Məhkəmə qərarları › İş №2-1(120)-1474/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1474/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1474/2025 26.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ÖdənişlərinTəyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1994-cü ildən 2003-cü ilədək X4 işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, xx.xx.1956-cı ildə doğulmuşdur. İstehsalatın müxtəlif sahələrində işləmiş və onun ümumi iş stajı 25 (iyirmi beş) ildən çoxdur.Ona xx.xx.2021-ci il tarixdən 27 il 6 ay 21 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və həmin pensiya ona xx.xx.2023-cü il tarixədək verilmişdir. Sonradan pensiyası dayandırılmışdır. Pensiyasının dayandırılmasına səbəb isə xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövr araşdırılmış və X5 əmək haqqı kitablarının müəssisədə saxlanılmaması səbəbindən sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmaması qeyd olunmuşdur.O, xx.xx.1994-cü ildən 2003-cü ilədək X4 işləmişdir. İşlədiyi bütün dövr ərzində illər üzrə əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar olmuşdur. Bu barədə X6 idarəsinin 29 mart 2024-cü il tarixli, 142 nömrəli arayışında illər üzrə Fonda təqdim olunmuş hesabatlarda bütün tutulmaların məbləğləri və yekun məbləğ qeyd olunmuşdur. Bundan əlavə o Sovet ordusunda da 2 il həqiqi hərbi xidmət etmişdir. Lakin bütün bunlar nəzərə alınmadan əsassız bir qərarla pensiyası dayandırılmışdır.O, ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Müraciətinə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 noyabr 2023-cü il tarixli cavab məktubunda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-25944S/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, 01,06.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984cü il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 23 il 1 ay 1 gün təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş müvafiq dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1990cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr üzrə işə daxil olma və işdən azad olma əmrlərinin tarixi qeyd olunmadığından, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işə daxil olma əmrinin tarixi qeyd olunmadığından və işdən azad olma əmri kiril qrafikalı SSRİ möhürü ilə təsdiq olunduğundan) sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.Həmçinin Nazirliyin elektron informasiya sisteminin Pensiya altsistemində aşkar edilən məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırkı işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir.İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddialar üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində həm inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər, həm də inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddianın növü müvafiq olaraq öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Sabirabad rayonu, Muğangəncəli kəndində doğulmuş Hüseynov X1 rayonu, Muğan Gəncəli kəndində qeydiyyatdadır. НЗ seriyalı3072184 №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir ( 2 il 10 gün). ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: -AZ kənd.Təsərrüfatı Su kəməri tikintisi” İ/B PMK-5 qəbul olana qədər- xx.xx.1977ci ildə ikinci çökdürmə çəni obyektinə 2-ci dərəcə ilə fəhlə qəbul edilmişdir ( xx.xx.1977-ci il tarixli 45 №-li əmr); xx.xx.1977-ci ildə 2-ci dərəcəli fəhlə 3-cü dərəcə ilə 93-29 saylı, yük qaldırma 2,5 ton olan avtomobil sürücüsü vəzifəsinə köçürülmüşdür (xx.xx.1977-ci il tarixli 72 №-li əmr); xx.xx.1979-cu ildə sürücü öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1979-cu il tarixli 87 №-li əmr) ( 2 il 5 ay 28 gün); xx.xx.1979-cu ildə sürücü vəzifəsinə işə qəbul edilmişdir (2.11.1979-cu il tarixli 108 №-li əmr); xx.xx.1980-ci ildə ikinci dərəcə ilə fəhlə köçürülüb (xx.xx.1980-ci il tarixli 11 №-li əmr); xx.xx.1980-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir ( xx.xx.1980ci il tarixli 49 №-li əmr) ( 5 ay 23 gün); xx.xx.1980-ci il də 2709 saylı avtokolona üçüncü dərəcə sürücü vəzifəsinə qəbul edilmişdir ( xx.xx.1980-ci il tarixli 1111/s №-li əmr); xx.xx.1983-cü ildə öz xahişi ilə işdən azad edilmişdir ( xx.xx.1983-cü il tarixli 42/1s №-li əmr) (2 il 10 ay 22 gün); xx.xx.1983-cü il tarixdə “Az kənd Təsərrüfatı Su kəməri tikintisi” İ/B PMK-5xx.xx.1983-cü il tarixdən boru çəkilişi sahəsinə 2-ci dərəcə ilə fəhlə vəzifəsinə qəbul edilmişdir ( xx.xx.1983-cü il tarixli 47 №-li əmr 8-5); xx.xx.1983-cü ildə 1 saylı briqadaya 5-ci dərəcə ilə izoləedici vəzifəsinə qəbul edilmişdir (xx.xx.1983-cü il tarixli 74a №-li əmr); xx.xx.1984-cü ildə 24 aprel tarixindən 03 may 1984-cü il tarixinə qədər özbaşına işə çıxmadığı üçün 3 may 1984-cü ildən işdən azad edilmişdir ( xx.xx.1984-cü il tarixli 37 №-li əmr) ( 11 ay 2 gün); xx.xx.1984-cü ildə 3 saylı trestin Salyan UMSR-ə 3-cü dərəcə ilə sürücü vəzifəsinə qəbul edilmişdir (xx.xx.1984-cü il tarixli 46 №-li əmr); xx.xx.1986-cı ildə öz xahişi ilə işdən azad edilmişdir ( xx.xx.1986-cı il tarixli 37 №-li əmr) (1 il 10 ay 22 gün ); xx.xx.1986-cı il tarixdə “Az kənd. Təsərrüfatı Su kəməri tikintisi” İ/B PMK-5- 4-cü dərəcə ilə müvəqqəti olaraq avtomobil qarajına avto çilingər vəzifəsinə qəbul edilmişdir (xx.xx.1986-cı il tarixli 37 №-li əmr); xx.xx.1986-cı il tarixdə 22-62 AQP MAZ-504 avtomobilinə 3-cü dərəcə ilə sürücü vəzifəsinə qəbul edilmişdir (xx.xx.1986-cı il tarixli 62a №-li §7); xx.xx.1986-cı il tarixdə Müvəqqəti olaraq 4-cü dərəcə ilə traktor parkına çilingər vəzifəsinə qəbul edilmişdir (xx.xx.1986-cı il tarixli 105 №-li əmr §7); xx.xx.1987-ci ildə DT-75 traktoruna 4-cü dərəcə ilə traktorçu vəzifəsinə qəbul edilmişdir (xx.xx.1987-ci il tarixli 105 №-li əmr §5); xx.xx.1987-ci ildə 5-ci dərəcə ilə traktorçu vəzifəsinə köçürülmüşdür (xx.xx.1987-ci il tarixli 31 №-li əmr §6); xx.xx.1987-ci il tarixdə avtomobil qarajına 4-cü dərəcə ilə çilingər vəzifəsinə köçürülmüşdür ( xx.xx.1987-ci il tarixli 43 №-li §10); xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1987-ci il tarixli 70 №-li əmr) ( 1il 4 ay 3 gün); xx.xx.1987-ci ildə Salyan MRSp-yə 1-ci dərəcə ilə fəhlə vəzifəsinə qəbul edilmişdir ( xx.xx.1987-ci il tarixli 6 №-li əmr §-1); xx.xx.1988-ci il tarixdə 4-cü dərəcə ilə bənna vəzifəsinə qəbul edilmişdir ( xx.xx.1988-ci il tarixli 36 №-li əmr §-1); xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1990-cı il tarixli 58 №-li § 1);( 3 il 1 ay 11 gün); xx.xx.1990-cı il tarixdə bənna vəzifəsinə qəbul edilmişdir Əmr № § -1 55); xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən bənna vəzifəsindən azad edilmişdir ( §1 Əmr № 79); (1 il 3 ay 26 gün ); xx.xx.1992-ci ildə 13 №-li Mexaniki İdarəyə bənna vəzifəsinə işə qəbul edilmişdir ( Əmr № 15) xx.xx.1994-cü ildən öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 90, xx.xx.1994-cü il ( tarixli) (2 il 8 ay 14 gün). ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən Salmanlı nasos stasiyasına 4-cü dərəcəli maşinist vəzifəsinə qəbul edilmişdir (xx.xx.1994-cü il tarixli 130 №-li əmr); xx.xx.2003-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir (Əmr № 66, xx.xx.2003-cü il) (8 il 5 ay 14 gün) xx.xx.2006-cı il tarixədək (2.11.1990-xx.xx.1992 il tarixləri nəzərə alınmadan və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cu il tarixədək götürülməklə-) 26 il 1 ay 29 gün. Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin X6 İdarəsi tərəfindən verilmiş 142 №-li, xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1994cü il tarixli 130 №-li əmrə əsasən Salmanlı nasos stasiyasına 4-cü dərəcəli maşinist işinə daxil olduğu gündən 2003-cü ilədək DSMM fonduna tutulmalar olmuşdur. X8 İdarəsinin B- 3 formalarına əsasən əmək haqqından 28 136 AZN tutularaq DSMM fondu hesabına köçürülmüşdür. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Sosial Ödənişlərin Tətinatı üzrə Mərkəzi Filialının 3-17-1/2-213i30/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş İddiaçı məxsus pensiya işinə və inzibati icraat materialına əlavə olunmuş: Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən qərarın 12-ci bəndinin qeyd hissəsində Fondun Mil-Muğan regional Filialında pensiya işlərinin seçmə üsulla araşdırılması zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı pensiya təyin edilərkən sosial sığorta stajı düzgün müəyyən edilməmişdir. Belə ki, əmək kitabçasının doldurulması qaydası pozulduğu üçün xx.xx.1994-cü il və xx.xx.2003-cü illərin sığorta stajında hesablanması qaydası qanuna müvafiq hesab olunmur. Tərtib olunmuş aktda isə əmək haqqı cədvəlləri saxlanılmadığı qeyd edilmişdir. Vətəndaşın tələb olunan 25 il sığorta stajı və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilə qədər pensiya kapitalı olmadığı üçün pensiya işi dayandırılır. Ümumilikdə ödənilmiş 5427,28 manat nəzərə alınsın. “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 3-17-1/1-H- 74711/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, qərarın 8-ci bəndində imtinanın səbəbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.1990xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.1994-cü il tarixli əmr nömrələrinin tarixləri olmadığından və işdən azad olma kiril qrafikalı SSR möhürü olduğundan staja daxil edilmədiyi qeyd olunmuşdur. X9 Filialı tərəfindən verilmiş 3-48-DA/9F-2-591/2024 saylı, xx.xx.2024-cü il tarixli Arxiv çıxarışından (X9 filialında mühafizə olunan Salyan rayon 5 №-li X2 1977-1980, 1983-1984, 1986-1987, Salyan rayon Təsərrüfatlararası Təmir Tikinti müəssisənin 1987- 1990, Salyan 13 saylı Mexaniki idarəsinin 1992-1994-cü illərə aid şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərindən) müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci il tarixdən 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 45, §4, xx.xx.1977); 2-ci dərəcəli fəhlə həmin tarixdən 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmişdir ) Əmr № 72, §7, xx.xx.1977); sürücü, xx.xx.1979-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 87, §4, xx.xx.1979); xx.xx.1979-cu il tarixdən sürücü qəbul olunmuşdur ( Əmr № 108, §1, xx.xx.1979); sürücü, 2-ci dərəcəli fəhlə keçirilmişdir (Əmr № 11, §1, xx.xx.1980); 2-ci dərəcəli fəhlə öz arzusu ilə işdən azad edilmişdir (Əmr № 49, §1, xx.xx.1980); xx.xx.1983cü il tarixdən 2-ci dərəcəli fəhlə qəbul olunmuşdur (Əmr № 47, §5, xx.xx.1983); İddiaçı Salyan-Astara yolunda təzyiqli su boru çəkilişi üçün ayrılmışdır- izalyator 5-ci dərəcə (Əmr № 74a, xx.xx.1983); 5-ci dərəcəli izalyator 24.04.-xx.xx.1984-cü il tarixlərində işə gəlmədiyi üçün xx.xx.1984-cü ildə işdən azad olmuşdur (Əmr № 37, §7, xx.xx.1984); xx.xx.1986-cı il tarixdə 4-cü dərəcəli avtoslesser qəbul olunmuşdur (Əmr № 67, §7, xx.xx.1986); xx.xx.1986-cı il tarixdə 3-cü dərəcə sürücü keçirilsin (Əmr № 62a, §7, xx.xx.1986); 3-cü dərəcəli sürücü müvəqqəti olaraq xx.xx.1986-cı il tarixdən traktor parkına çilingər keçirilmişdir (Əmr № 105, §7, xx.xx.1986); müvəqqəti 3-cü dərəcəli çilingər 4-cü dərəcəli troktrist keçirilmişdir (Əmr № 5, §5, xx.xx.1987); 4-cü dərəcəli troktrist xx.xx.1987-ci ildə 5-dərəcə verilsin (Əmr № 31, §6, xx.xx.1987); xx.xx.1987-ci il tarixdə 4dərəcə çilingər keçirilmişdir (Əmr № 43, §10, xx.xx.1987); 4-dərəcəli çilingər öz xahişi ilə xx.xx.1987-ci il tarixdən işdən azad edilmişdir (Əmr № 70, §xx.xx.1987); Salyan rayon Təsərrüfatlararası Təmir Tikinti müəssisəsi- xx.xx.1987-ci il tarixdən 1-ci dərəcəli fəhlə qəbul olunsun (Əmr № 6, §1); növbəti məzuniyyət vaxtı çatdığı üçün xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi 17 iş günü məzuniyyətə buraxılmışdır (Əmr № 77, §1); xx.xx.1990-cı il tarixdən verdiyi ərizəyə əsasən işdən azad edilmişdir ( Əmr № 75, §2). Salyan 13 saylı Mexaniki İdarəsi- İddiaçı xx.xx.1992-ci il tarixdən tikinti ustası Məmmədovun sahəsinə 5-ci dərəcəli bənna peşəsinə qəbul edilmişdir (Əmr № 36, §1, xx.xx.1992). 1994-cü ilə aid idarənin şəxsi heyət üzrə əmrləri filiala təhvil verilmədiyi üçün İddiaçı işdən azad olmasını təqdi etmək mümkün olmamışdır. Arayışda İddiaçı (ata adı qeyd edilməmişdir) 1994-cü ilun yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə əmək haqqı aldığı müəyyən olunur. Arayışın qeyd hissəsində-Salyan rayon 2709 №-li Avtobazanın heç bir işi, 3 №-li Trestin 1984-1986-cı illərə aid heç bir işi, “Mənzil” Koopertivinin heç bir işi filiala təhvil verilmədəyi üçün İddiaçı həmin təşkilatlarda iş fəaliyyətini təsdiq etmək mümkün olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın: 3-17-1/2-H-269042/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona xx.xx.2021-ci il tarixdən 27 il 6 ay 21 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək ödənişi davam etdirilmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır.Fondun Mil-Muğan filialının xx.xx.2023-cü il tarixli aktına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixinədək X5 əmək haqqı kitablarının müəssisədə saxlanılmaması səbəbindən sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. xx.xx.2006-cı il tarixidnən xx.xx.2008-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Xidməti yoxlama nəticəsində 19 il 2 ay 13 gün sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976cı il tarixinədək hərbi ixdmətdə olduğu müddət də nəzərə alınmaqla) olduğu halda, ona 27 il 6 ay 21 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyasının təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən yaşa görə əmək pensiyası ləöv edilmiş və xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveiciliyin tələbləri baxımından mümkün hesab edilmir. Aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı vergi arayışı təüdim etdikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna yenidən baxılacaqdır. “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavab məktubunda ( məktubun tarixi və nömrəsi qeyd olunmamışdır) qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixindək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla ümumi sığorta stajı 23 il 1 ay 1 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Əmək kitabçasının və təqdim olunmuş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixinədək X4 əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır.Fondun Mil-Muğan regional filialının xx.xx.2024-cü il tarixində tərtib etdiyi akta əsasən sözügedən dövr üzrə adına əmək haqqı hesablanması xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr sığorta stajına daxil edilmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş müvafiq dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixinədək olan dövr üzrə işə daxil olma və işdən azad olma əmri kiril qrafikalı SSRİ möhürü ilə təsdiq olunduğundan) sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Ona xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ... - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. ... - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: ... 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; ... Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ...2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir. Məhkəmə ilk öncə iddiaçıya təyin olunmuş əmək pensiyasının bərpa olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-cü il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1956-cı il təvəllüdlü iddiaçının xx.xx.2021-ci il tarixində, 65 yaşının tamam olması yəni pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərtə (azı 25 il sığorta stajı olduqda) əməl olunduğuna istinad edir. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövr üzrə işə daxil olma və işdən azad olma əmrlərinin tarixinin qeyd olunmadığı, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək işə daxil olma əmrinin tarixinin qeyd olunmadığı və işdən çıxma qeydinin kiril qrafikalı möhürlə təsdiqlənməsi sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə bununla yanaşı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası və arxiv arayışı ilə təsdiq olunmuşdur. Belə ki, X9 Filialının 3-48DA/9F-2-591/2024 saylı, xx.xx.2024-cü il tarixli arxiv çıxarışı ilə İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Salyan 13 saylı Mexaniki İdarəsində işlədiyi təsdiq olunur. Belə ki, İddiaçı 1994-cü ildə işdən çıxması barədə əmr olmasa da, arayışda sonuncunun oktyabr ayı daxil əmək haqqı alması faktı təsdiq olunur. Beləliklə iş materialları ilə iddiaçının hərbi xidmət dövrü daxil olmaqla sığorta stajı 26 il 1 ay 29 gün təşkil edir. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi ilə bağlı qərar qəbul olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar