Məhkəmə qərarları › İş №2-1(120)-148/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-148/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-148/2023 15.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1995-xx.xx.2003-cü il tarixdə Kürdəmir Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Kürdəmir rayonu, Qarasu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 14 sentyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında ərizə verərək tələbinə “xx.xx.1995-xx.xx.2003-cü il tarixdə Kürdəmir Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildən xx.xx.1973-cü il tarixə kimi Kürdəmir 15 nömrəli Mollakənd texniki peşə məktəbində təhsil almış, həmin məktəbi 3-cü dərəcəli traktorçu-maşinist sənəti üzrə bitirmişdir. Texniki peşə məktəbini bitirəndən sonra 1974-cü ildə Kürdəmir rayonunun keçmiş “Sabir” kolxozunda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamış, xx.xx.1974-cü il tarixə kimi həmin kolxozda kolxozçu kimi işləmişdir. xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixə kimi keçmiş sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonundakı PMK-18 nömrəli Tikinti İdarəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1982-ci il tarixə kimi həmin Tikinti İdarəsində işləmişdir. Sonradan PMK-18 nömrəli Tikinti İdarəsinin ləğv olunduğuna görə Kürdəmir Tikinti Quraşdırma İdarəsində keçmiş və xx.xx.2003-cü il tarixə kimi həmin idarədə işləmişdir. 2021-ci ildə yaşa görə əmək pensiyasına çıxmaq üçün “Asan xidmət” mərkəzinə müraciət etmiş, ərizə baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi idarəsinə göndərilmiş və ona məktub göndərilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmadığı bildirilmişdir. Keçmiş “Sabir” kolxozunda, PMK-18 nömrəli və Kürdəmir Tikinti Quraşdırma İdarəsindəişləməyi ilə bağlı arxiv arayışını və əmək kitabçasını təqdim etsə də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.1995-xx.xx.2003-cü il tarixdə Kürdəmir Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, Kürdəmir rayon Qarasu kənd sakini xx.xx.1956-cı il təvəllüdlü X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən sığortaolunanm xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olacağı təqdirdə sığortaolunanlara avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildiririk ki, həmin dövrdə (xx.xx.2006-xx.xx.2018) iddiaçının pensiya kapitalı yoxdur. Z.Baxşıyevin yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən yaranır. Bu Qanunun tələblərindən göründüyü kimi vətəndaşın 25 il sığorta stajı və ya 28800 (min əmək pensiyası 200*144=28800) pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiya hüququ yaranır. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsini , əmək kitabçasının, hərbi biletinin, diplomunun surətlərini və Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş Kürdəmir rayon keçmiş “Sabir” adına kolxozda işləməsi barədə arayış təqdim etmişdir. iddiaçı X2 arxiv arayışında göstərilən il (1974) əmək kitabçasında qeyd olunmamışdır. Vətəndaşa verilən arxiv arayışında 1974 ildə min adam günü norması 180 gün göstərilmişdir. Həmin min adam günləri norması nəzərə alınaraq sosial sığorta staj hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalan»nm 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı X2 xx.xx.1972- xx.xx.1973 -ci illər təhsil dövrü ( 11 ay 27 gün ), xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət dövrü (2 il 2 gün), 1974 -cü il tarixdə “Sabir” adına kolxozda işlədiyi dövr (11 ay- xx.xx.1974-cü il tarixdə hərbi xidmətə gedib) və əmək kitabçasında qeyd olunan xx.xx.1977-xx.xx.2003-ci tarixlərdə (25 il 2 ay 28 gün) işləməsini nəzərə alsaq xx.xx.2005-ci il tarixədək ümumilikdə 29 il 1 ay 27 gün sığorta stajı hesablanmışdır. Vətəndaşam bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkün deyildir. Vətədaşın əmək kitabçasında qeyd olunan xx.xx.1995-xx.xx.2003-ci illər ( 7 il 6 ay 13 gün) mübahisəlidir. Belə ki, iddiaçı X2 xx.xx.1995-ci il tarixdən xx.xx.2003-ci il tarixədək Kürdəmir rayon “Tikinti Quraşdırma” ATSC-də işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nm 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, Kürdəmir rayon “Tikinti Quraşdırma” ATSC- nin hal-hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsada ümumi əmək stajına daxil edilməmişdir. Həmin illəri nəzərə almadıqda ( xx.xx.1995xx.xx.2003) iddiaçıya 21 il 7 ay 14 gün sosial sığorta stajı hesablanır. Bu Qanunun tələblərinə uyğun olaraq 21 il 7 ay 14 gün stajla vətəndaşa yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində göstərilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasında əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində göstərilənlər üzrə izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında etiraza uyğun izahat verərək İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və xx.xx.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Kürdəmir rayonunun Qarasu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli, 0924 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, Baxşiyev X3 Mollakənd texniki peşə məktəbini 3-cü dərəcəli traktorçu-maşınist sənəti üzrə bitirmişdir. İşdə olan xx.xx.1974-cü il tarixli, H3 ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1980-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1995-xx.xx.2003-cü il tarixdə Kürdəmir Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, Kürdəmir “Tikinti Quraşdırma” (əvvəlki adı Kürdəmir Tikinti Quraşdırma İdarəsi) xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək rüblər üzrə hesabat təqdim etmişdir. İşdə olan Kürdəmir Tikinti Quraşdırma ATSC-nin məhkəməyə ünvanladığı sorğu cavabına əsasən Kürdəmir Tikinti Quraşdırma ATSC-nin 2008-ci ildən sonra sifarişçisi olmadığından fəaliyyətinin olmadığı, cəmiyyətin inzibati binasında məcburi köçkünlər yaşadığı üçün səhlənkarlıq ucbatından bütün sənədlərin məcburi köçkünlər tərəfindən cırılıb-dağıdıldığından, yandırıldığından, inventarların isə yararsız vəziyyətə salındığından İddiaçı işləməsini təsdiq edəcək hər hansı sənədinin təqdim edilməsinin mümkün olmadığı, lakin iddiaçının həqiqətəndə uzun müddət Kürdəmir Tikinti Quraşdırma ATSC-də traktorçu, skreperçi, buldozerçi işlədiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktubundan görünür ki, keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 226 nömrəli sərəncamı ilə keçmiş “Azərsutikinti” Dövlət Konserninin “Şirvansutikinti” trestinin tabeliyində olmuş Kürdəmir Tikinti-Quraşdırma İdarəsinin bazasında "xxxx" ASC təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2007-ci il tarixdə başa çatmışdır. "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Kürdəmir Tikinti-Quraşdırma İdarəsi olan işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli etirazında qeyd edilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fondun 12 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.1995-ci il tarixdən 11,03.2003-cü il tarixədək Kürdəmir “Tikinti Quraşdırma” idarəsində işləməyi əmək kitabçasında qeyd olunsa da, həmin idarənin şəxsi heyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri və digər sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanıldığı hüquqi ünvan məlum olmadığı üçün qarşılıqlı üzləşdirmək, həmin idarədə sosial sığorta stajını müəyyənləşdirmək olmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat) 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. iddiaçının mübahisəli olmayan sığorta stajı keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olduğu xx.xx.1974-xx.xx.1976, təhsil aldığı xx.xx.1972xx.xx.1973, işlədiyi xx.xx.1977-xx.xx.1995-ci illərdir ki, bu da ümumilikdə 21 il 7 ay 14 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1995-xx.xx.2003-cü illərdə Kürdəmir “Tikinti Quraşdırma” idarəsində işlədiyi dövrlərdir ki, bu da ümumilikdə 7 il 06 ay, 13 gün təşkil edir. Belə ki, Kürdəmir rayon Dövlət Arxivinə sorğu verilmiş, lakin xx.xx.1995xx.xx.2003-cü illərdə Kürdəmir “Tikinti Quraşdırma” idarəsinə məxsus əmək haqqı cədvəllərinin arxivə təhvil verildiyi aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, sentyabr ayında işə qəbulolma əmrinin 02 saylı olması, Kürdəmir “Tikinti Quraşdırma” idarəsinin fəaliyyəti barədə əsaslı şübhələr doğurur. Hazırki şərtlər daxilində iddiaçının iddia etdiyi əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir, müraciətə verilən imtina cavabı qanuni və əsaslıdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********587200 nömrəli məktubundan görünür ki, Kürdəmir Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyəti xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Kürdəmir Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş “Azərsutikinti” Dövlət Konserninin “Şirvansutikinti” trestinin tabeliyində olmuş Kürdəmir Tikinti-Quraşdırma İdarəsinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. PMK-18 nömrəli Tikinti İdarəsi 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən iddiaçının hərbi xidmətdə olduğu xx.xx.1974-xx.xx.1976-cı illər, təhsil aldığı xx.xx.1972-xx.xx.1973-cü illər, işlədiyi xx.xx.1977-xx.xx.1995-ci illər əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 21 il 7 ay 14 gün mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə Kürdəmir “Tikinti Quraşdırma” idarəsində işlədiyi dövrün əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi; - həmin illər üzrə sentyabr ayında işə qəbulolma əmrinin 02 saylı olması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər üç əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.2003-cü il tarixədək müxtəlif müəssisələrdə çalışmışdır. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə Kürdəmir “Tikinti Quraşdırma” idarəsində işlədiyi dövrün əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyini və sentyabr ayında işə qəbul olunma əmrinin 02 olmasının şübhəli olmasını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi xx.xx.1995-xx.xx.2003-cü illərdə Kürdəmir “Tikinti Quraşdırma” idarəsi ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, Kürdəmir “Tikinti Quraşdırma” (əvvəlki adı Kürdəmir Tikinti Quraşdırma İdarəsi) xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək rüblər üzrə hesabat təqdim etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktubundan görünür ki, keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 226 nömrəli sərəncamı ilə keçmiş “Azərsutikinti” Dövlət Konserninin “Şirvansutikinti” trestinin tabeliyində olmuş Kürdəmir Tikinti-Quraşdırma İdarəsinin bazasında "xxxx" ASC təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2007-ci il tarixdə başa çatmışdır. "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Kürdəmir Tikinti-Quraşdırma İdarəsi olan işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********587200 nömrəli məktubundan görünür ki, Kürdəmir Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyəti xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Kürdəmir Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş “Azərsutikinti” Dövlət Konserninin “Şirvansutikinti” trestinin tabeliyində olmuş Kürdəmir Tikinti-Quraşdırma İdarəsinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. PMK-18 nömrəli Tikinti İdarəsi 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. - Kürdəmir Tikinti Quraşdırma ATSC-nin məhkəməyə ünvanladığı sorğu cavabına əsasən Kürdəmir Tikinti Quraşdırma ATSC-nin 2008-ci ildən sonra sifarişçisi olmadığından fəaliyyətinin olmadığı, cəmiyyətin inzibati binasında məcburi köçkünlər yaşadığı üçün səhlənkarlıq ucbatından bütün sənədlərin məcburi köçkünlər tərəfindən cırılıbdağıdıldığından, yandırıldığından, inventarların isə yararsız vəziyyətə salındığından İddiaçı işləməsini təsdiq edəcək hər hansı sənədinin təqdim edilməsinin mümkün olmadığı, lakin iddiaçının həqiqətəndə uzun müddət Kürdəmir Tikinti Quraşdırma ATSC-də traktorçu, skreperçi, buldozerçi işlədiyi müəyyən edilmişdir. - İddiaçının ərizəsinə əsasən onunla birlikdə işləyən X6 və X7 pensiya işləri inzibati orqandan sorğu əsasında yələb edilmiş, həmin pensiya işlərinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qasım Qasımov xx.xx.1995-ci ildə 04 nömrəli əmrlə işə qəbul olunmuş və həmin idarədə işlədiyi dövr iş stajına əlavə edilmişdir. Digər şəxs Nəriman Tağıyev isə xx.xx.1995-ci ildə qeyd edilən idarəyə 05 nömrəli əmrlə işə qəbul edilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi Kürdəmir Tikinti-Quraşdırma İdarəsində işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Şübhəli hal kimi qəbul edilən sentyabr ayında 02 nömrə ilə işə qəbul olan hissədir ki, həmin halla bağlı məhkəmə bir daha vurğulayır ki, idarə tərəfindən yalnız iddiaçı deyil işə həmin tarixdə qəbul edilən digər şəxslərin də əmr nömrələri 04 və 05 kimi qeyd edilmişdir və həmin şəxslərə pensiya təyin edilən zaman qeyd edilən dövrlər iş stajına əlavə edilmişdir. Əlavə olaraq əmək kitabçasının əslinə tərəflərinin iştirakı ilə baxış keçirilmiş və şübhə doğuran hallar aşkar edilməəmişdir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə Kürdəmir “Tikinti Quraşdırma” idarəsində işlədiyi illəri (07 il 06 ay 13 gün) onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 01 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1995-xx.xx.2003-cü il tarixdə Kürdəmir Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar