Məhkəmə qərarları › İş №2-1(120)-148/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-148/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-148/2022 07.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş RX1243069 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış X9 aid hissədə ləğv edilsin və həmin hissədə “Torpağın mülkiyyətə verilməsinə dair JN-1775A kod 80601004 saylı şəhadətnamə əsasında X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********22 saylı imtina məktubunun əsassız hesab edilməsi və torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN- 1775A (kod ********) saylı şəhadətnamədə aparılmış düzəlişin, həmin düzəlişin əsasında verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-612.2007 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yeləşən 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(120)-148/2021 saylı qərardadı ilə X8 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən onun qanunla müəyyən olunmuş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, 20 may 2021-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-1775 A (kod ********) saylı şəhadətnamədə aparılmış qanunsuz düzəlişin, həmin düzəliş əsasında verilmiş 07 mart 2018 ci il tarixli çıxarışın ləğv edilməsini və Cəlilabad rayon məhkəməsinin 02 aprel 2007-ci il tarixli. 2-612.2007 saylı qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə onun mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh heç bir əsaslandırma olmadan ərizəsini təmin etməkdən imtina etmiş və 26 may 2021-ci il tarixli, **********22 saylı imtina məktubunda qeyd etmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdehin əsassız imtinası onu məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. İddia ərizəsinə əlavə etdiyi Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-1775 A (kod ********) saylı şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Cəlilabad şəhəri ərazisindən X10 və onun, yəni X4 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. Sonradan, 2008-ci ilin fevral ayında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üzərində X7 X3 oxunması kimi qanunsuz düzəliş edilmiş və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsində həmin 0,10 ha torpaq sahəsinə tərtib edilmiş JN-1775A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun - X5 adı hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən dəyişilərək X16 adı kimi qeyd olunduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinə 07 mart 2018 ci il tarixdə çıxarış şerilmiş sə həmin çıxarışda da mülkiyyətçi kimi X18 ilə birgə X16 göstərilmişdir. Qanunsuz düzəliş əsasında ona məxsus torpaq sahəsinin (həmin torpaq sahəsinə mülkiyyət hüququnun) başqa şəxsə verilməsi onun həm beynəlxalq konvensiyalarla, həm də milli qanunvericiliklə təsbit olunmuş mülkiyyət hüququnun kobud pozuntusudur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Birincisi, cavabdehin apardığı düzəlişi heç bir halda "texniki səhvin düzəlişi” hesab etmək olmaz. Çünki cavabdeh hansısa hərf və ya sözlə bağlı düzəliş etməyib, o. şəhadətnamədə göstərilən hüquq sahibinin adını tam şəkildə dəyişib. İkincisi, hətta həmin səlis texniki xarakter daşısaydı belə, qanunun tələbinə görə, belə düzəliş məhkəmənin qərarı əsasında aparıİmaİıydı. Bundan əlavə, qeyd olunan qanunun müvafiq maddəsinə (maddə 16.1) əsasən, hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Ona heç bir bildiriş verilməmişdir və bu səbəbdən də qanunsuz düzəlişə etiraz etmək imanından məhrum olmuşdur. Cəlilabad rayon məhkəməsinin 02 aprel 2007-ci il tarixli. 2- 612.2007 saylı qətnaməsi ilə ünvan 1 saylı ev və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsi onunla, yəni X11 ilə X18 arasında real olaraq bölünməklə mülkiyyətinə verilmişdir. Bundan sonra Cəlilabad rayon məhkəməsinin 02 aprel 2007-ci il tarixli, 2-612.2007 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cəlilabad rayon İcra Şöbəsinin 12 fevral 2008-ci il tarixli "İcraata başlama haqqında" qərarı ilə iş üzrə icraata başlanılmış, qətnamə icra şöbəsi tərəfindən icra olunaraq icra məmurları tərəfindən 29 mart 2008-ci il tarixli akt tərtib edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsinə münasibətdə onun mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən kifayət qədər qanuni əsaslar mövcuddur. Pozulmuş hüquqlarının bərpası məqsədilə Cəlilabad rayon Məhkəməsində cavabdehlər X13, X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Cəlilabad Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(073)-1437/2019 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmi qətnamədən iddiaçı X11 və nümayəndəsi İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apelyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(073)-1437/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, JN-1775 A saylı, KOD 80601004 nömrəli, 27 iyun 2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin cavabdeh X12 münasibətdə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən cavabdehlər X18 və X2 adına verilmiş Seriya RX, ******* nömrəli "Çıxarış"ın ləğv edilməsi barədə 12 noyabr 2020-ci il tarixli, 2(106)-2138/2020 saylı qətnamə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli. 2(106)-2138/2020 saylı qətnaməsindən cavabdehlər X18 X2 vəkili X14 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası işin inzibati məhkəməyə aidiyyatını əsas gətirərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə 17 may 2021ci il tarixli Qərar qəbul etmişdir. Qeyd olunanların nəzərə alınaraq, 26 may 2021-ci il tarixli, **********22 saylı imtina məktubunun əsassız hesab edilməsi və torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli. JN-1775 A (kod ********) saylı şəhadətnamədə aparılmış qanunsuz düzəlişin, həmin düzəliş əsasında verilmiş 07 mart 2018 ci il tarixli Çıxarışın ləğv edilməsi və Cəlilabad rayon məhkəməsinin 02 aprel 2007-ci il tarixli, 2- 612.2007 saylı qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X6, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər X16 və X18 məhkəmə iclаsınа gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsinin, üçüncü şəxslər X8 və X10 iştirаkı оlmаdаn işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1987-ci il tarixli, İV-JQ №369931 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 ilə X11 xx.xx.1987-ci il tarixdə nigaha daxil olmuş və sonuncu Kərimova soyadını qəbul etmişdir. İş materiallarında olan Cəlilabad rayon Aqrar İslahatı Komissiyasının 31 mart 1999-cu il tarixli, 3 nömrəli protokolundan görünür ki, vahid torpaq fondunun bölüşdürülməsinə və özəlləşən torpaqların mülkiyyətə verilməsinə dair püşkatmanın nəticələri barədə “Bakı” sovxozunun aqrar islahat komissiyalarının qərarı təsdiq edilmiş, həmin təsərrüfat üzrə kompleks yerqurulu layihələrinin və torpaqdan istifadəyə dair dövlət aktlarının hazırlanması qərara alınmışdır. İş materiallarında olan Cəlilabad rayonunun “Bakı” sovxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, xəritədə 1775 nömrə ilə qeyd edilən 0.10 hektar torpaq sahəsi X10 və X7 adı qeyd edilmişdir. İş materiallarında olan JN-1775A, KOD 80601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və torpaq sahəsinin yerləşdiyi yerin sxemindən görünür ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə 0.10 hektar həyətyanı torpaq sahəsi X10 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il qeydiyyat tarixli, seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsi X10 X2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, AN №259598 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsinin plan və ölçü sənədi hazırlanmışdır. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 612.2007 nömrəli qətnaməsindən görünür ki, Cəlilabad şəhəri, H.Aslanov küçəsi, 2-ci döngə 1 saylı ev tərəflər arasında real bölünərək evin plan üzrə 14.4 m2 ölçüdə olan 4 saylı otağı tam, 19.2 m2 ölçüdə olan 3 saylı otağın 12 m2 hissəsi olmaqla cəmi 26.4 m2 yaşayış sahəsi, ümumi sahədən 12.2 m2 ölçüdə olan mətbəx, 5.1 m2 ölçüdə pilləkan tam, 27.5 m2 ölçüdə olan bağlı eyvanın 5.1 m2 sahəsi olmaqla cəmi ümumi 22.4 m2 sahəsi X7 arasında real olaraq bölünməklə onların mülkiyyətinə verilməsi, Cəlilabad şəhəri, H.Aslanov küçəsi, 2-ci döngə 1 saylı evin 0.10 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi X7, 0.05 ha hissəsi X10 mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarında olan Əli Bayramlı Apelyasiya Məhkəməsinin 23 yanvar 2008ci il tarixli, 2(106)05/2008 nömrəli qətnaməsindən görünür ki, X7 apelyasiya şikayətinin təmin edilməməsi, Cəlilabad rayon Məhkəməsinin 2-612-2006 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5Q-345/2022 nömrəli məktubundan görünür ki, Əli Bayramlı Apelyasiya Məhkəməsinin 23 yanvar 2008-ci il tarixli, 2(106)05/2008 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və mülki iş xx.xx.2008-ci il tarixdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1437/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X13, X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi qət edilmişdir. Məhkəmə araşdrıması zamanı müəyyən edildi ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə 0.10 hektar həyətyanı torpaq sahəsi X10 və X7 mülkiyyətinə torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ölçülərək onlara təhkim olunmuş və onların adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1775A, KOD 80601004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Lakin cavabdeh inzibati orqan həmin şəhadətnamədə göstərilməyən şəxsə - X8 (üçüncü şəxsin) adına mülkiyyət hüququna dair çıxarış vermişdir. Hazırda iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə əsasında torpaq sahəsi üzərində X8 adına verilmiş mülkiyyət hüququna dair çıxarışın həmin hissədə ləğv edilməsi və həmin hissədə özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il qeydiyyat tarixli, seriya RX ******* nömrəli çıxarış “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə əsasında tərtib edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə isə “Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı və Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. İş materiallarında olan həmin “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, sözügedən torpaq sahəsi X10 və X7 (iddiaçının) mülkiyyətinə verilmişdir. Hazırkı halda, iddiaçı tərəfindən cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçı X7 və onun həyat yoldaşı X10 mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Məhkəmənin qənaətinə görə X8 (üçüncü şəxsin) adının “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi və yaxud X7 (iddaçının) adının həmin şəhadətnamədən çıxarılması rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilməli məsələdir. Başqa sözlə X7 (iddaçının) JN-1775A, KOD 80601004 nömrəli şəhadətnaməyə hüquq sahibi kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Hazırki vaxta kimi həmin qərardan şikayət verilməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və hazırki iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Göründüyü kimi mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən də bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar olunmamışdır. Məhkəmənin qənaətinə görə, iddia olunan şəhadətnamənin ləğv olunduğu və yaxud dəyişdirildiyi halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Məhkəmə fikrini daha dəqiq və konkret ifadə edərək bildirir ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı və Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” ləğv edilmədən və yaxud dəyişiklik olunmadan həmin sənədlər əsasında tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamədə düzəlişlərin edilməsi və həmin düzəlişə uyğun mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi yol verilməzdir və qanunsuzdur. Məhkəmə onu da qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1775A, KOD 80601004 nömrəli şəhadətnamə yuxarıda qeyd edilən hüquq normalarına görə torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsasdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə əsasında X8 (üçüncü şəxsin) adına çıxarışın verilməsində və həmin hissədə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1775A, KOD 80601004 nömrəli şəhadətnamə əsasında X8 (üçüncü şəxsin) adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və iddiaçının “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X15 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə əsasında X8 (üçüncü şəxsin) adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməli, çıxarış həmin hissədə ləğv edilməli və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1775A, KOD 80601004 nömrəli şəhadətnamə əsasında iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 iddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş RX1243069 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış X9 aid hissədə ləğv edilsin və həmin hissədə “Torpağın mülkiyyətə verilməsinə dair JN-1775A kod 80601004 saylı şəhadətnamə əsasında X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar