları barədə Səfərbərlik və Hərbi Xidmətin Ağdam rayon şöbəsinin rəisi polkovnik Rusif Babayevə ərizə-izahatlar ilə müraciətlər etmişdirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Naziri Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-11972 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya daxil olmuş ərizəsinə baxılmışdır, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-6965 nömrəli arayışına əsasən xidmət etdiyi 708, 836, N nömrəli hərbi hissələrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-7975 nömrəli Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Hərbi Komissarlığından gəlmiş X5 N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 89 №-li əmrilə (əsas: §2, sıra-32; qeyd: əmrdə soyadı Baqirov, atasının adı Şanba yazılmışdır) ehtiyat batalyonunun ümumi siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuşdur. Qeyd edirlər ki, N () №-li hərbi hissə komandirinin oktyabr, dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı Şəmbət oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 549 saylı qərarından görünür ki, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, HP 01/477 nömrəli, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 16/2154 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin sentyabr ayında aldığı və xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı alının sağ yarısında bir ədəd, sol bazu oynağı nahiyəsində bir ədəd və sağ əlin 1-ci barrmağının arxa səthində, sol əlin 1-ci barmağının əsasında bir ədəd köhnə çapıq toxumalar, sol bazu və sol əlin İ barmağının yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr)” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 432 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli, 466 nömrəli arayışı, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 16/2154 nömrəli məktubu, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli, 200 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-857 nömrəli sərəncamı, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 82 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Qaradolaq kənd sakini 1971-ci il təvəllüdlü istefada olan İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi keçmiş sovet ordusunda hərbi xidmət keçmişdir. xx.xx.1992-ci il tarixdə 89 nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmişdir. Sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. xx.xx.1991-ci il tarixdən SHXÇDX-nin Ağcabədi Rayon Şöbəsində hərbi qeydiyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, HP 01/477 nömrəli məktubundan görünür ki, İddiaçı haqqında Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İddiaçıya məxsus HЗ № ******* nömrəli hərbi biletdə onun xx.xx.1992-ci il tarixli, 89 nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil edildiyi, sonrakı xidməti barədə məlumatın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi keçmiş sovet ordusunda hərbi xidmət keçmiş, 1992-ci il tarixdə Ağcabədi rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdə 89 nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin sentyabr ayında yaralandığı üçün hərbi hospitala göndərilmiş və müalicə olunduqdan sonra iddiaçının harda xidmət keçməsi, döyüşlərdə olub-olmaması, eləcə də qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Bundan başqa məhkəmə iclasında iddiaçının müalicəsi bitdikdən sonra hərbi hissəyə qayıdıb-qayıtmaması ilə bağlı məhkəmənin suallarına cavab olaraq iddiaçı müalicəsi bitdikdən sonra evə getdiyini və bir daha hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə qayıtmadığını bildirmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən və onun xidmətdən ehtiyyata buraxılmasına dair qanuni əsas mövcud olmadığından o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldiir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar